Şou-biznes

"Bu sənətə şöhrət, seçilmək üçün gəlmişəm" - Əməkdar artist

27 Mart 2023 09:45
Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Özümü dərk edəndən diqqət mərkəzində olmağı sevmişəm. İnsanlar səni izləyirlər, küçəyə çıxanda hamı səni tanıyır, yaxınlaşırlar. Bu şöhrət yox, diqqət mərkəzində olmaqdır. Bəzi aktyorlar deyirlər ki, "mən bu sənətə sənət üçün gəlmişəm". Xeyr, bu sənətə şöhrət, seçilmək üçün gəlmişəm. Bu mənim şəxsi fikrimdir. Tez-tez məni "Tarqovı" da, metroda, avtobusda, piyada görə bilərsiniz. Öz şəxsi avtomobilimin olmasına baxmayaraq, insanların arasında olmaqdan böyük zövq alıram. Mənim uşağlığım Sumqayıt şəhərində keçib. Məhəlləmizə tez-tez xalq artisti Siyavuş Aslan gəlirdi. Saatlarla gəlib onu izləyirdim. Özümlə də bir neçə uşaq götürüb aparırdım ki, gəlin baxın, aktyordur. Görün necə çay içir, görün stəkanı necə qoydu, görün təsbehi necə götürdü? Onu izləməkdən böyük zövq alırdım"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Elman Rəfiyev deyib.

"1994-cü ildə xalq artisti Bəxtiyar Xanızadə Azərbaycanda Pantomima teatrını yaradanda bizə qəribə baxırdılar. Deyirdilər ki, "bu teatr nəyə lazımdır ki? Lal-kar kimi səhnəyə çıxıb, səssiz oynayırlar. Gedin başqa teatrlar kimi sözlü tamaşa oynayın da". Hətta bir ekspriment etdilər. Lal və kar uşaqları gətirdilər zala, dedilər ki, "buyurun oynayın, görək sizi başa düşürlər yoxsa yox?!". Böyük bir imtahan qarşısında idik. O uşaqların gülüşü, reaksiyası hələ də mənim yaddaşımdadır. Bu sənət o vaxt qəbul olunmadı. Bir müddət keçəndən sonra insanlarda teatra qarşı aclıq başladı, insanlar artıq Pantomima teatrını başa düşməyə başladılar. Demək olar ki, bizim teatrın tamaşaçısı 7-dən 77-yədir. Gələn tamaşaçıların hər birinə uyğun seçilmiş tamaşalar var" deyə Elman Rəfiyev bildirib.

Elman Rəfiyev illər öncə çəkildiyi "Qala" filminin kadrarxası məqamlarından da danışıb.

"Rejissor Şamil Nəcəfzadə mənə senarini təklif edəndə oxudum və sonra filmdəki Seyid rolunu özümə uyğun bilmədiyimi söylədim. Çünki mən çox hiperaktiv insanam. Seyid mənim əksim idi. O qədər sakit, təmkinli idi ki. Şamil müəllim dedi ki, "mən o dediyim xüsusiyyətləri səndə görmüşəm". Öz üzərimdə işlədim, hər gün növbəti günün çəkilişinə hazırlaşırdım. İlk dəfə xalq artisti Rasim Balayevlə "Cavid ömrü" filmində uzaqdan-uzaqa tərəf müqabili olmuşdum. Bu filmdə isə çox həyəcanlı idim. Bir səhnə var ki, mən Rasim Balayevlə çiyin-çiyinə söhbət edərək gedirəm. Uşaq vaxtı oturub "Nəsimi", "Babək" filmlərinə baxan biri, birdən-birə həmin qəhrəmanla üz-üzə gəlir. "Stop" verilən kimi dedim ki, Rasim müəllim mən çox həyəcanlıyam, sizinlə birgə addımlamaqdan böyük qürur duyuram. Həmçinin də xalq artisti Firəngiz Mütəllimova ilə.. "Səni axtarıram" televiziya tamaşasında ona oturub baxıb, iri-iri ağlayırdıq. Bu insanlarla birlikdə çəkilmək mənim üçün böyük bir uğur idi. Çünki onlardan öyrənmək mənim üçün bir avantaj idi. "Qala" filmini mən çox sevirəm" deyə sənətkar bildirib.

Sənətkar ailəcanlı biri olduğunu da bildirib.

"Bu mənim sənətimə deyərdim ki, bir tərəfdən köməkdir. Hər qüvvətli kişinin arxasında onun xanımı, ailəsi durur. Bu deyim artıq deyilib. Xanımım tibb, mən incəsənət, övladlarım isə otelçilik sahəsindədirlər. Tamam fərqli-fərqli sahələrdir. Bir balaca ümidim var idi ki, oğlum mənim sənətimi davam etdirəcək. O da məktəbi bitirənə qədər çəkildi, sonra dedi ki, aktyorluq mənlik deyil, mən otel işini sevirəm. Ailəcanlı olmağı hər bir insana məsləhət görərdim. Çünki insan nə qazanırsa, ailəsi ilə qazanır. Birinci tamaşaçım ailəmdir. Mənim üçün onların fikri çox önəmlidir" deyə sənətkar bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.