Şou-biznes

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra paylaşım da edib yazmışdı ki..”

28 Yanvar 2023 12:57
Baxış: 1 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, tanınmış aktrisa Zümrüd Qasımova Moderator.az-ın suallarını cavablandırıb.
 
- Zümrüd xanım, sənət həyatınız necə gedir?
- Bu il sənətimdə bir az durğunluq var. Çünki yeni tamaşalarda yoxam. Rol aldığım 5-6 köhnə tamaşam var ki, onlarda çıxış edirəm. Rejissor rəfiqəm Səidə Haqverdiyeva ilə bərabər yeni bir film üzərində işləyirik. Səidə xanımın quruluşunda yeni bir tamaşa da hazırlanır. Hələ ki, sənət həyatımdakı yeniliklər bunlardır.
 
- Bir müddət əvvəl çalışdığınız Dövlət Yuğ teatrının binasının olmamağını da gündəmə gətirmişdiniz. Amma binasızlıq sizin yaradıcı ruhunuza təsir göstərmir...
 
- Dövlət Yuğ teatrının binasının olmamağı məsələsi hər zaman gündəmdədir. Biz də gözləyirik ki, bina versinlər. Çünki hər teatrın öz binası olmalıdır. Yuğ kifayət qədər yaradıcı potensialı, gözəl tamaşaları olan fərqli teatrdır. Biz də istəyirik ki, bir binamız olsun. 7 ilə yaxındır ki, binasızıq. Bizi birlikdə, ayaqda saxlayan işləmək arzumuzdur. İldə 4-5 yeni tamaşa təhvil veririk. Teatrın yaşaması üçün əlimizdən gələn hər şeyi edirik. Bu teatr şəxsən mənim yaşam səbəbimdir. 
 
- Çox sınaqlardan üzüağ çıxmısınız. Bəs sizi həyatda yaşadan səbəb nədir?
- Həyat özü Allahın bizə verdiyi sınaqdır. Bu həyatda kimi həyatdan üzüağ, kimisi isə üzüqara gedəcək. Mən düşünürəm ki, Allah hər bir insana güc verir. Sadəcə olaraq bunu düzgün istifadə etmək lazımdır. Əlbəttə ki, mənə verdiyi gücə görə Allahıma şükür edirəm. Düşünürəm ki, hər bir insanın içində güc var. Sadəcə olaraq özünü tanımalısan, sevməlisən, həyatda mübarizə aparmalısan. 
 
- Nə vaxtsa çarəsizlikdən depressiyaya düşmüsünüz?
 
- Əvvəllər, gənclik illərimdə tez-tez depressiyaya düşürdüm. Artıq yaşa dolandan sonra depressiyanın nə olduğunu unutmuşam. Düşünürəm ki, insan özünü necə boş-boş şeylərə xərcləyə bilər?! Həyat o qədər gözəl və önəmlidir ki, sən onu belə şeylərə xərcləməməlisən. Depressiv insan deyiləm, sadəcə olaraq ruhuma toxunan musiqilər dinləyib, paylaşa bilərəm.
 
- Hər zaman efirlərdə öz dəsti-xəttiniz ilə seçilmisiniz. Hazırladığınız layihələr və verilişlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Televiziyaların peşəkar kadra ehtiyacı olduğu bir vaxtda niyə siz efirlərdə yoxsunuz?
- Ötən ilin oktyabr ayına qədər Xəzər tv-də "Dönə bilsəm" adlı verilişim var idi. Gözəl, baxımlı və bol reytinqli layihə idi. Sonra veriliş sona çatdı. Nə zaman mənə ehtiyac olsa, o vaxt da efirə qayıdacam. Bu il bir televiziyadan mənə təklif gəlmişdi, sadəcə o kanala getmək istəmədim, imtina etdim. Verilişin formatını da bəyənmədim. Maraqlı layihə olsa efirə qayıtmağım sürətlənər. Düşünürəm ki, Azərbaycan teleməkanında yerim hər zaman görünür. Sosial şəbəkədə tamaşaçılar yazıb maraqlanır. Yolda görəndə də soruşurlar ki, niyə efirdə yoxsunuz? Onlara izah edirəm ki, mənim əsas peşəm aktrisalıqdır.
 
- Bir müddət əvvəl mükafatlandırma mərasimlərini sərt tənqid etmişdiniz. Bu nə ilə bağlı idi?
-Ümumiyyətlə mən müsabiqələrə, mükafatlandırma mərasimlərinə inanmıram. Həqiqətin, haqqın zəfər çaldığının az şahidi olmuşam. Bəzən görürəm ki, elə layiq olmayan insanlar mükafatlar, fəxri adlar alırlar ki. Hə, nə olsun?! Canı sağ olsun! Bunu özüm üçün dərd etmirəm. Hansısa məsələ ilə bağlı çox az hallarda fikir söyləyən insanam. Bir xanım sevinə-sevinə aldığı mükafatı paylaşmışdı. Mən də öyrənmişdim ki, o bunun üçün 500 manat pul ödəyib. Ona görə bu postu paylaşmışdım.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.