Cəmiyyət

Polietilen torbaları həsir torbalarla əvəz edə bilərik - Əziyyəti çox, qiyməti isə ucuz - VİDEO - FOTO

17 Fevral 2023 14:34
Baxış: 1 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həsirçilik sənəti Azərbaycanda qədim tarixə malikdir. Cənub bölgəsi olan Masallı, Lənkəran və Astara rayonlarında indinin özündə də bu qədim xalq sənətini yaşadanlar var. Bölgədə hazırda elə ailələr var ki, gündəlik qazancını həsir toxumaqla çıxarır. 30 ildən çoxdur həsirçiliklə məşğul olan Lənkəran sakini Mirnaz Paşayeva kimi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həsir hələ qədimdən rütubətdən qorunmaq üçün ən yaxşı vasitələrdən biri hesab olunub. İnsanlar döşəməyə həsir sərməklə evlərdə rütubətin qarşısını alırlar. Buna görə də cənub bölgəsində həsirə tələbat böyükdür. Çünki bu bölgənin iqlimi rütubətlidir. Dədə-babalarımız həsirdən sərinkeş, soyuducu kimi, çəltik qurutmaq üçün də istifadə ediblər.

Lənkəranın Zövlə kənd sakini Mirnaz Paşayeva demək olar ki, hər gün həsirdən nə isə hazırlayır. Deyir ki, bu peşəni uşaq olanda anasından öyrənib. Deyir ki, həsir toxumaq üçün yaz-yay fəslində qamış toplanılır və iki həftə ərzində qurudulur. Bir həsir naxışından, çeşnisindən, uzunluq və enindən asılı olaraq 3-5 günə hazırlanır.

Qamışdan təkcə həsir deyil, eyni zamanda, müxtəlif növ zənbillər, tərəzilər, çantalar, papaqlar və digər əşyalar düzəldilir.

Lənkəran şəhər Mədəniyyət Mərkəzinin Zövlə kənd Sənətkarlıq evində gənclər bu sənəti böyük həvəslə öyrənirlər. Sənətkarlıq evinin rəhbəri Allahyar Əskərov bildirir ki, gənclər bu sənətin sirlərini öyrənməyə çox həvəslidirlər: "Həsirçilik həmişə bizdə ən gözəl sənət hesab olunub, bizim zonada geniş yayılıb. Bizdə rütubətə görə xalçalar da var. Amma daha çox həsirçiliyə üstünlük verirlər. Dərnək də yaratmışıq. Bura müraciət edənlərlə həftədə iki dəfə olmaqla, 2 saat məşğul oluruq. Gələnlər daha çox gənclərdir".

Əziyyətlə başa gələn həsirlərin qiymətləri elə də baha deyil. Məsələn, kiçik səbətlər 2 manata satılır. Böyük səbətləri isə 5 manata almaq mümkündür. Xüsusilə polietilen torbaları həsir zənbillərlə əvəzləyə bilərik. Bu zənbilləri həm uzun müddət istifadə etmək olur, həm də ekoloji cəhətdən təmizdir. Polietilen torbaların pulla satılmasından sonra bu zənbillərə tələbatın artacağı gözlənilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.