Şou-biznes

"Qazancım maşın sürməyə imkan vermir" - Xalq artistinin sadə həyat tərzi keçirən yeganə övladı - MÜSAHİBƏ

16 Oktyabr 2019 09:19
7 Şərh     Baxış: 20 925

Müsahib Xalq artisti Eyyub Yaqubovun oğlu Zakir Yaqubovdur.

Milli.Az modern.az-a istinadən onunla söhbəti təqdim edir:

- Atanız Eyyub Yaqubovu necə xarakterizə edərdiniz?

- Gözümü açdığım ilk günlərdən atamı çox şən, gülərüz və xeyirxah biri kimi tanıyıram.  Mən uşaqkən səhər tezdən yuxudan duranda atam yatırdı. O yuxudan duraranda isə mən məktəbdə olurdum. Məktəbdən qayıtdıqda görürdüm ki, atam  evdə yoxdur. Çox vaxtlar atam toylarda olurdu və işi axşamlar başlayırdı. Artıq  böyüdükdən sonra isə mən evdə az-az tapılmağa başladım. Zamanla həm atamın, həm də mənim həyatımda müəyyən dəyişikliklər baş verdi. Atam namaz qılmağa başladı və bu günə kimi namaz qılmaqdadır. İnamı və ibadəti atama işlərində çox böyük köməklik göstərdi. Əvvəllər toylarda çox yorulurdu, həmçinin bu yorğunluq da zamanla aradan qalxdı.

- Eyyub Yaqubovun mahnılarının öz dinləyiciləri var. Bəs siz onun hansı mahnılarını xoşlayırsız?

- Atamın daha çox şanson mahnılarını xoşlayıram. Onun çox gözəl musiqi zövqü və ifaları var, lakin bu mahnılar nədənsə mənə daha doğmadır. Çünkü mən bu mahnılarla böyümüşəm. Ən çox sevdiyim mahnısı isə "Dostum" mahnısıdır. Bu mahnıda çox maraqlı keçidlər və musiqi xətti  var. Düşünürəm ki, mahnının içində muğama keçid çox gözəl alınıb. Mahnıda muğamla caz sintez olunub, bəstə qürbətdə yaşayan azərbaycanlılara həsr olunub. Mən özüm də qürbətdə yaşadığım zaman bu mahnını tez-tez dinləyirdim. Bu mahnını dinlədikdə həmişə çox kədərlənirəm.

- Siz sırf Bakı mühitində boya-başa çatmısınız. Atanızın Bakıya olan sevgisi zamanla onun ifalarına da hopub. Hətta kliplərinin bir çoxu da Bakı küçələrində çəkilib. Bu barədə bizlərə özəl olaraq nə deyə bilərsiniz?

- Atam həqiqətən Bakını çox sevir. Lakin Bakı artıq əvvəlki Bakı deyil. Həm görkəmi dəyişib, həm də  əvvəlki  isti mühiti tapmaq çox çətindir. Ona görə də atamın mahnılarında nostalji və kədər var. Atam hər həftə o mühiti yaratmaq üçün dostlarını Mərdəkandakı evimizə dəvət edir. Onları müşahidə etdiyim zaman o mühit və səmimi söhbət mənim üçün də həqiqətən çox maraqlı görünür. Mən bu ortamda bir daha əmin oluram ki, atam Bakıdan başqa heç bir yerdə yaşaya bilməz. O da bunu qətiyyən istəməz. Biz uşaq olan zaman anam Türkiyədə yaşamaq istərdi, lakin Bakıya olan sevgisindən dolayı atam buna razı olmurdu.

- Valideynlərdən söz düşmüşkən, hazırda onların münasibətləri necədir? Bir zaman bəzi şayiələr yayılmışdı ki, Eyyub bəyin həyat yoldaşı və oğlu ayrı yaşayır. Bu barədə ən dəqiq fikirləri isə məhz sizdən öyrənmək istərdik.

- Atam heç zaman şəxsi həyatı ilə gündəmə gəlmək istəməyib və buna ehtiyacı da yoxdur. Çünki atam həmişə sənəti ilə gündəmdə olub. Münasibətlərə gəlincə isə atam və anamın həmişə çox yaxşı münasibətləri olub. Kiçik anlaşılmazlıqlar bütün ailələrdə olur, amma bu hal bizdə əsla aşırı dərəcədə olmayıb. Anam atamın həyatda ən yaxın dostudur. Anam atamın yanında olmasaydı, düşünürəm ki, atam bugünkü qədər uğurlu bir insan olmazdı. Belə bir deyim var: baş kişidirsə, boyun isə qadındır. Anam bütün hallarda atama dəstəkdir. Atamın həyat yoldaşının ayrılıb başqa ölkədə yaşaması isə əsassız şayiələrdir. Atam və anamın bir-birinə bəslədiyi sevgi və hörməti bizi tanıyan hər kəs təsdiqləyə bilər.

- Eyyub Yaqubovun məşhurlaşdığı zamanları xatırlayırsınız?

- Bu mənim uşaqlıq dövrümə təsadüf edir. Hardasa 1999-2000-ci illərdə atam Zaqulbadakı "Amburan" restoranında çıxış edirmiş. Həmin vaxt qarşısına bir  nəfər çıxır və o, atamdakı istedadı hiss edib, dəstək verir.  O insan atamın "Azəri torpağı" mahnısını xüsusilə bəyənmişdi. Daha sonra klip çəkilişi oldu, atam efirlərə çıxmağa başladı və uğura gedən yolu məhz belə açıldı.

- Bəs o vaxta kimi atanız harada çalışırdı?

- Mərdəkan, Zaqulba və ona yaxın bölgələrdə toylara gedirdi. Lakin müğənni kimi elə də tanınmırdı. Biz özümüz də, o zaman Zaqulbada yaşayırdıq. Maddi durumumuz da aşağı idi.

- Madam ki, söhbətimiz maddi məcraya yönəldi, onda bu sualı vermək yerinə düşər. Həmin vaxtlarda maddi çətinlikləriniz çoxmu olurdu? Eyyub Yaqubov heç zaman efirlərdə bunu dilə gətirməyib...

- Əlbəttə, o zaman maddi çətinliklərimiz həddindən artıq çox olurdu. İndi sizinlə maddiyyatdan danışdıqca, həmin günlərimiz bir-bir gözümün önündə canlanır. O zaman atam Zaqulba tərəflərdə toylara getdiyi üçün hər gün şəhərdən oralara gedib gecə evə qayıtmaq atam üçün çox çətin olurdu. Məcburən orada ev kirayələlədik ki, atam üçün rahat olsun. Həmin vaxtlar rus əsilli Lusya xalanın evinin bir otağında kirayə qalırdıq. Lap kritik çətinliklərimiz olmasa da, müyyən qədər vardı.

- Bəs atanız məşhurlaşandan sonra həyatınızda nə kimi dəyişikliklər baş verdi?

- Maddi vəziyyətimiz yaxşılaşmağa başladı. Mən ailəmin tək övladı olduğum üçün ata-anam  bütün qayğılarımı qarşılamağa çalışırdı. Əgər çoxuşaqlı ailə olsaydıq, mən çətinlikləri daha çox hiss edərdim. Yadımdadır, uşaqkən çox dəcəl olmuşam və anam həmişə gileylənirdi. Təbii ki, atam məşhur olduqdan sonra mənə ayırmağa vaxtı daha çox olurdu. Artıq gedəcəyi toylarda seçimləri məhz atam edirdi. Məcburən hər gün gecə yarısına kimi oxumaq zorunda deyildi.

- Nə üçün atanızın yolu ilə gedərək, müğənni olmadınız? İndi Azərbaycanda incəsənət sahələri arasında ən çox gəlir gətirən məhz ifaçılıqdır...

- Ona görə müğənni olmadım ki, öncəliklə səsim yoxdur. Mənim pianoya və caz musiqisinə çox böyük həvəsim var. 11 illik musiqi məktəbini bitirmişəm. Vaxtilə bir neçə caz və rok bəstələrim də olub, lakin bunları üzə çıxarmamışam. Düşündüm ki, əgər professional ola bilməyəcəmsə, o sahədə boş vaxt itirməyə dəyməz. Zümzümə etməyi də çox sevirəm, lakin bu kütlə üçün deyil.

- Hazırkı işiniz və təhsiliniz haqqında məlumat almaq istərdik..

- Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universititetində "Dram rejissorluğu" fakültəsinin sonuncu kursunda təhsil alıram. Öncə aktyorluğa daxil olsam da, təhsilimi rejissor olmaq üçün davam etdirirəm. Mən uşaqlıqdan aktyorluğa çox həvəsli olmuşam. Bu arzuyla da  2010-cu ildə Mədəniyyət və İncəsənət Univesititetinə daxil oldum.

- 9 ildir Mədəniyyət və İncəsənət Universitetində təhsil alırsınız. Təhsil müddətinin bu qədər uzanmasına nə səbəb oldu?

- Universititet daxilində ixtisasımı dəyişdim. Daha sonra isə Fransaya yollandığım üçün təhsilimdə müəyyən qədər fasilə yarandı. Fərəh Əliyeva universititetə rektor təyin olunduqdan sonra bildirdi ki, geri qayıdıb təhsilimi davam etdirməyəcəyim təqdirdə, ali məktəbdən xaric olunacağam. Mən də məcburən geri qayıdaraq, təhsilimi davam etdirirəm. Bu il sonuncu kursda təhsil alıram.

- Fransada yaşadığınızı söylədiniz. Hansı səbəbdən təhsili yarımçıq qoyub Fransaya getmişdiniz?

- Tanıdığım və inandığım bir insanın dəvətiylə Fransaya getdim. Daha sonra isə iş vizası üçün müraciət etdim və qazandım. İlk işim delfinlərə baxmaq oldu və sonra aşpazlıq etməyə başladım. Atamın bir xasiyyəti mənə də keçib. Mən orada Bakı üçün darıxmağa başladım. Fransa insanları bizim kimi istiqanlı deyillər. Həmçinin, fransız dilini öyrənmək də mənim üçün müəyyən qədər çətin oldu.

- Universititeti bitirdikdən sonra aktyor, yoxsa rejissor olaraq çalışacaqsınız?

- Ən xoşladığım kino rejissoru Tarkovskidir. Onun filmlərini həqiqətən çox sevirəm. Teatr rejissorlarından isə müəllimim Bəhram Osmanovun quruluş verdiyi tamaşaları çox bəyənirəm. O rejissorluğu mənə qısa bir müddət ərzində çox sevdirib. Yaşlandıqda təbii ki, rejissor olaraq çalışacağam.Onu deyim ki, hər iki sahədə ölkəmizdə gəlirlər çox aşağıdır. İndi isə mənim ən böyük arzum aktyor kimi özümü təsdiq etmək və Hollivud filmlərində rol almaqdır.

- Bu gün Azərbaycanda olan aktyorların bir çoxu gəlirlərinin az olmasından şikayətlənirlər. Elə bu səbəbdən də valideynlərin bir çoxu öz övladlarını aktyor peşəsini seçməyə qoymurlar. Bəs  sizin ailəniz sənət seçiminə necə reaksiya verdi?

- Atam Eyyub Yaqubov mənə ixtisas seçimində sərbəstlik verdi və söylədi ki, əsas odur ki, hər şey sənin ürəyincə olsun. Anam isə seçimimə bir az fərqli yanaşdı. O, mənə bildirdi ki, yaxşı olar ki, incəsənətdən əlavə, sənə gəlir gətirəcək başqa bir sənətə də yiyələnəsən. 

İncəsənət zövq üçündür, amma maddi gəlir üçün başqa işlərin də olmalıdır.

- Bir çox məşhur müğənnilərimizin övladları lüks həyat tərzi keçirmələri ilə gündəmə gəlirlər.  Xalq artisti Eyyub Yaqubovun yeganə övladı olaraq, bu gün kifayət qədər sadə həyat tərzi keçirirsiniz. Sadə geyim, ictimai nəqliyyatdan istifadə və s. Bu nə ilə bağlıdır?

- Sadəlik böyüdüyüm mühitdən və ailəmdən irəli gəlib və özüm də sadə həyat tərzi keçirməyə üstünlük verirəm. Atam Eyyub Yaqubov kifayət qədər sadə və səmimi insandır və sağ olsun ki,  mənə də dürüst, vicdanlı və sadə olmağı öyrətdi. Çox şükür evim və yatmağa yerim var. Maşınım var, lakin mən ictimai nəqliyyatdan istifadə edirəm. Çünki Bakıda naşı sürücülər həddindən artıq çoxdur və maşın idarə etməməyimin əsas səbəbi də məhz onlardır.

Atama təşəkkür edirəm ki, mənim üçün bütün imkanları yaradıb, lakin mən öz ayaqlarım üzərində durmağa çalışıram. Maşın sürmək müəyyən qədər xərc tələb edir və mənim şəxsi qazancım hələ ki buna imkan vermir. Arzu edərdim ki, öz işimi və kiçik biznesimi qurum. İnsanın alın təri ilə qazandığı beş manat, atasının və ya başqa birinin ona verdiyi yüz manatdan daha dəyərlidir. Mən də bilirəm ki, bu gün 

Azərbaycanda məşhurların övladları adətən bahalı maşın, telefon və s. ilə gündəmə gəlirlər. Düşünürəm ki dünyəvi həvəs keçicidir. Sadəlik özü də bir gözəllikdir və hər kəs bu gözəlliyə sahib ola bilməz.

- Adətən yeniyetməlik dövründə gənclərin bir çoxunda pis vərdişlər yaranır və zamanla bu pis asılılıqlar keçir. Xüsusilə də ailənin tək övladları bu vərdişlərə aludə olurlar. Bəs sizdə  bu dövr necə keçdi?

- Sualınıza tam səmimi olaraq cavab verməyə çalışacağam.  Məndə də o dövrlərdə müəyyən vərdişlər olurdu. Uzun saçlar, saqqal saxlamaq və s. Mən əsasən dörd dostumla vaxt keçirirdim.  Biz o zaman xüsusi musiqilərə qulaq asır, bəzi fərqli arzularla yaşayırdıq. Hətta Hindistana gedib orada yaşamaq istəyirdik. Bəzən cəmiyyətdən təcrid olunub özümüzə qapanırdıq. Bu da keçici bir gənclik arzuları idi. Amma pis vərdiş halına çevirilən xüsusi bir asılılığlm olmayıb.

- Hazırda tam olaraq harada çalışırsınız? Atanızdan maddi dəstək alırsınızmı?

- Yuxarıda da qeyd etdiyim kimi, hazırda tək yaşayıram və öz ayaqlarım üstündə durmağa çalışıram. Atamdan heç bir maddi dəstək almıram. Lakin bəzi qərarları verməzdən öncə atamla məsləhətləşirəm. Tək yaşadığım üçün bütün ev işlərini özüm görürəm. Dostumun studiyasında çalışıram. Atamın Ləman Əzimovayla olan klipi də orada çəkildi. Klipdə mən də çəkilmişdim. Studiyamızda reklamlar və s. çəkirik. Tam qane etməsə də, müəyyən qədər gəlirlərimiz olur.

- Gələcəklə bağlı planlar nədən ibarətdir?

- Hazırda 27 yaşımdayam. Gələcək üçün ən böyük arzularım öz biznesimi qurmaq və Hollivudda aktyor olaraq çalışmaqdır. Rejissor Martin Skorsezeni görmək də mənim ən böyük arzularımdan biridir. Çox istərdim ki, Hollivud filmlərinin ən azı birində çəkilmək mənə qismət olsun və öz gözlərimlə oradakı çəkiliş prosesini görə bilim. Bu mənim arzularımın ən pik nöqtəsidir.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Ədəbiyyatçı · 16 Oktyabr 09:32290

    Bir çox gənclərə nümunə olacaq dünyagörüşü və tərbiyə. Allah yolunu acıq etsin

    Cavab yaz
  • Anonim
    Ilkin · 16 Oktyabr 09:43210

    Bir çox insanlara nümunə olacaq insan. Var ol :)

    Cavab yaz
  • Anonim
    Ulya · 16 Oktyabr 10:04180

    Eyyub Yaqubovun ifasını çooox bəyənirəm. Əgər oğlu da dediyi kimidirsə, əhsən!

    Cavab yaz
  • Anonim
    Bakili · 16 Oktyabr 11:02190

    Cox yaxci musaibedu.Cox seviyelidu ehsen.

    Cavab yaz
  • Anonim
    Anonimkа · 16 Oktyabr 11:5292

    Can Bakı,heyif senden.Bu gencin yolu açıq olsun,aglı varsa ,gedsin burdan,poka cavandı,bura terbiyeli ,sadeler insanlar üçün deyil.

    Cavab yaz
  • Anonim
    **** · 16 Oktyabr 12:07118

    Bakili olmaqi bilinir. Sadelik ancaq bizdedi)

    Cavab yaz
  • Anonim
    Anonim · 16 Oktyabr 12:5150

    Bu oglan axi Fransada evlenmishdi. Atasi da toy filan etmemishdi, bes arvadi ne oldu, boshandilarmi?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.