Cəmiyyət

Həmşəri pasportu

25 Mart 2015 23:45
0 Şərh     Baxış: 4 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən Əbdürrəhim bəy Haqverdiyevin "Həmşəri pasportu" hekayəsini təqdim edir. 

Rusiyanın şimal yerlərinin payız aylarını hər kəs bir dəfə görmüş olsa, belə güman edirəm ikinci payız fəslində məcbur olmasa, o yerlərə getməz.

Başına gələn başmaqçı olar.

Rusiya payızından nə çəkmişəm, onu mən bilirəm.

Odur ki, əgər sentyabr ayında, ya oktyabrda mənim papağımı başımdan alıb Şimali Rusiyaya atalar, dalınca getmərəm.

Bəlkə qorodovoy qabağına qatıb aparalar. Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır.

Ta bir göz açıb iş görməyə macal vermir. Bir də görürsən, gözəl gün çıxıb, göyün üzündə bir damcı bulud yox, tez sevinmiş durub havaya çıxırsan. Bir saatdan sonra bilmirsən yağış adamın başına haradan tökülür.

Paltosuz, qaloşsuz, islanmış qayıdırsan evə. Əgər zatəlcənb (sətəlcəm-red.) də tutmasa, yəqin ki, bir zökəm tutacaqsan. Yainki yağış yağan vaxt çox vacib işin olur.

Labüdd qalıb, durub paltodan, qaloşdan geyib çıxırsan küçəyə. Bir də görürsən yarım saatdan sonra yağış kəsdi, bulud dağıldı, bir isti gün çıxdı.

Paltonun, qaloşun hər biri beş pud olur. Gərək bir hambal tapıb verəsən yanınca götürsün.

Belə günlərin birində papağımı gözümün üstünə basmış, paltonun boynunu qovzamış, sürətlə gedirdim. Bir də gördüm səs gəlir:

- Oğlan, saqqala niyə salam vermirsən?

Tez geri dönüb, gördüm mənim Dəccalabad rəfiqlərimdəndir. Bir rezin bürünük bürünüb, bürünüyün torbasını da başına geyib. Soyuqdan yanaqları qızarıb. Burnundan su axır.

- Bah, salaməleyküm!

- Ay əleykəssalam!

- A kişi, sən nə əcəb gəlib buraya çıxmısan, xeyirdinmi?

- Lənət şərə, xeyir olmamış nə var! Özün bilirsən ki, ilin bu vaxtında işsiz adam gəlib buraya çıxmaz.

- Bəs sən nə iş görürsən?

- İş də görmürəm, işsiz də deyiləm; qəza məni dolaşdırıb salıb buraya, bir neçə gündən sonra qaçacağam gözəlcə Dəccalabada.

- Necə qəza dolaşdırıb?

- İş uzundur, gəl mənzilə söhbət edək!

- Harada düşmüsən?

- "Qryaznaya nomera"da.

- Axşam saat səkkizdə mənzildə ol, gələrəm.

- Gözlüyürəm.

- Xudahafiz!

- Xudanasir!

Axşam saat səkkizdə, gecə paltomun boynunu yuxarı qovzayıb, papağımı gözlərimin üstünə basıb birbaş "Qryaznaya nomera"ya rəvan oldum.

Qapıçıdan soruşdum: "Filanks mənzilindədirmi?" Dedi: "Buyurun, mənzildədir!" Və cavab vermədən qabaq ikiqat baş əyib, iki barmağı ilə boynunun ardını qaşıdı. Boyun ardı qaşımaq Rusiyada bir zəbani-haldır.

Bunun mənası budur ki, "buraya gəlib-gedəndə kasıbkusubu unutma!"

Çıxdım yuxarı. Dörd otaq keçib yeddinci otağın qapısını döydüm. Dostum fövrən qapını açıb dedi:

- Buyur, a kişi! Sən xalis nemsə imişsən.

Dedim:

- Necə nemsə?

Dedi:

- Nemsələr bir camaatdırlar ki, öz işlərində həmişə dəqiq olarlar və verdikləri sözə də, öz vaxtından bir dəqiqə keçməyib əməl edərlər. Biz dəccəlabadlılar, bir aya pul borc alıb bir il bir aydan sonra veririk. Müsəlman qardaşa saat səkkizə müntəzir olarsan, üç gün sonra gələr.

Amma sən saat səkkizin dəqiqəsini ötürməmisən.

Dedim:

- Səhv etmə, mən də sən deyən müsəlman qardaşdanam, amma yerin xasiyyəti məni dəyişdirib.

Bir az gülüşdük, sonra rəfiqim məni samavara tərəf çəkib dedi:

- Soyuxdan gəlmisən, hələ gəl bir az çay içək, qarnın qızışsın.

Əyləşdik stolun yanında, buxarı asimana bülənd olan samavarın qulluğunda. Rusiyanı görməyənlərə bunu ərz etməliyəm ki, Rusiya

nömrələrində həşəratül-ərzdən hər nə istəsən tapılar: birə, taxtabiti, siçan, tarakan deyilən bir növ dozanqurdu ki, adına bizim kəndlərdə "qara fatma" deyirlər. Bu bir heyvandır; boyu gödək, amma Ali-Qacar bığlarına bənzər uzun bığları olur.

Bunlardan əlavə, rütubət qoxusu nömrələrin zinətidir.

Bununla bahəm, Rusiya nömrələrinin samavarına söz ola bilməz. Bir qətrə suyu qalınca qaynardan düşmürlər. Bəli, adama bir stəkan çay içəndən sonra rəfiqim ikinci stəkanı töküb dedi:

- Qardaş, mən başıma gələn əhvalatlardan nəğl edim, dürüst qulaq ver.

Amma bu söhbəti bir yerdə açıb danışmayasan.

Dedim:

- Filani, bu nə sözdür? Məgər məni tanımırsan? Allaha şükür ki, otuz ildən artıqdır bizim rəfaqətimiz var. Məgər bizim aramızda olan keyfiyyəti bir yerdə mən danışmışam?

Dedi:

- Xeyr, genə tövsiyə edirəm.

Mən söz verdim ki, bir kəsə deməyim və sözümün üstünə indi də möhkəm durmuşam. Rəfiqimdən eşitdiyimi qiyamətədək bir zinəfsə demərəm, yazmağa baxmayın. Yazmaq başqa, danışmaq başqa.

Yoldaşım dedi:

- Di, İndi qulaq as!

Mən çaydan İki qurtum alıb dedim:

- Buyur!

Yoldaşım başladı:

- Mənim, özün bilirsən, Dəccalabadda İki oğlum var, İki qızım. Bir gün zənnlə baxıb gördüm oğlanlarım da böyüyüblər, qızlarım da. Gərək oğlanları evləndirəm, qızları da ərə verəm. Amma cibimdə təzə ay çıxanda üzünə baxmağa bir gümüş pul yox. Uşaqların fikri məni aldı.

Neçə gün divanə kimi gəzdim. Bir gün dolana-dolana gedib çıxdım haman sən gördüyün "İnsafiyyə" mehmanxanasına. Yadındadırmı, bir dəfə oturub, söhbət etdiyimiz yerdə, kürsü altında dağıldı. Yıxıldın, böyrün əzildi, neçə gün ondan axsadın?

- Çox yaxşı yadımdadır, hələ burası da yadımdadır ki, kürsünün pulunu da məndən aldılar.

- Bəli, getdim "İnsafiyyə" mehmanxanasına. Oturub mehmanxana sahibi ilə söhbət edirdik. Bu halda beş-altı nəfər iranlı daxil oldular, nömrə istədilər.

Bunların altısına bir nömrə verib, hamısından başburt istədilər. Müsafirlər başburtlarını bir-bir çıxartdılar, verdilər. Bir nəfəri də başburtu kontorçuya uzadıb dedi: "Sən Allah, yaxşı yerə qoy itməsin, özgənindir". İranlılar getdilər mənzillərinə. Mən kantorçudan xəbər aldım ki, məgər özgə başburtu ilə də gəzmək olar?

Dedi:

"İranda olar. Bu kişinin işi yəqin təcilə düşüb, yoldaşının başburtunu götürüb, gəlib. Yoldaşı da bir yerə getmək istəsə gedib bir neçə manat verib, bir ayrı başburt alıb, onunla hara lazımdır, yola düşəcək. Nə dəftərə baxmaq var, nə haralı

olduğunun təhqiqi var; pul ki, verdin, yazıb verirlər".

Soruşdum:

- Bəlkə mən getdim başburt istədim, verərlər?

Dedi:

- Dur gedək sənə bir gündə həştad həmşəri başburtu alım.

Bir az da söhbət etdik. Durdum, evə tərəf yola düşdüm.

Kontorçunun söhbəti məni tutdu. Gəldim evə. Nə qayda ilə çay içə bildim, nə şam yeyə bildim. Gecə də sübhədək gözümə yuxu getmədi.

Yorğanın altında o tərəfimdən bu tərəfimə dönüb, fikir edirdim ki, kontorçunun köməyi ilə əlimə beş-on dənə həmşəri başburtu sala bilsəm, işim işdir.

Sübh tezdən durub, bir stəkan çay içib, birbaş getdim "İnsafiyyə" mehmanxanasına. Gördüm kontorçu öz yerində əyləşib, çotka çəkir.

- Salaməleyküm!

- Əleykəssalam!

Dedim:

- Əzizim, gəlmişəm, zəhmət çək mənim üçün bir neçə ədəd başburt düzəlt.

Dedi:

- Baş üstə, axşam buraya zəhmət çəkərsən, cavab verərəm.

Axşam genə getdim mehmanxanaya. Kontorçu cavab verdi ki, lazım olan adamlarla danışıb; hər başburta on manat pul istəyirlər.

Mən tez yüz manat çıxarıb verdim. Təvəqqe etdim ki, mənim üçün on ədəd başburt alsın.

İki gündən sonra, hər biri bir adamın adına yazılmış on dənə başburt qoltuq cibimdə hazır idi.

Evə gəlib, oğlanlarıma xəbər etdim ki, mənim bir-iki aylıq Rusiyaya səfərim var və tapşırdım ki, evdən, eşikdən muğayat olsunlar.

Xülasə, evi böyük oğluma tapşırıb mindim paraxoda. Birbaş getdim Hacıtərxana, düşdüm mehmanxanaya.

Sübh getdim keşişin qulluğuna. Söylədim ki, mən İran əhliyəm, gəlmişəm qulluğunuza k, mən pravoslavni məzhəbinə döndərəsiniz.

Keşiş çox məmnuniyyətlə mənim əlimi sıxıb, alnımdan öpdü və mənim dönməyim üçün gün təyin etdi.

Müəyyən gün kilsəyə gedib, gördüm qapıyadək adam cəm olub.

Məndən başburt istədilər. O saat təqdim etdim.

- Mamağanlı Dursunəli Ballıbadı oğlu.

Böyük bir cəlalla məni döndərib pravoslavnı elədilər. Hər tərəfdən camaat başıma pul yağdırdı.

Evə gəlib gördüm iki yüz manatdan artıq pul cəm olub. Sabahı günü Hacıtərxandan yola düşdüm Sarısinə tərəf.

Orada da ikinci başburtu keşişə təqdim etdim?

- Mərəndli Səbzəli Sultanəli oğlu.

Orada da, həmçinin, çox pul yığdım. Sarısindən Xarkova, oradan Kiyevə (Kiyevdə hər yerdən çox pul yığıldı). Beləliklə, şəhərləri gəzib, gəldim çıxdım buraya. İndi cibimdə iki dənə başburt qalıb. İkicə dəfə də dönsəm, işim düzələr.

Gecə yarı idi, durub "xudahafiz" edib çıxdım. Güclü yağış yağırdı.

Bir fayton tutub gəldim evə.

Rəfiqimlə neçə gün görüşə bilmədim. Sonra getdim, eşitdim ki, çıxıb gedib Qafqaza. Neçə il ondan sonra onun harada olduğunu bilmədim.

Bir dəfə Tiflisdə ikən küçədə qabağıma çıxdı.

- Salaməleyküm, rəfiq, işlər necədir?

- Necə olacaq. Oğlanlarımı da evləndirmişəm, qızlarımı da ərə vermişəm.

Özüm də papağımı əyri qoyub padşah kimi gəzirəm! - dedi.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.