Siyasət

Deputat: "Dünya Cənubi Qafqazda sülh istəyirsə, Prezident İlham Əliyevin BMT-dəki çıxışına diqqət yetirməlidir"

24 Sentyabr 2021 14:23
Baxış: 263

"BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qalib ölkənin lideri kimi dünyaya və beynəlxalq ictimaiyyətə bir sıra mühüm mesajlar verib".

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, hər şeydən öncə hazırda dünyanın ən aktual problem olan COVİD-19 pandemiyası ilə bağlı problemlərə toxunan Prezident bu sahədə Azərbaycanın həm ölkəsində, həm də Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində peyvəndin əldə edilməsində çətinlik çəkən kasıb ölkələrdə gördüyü işlərdən danışıb: "Buna paralel olaraq Qoşulmama Hərəkatının sədri kimi bu beynəlxalq təşkilatın təşəbbüsü ilə pandemiyanın aradan qaldırılması istiqamətində vacib tədbirlərin görülməsi üçün BMT Baş Assambleyasının xüsusi iclasının çağırılması və dünyanın 150 ölkəsinin bu iclasda iştirak edərək pandemiyaya qarşı səylərin birləşdirilməsi üçün mühüm addımlar atdığını qeyd etdi. Prezident İlham Əliyevin çıxışının əsas məzmununu isə yenə də əldə etdiyimiz tarixi zəfər, bu zəfərə gələn yolda ölkəmizin atdığı qətiyyətli addımlar, beynəlxalq təşkilatların öz qətnamələrini yerinə yetirə bilməməsi və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın bu gün də faşist ideologiyasından imtina etməməsi və regionda sülhə təhlükə olaraq qaldığı təşkil etdi. Bu istiqamətdə həm də mühüm təşəbbüs və təkliflərlə çıxış edən Prezident İlham Əliyev gələcəkdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün bir mexanizmin formalaşdırılmasının vacibliyini vurğuladı. Bu, əslində, BMT və onun müvafiq strukturlarında islahatlara ehtiyac olduğunun dilə gətirilməsi idi".

H. Babaoğlu qeyd edib ki, başqa bir mühüm məsələ isə regionda davamlı sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərərək onu Azərbaycanla sülh müqaviləsi bağlamağa təşviq etməsinin dilə gətirilməsi idi: "Çünki hazırkı vəziyyətdə bu, regionumuzda hadisələrin gələcək inkişafının istiqamətlərinin formalaşması baxımından olduqca vacibdir. Əslində, bu fikirləri ilə Prezident İlham Əliyev qalib ölkənin lideri kimi dünyaya sülh çağırışı etdi. Azərbaycanın sülhpərvər, ancaq eyni zamanda öz ərazi bütövlüyünü təmin etməyə qadir olan güclü dövlət olduğunu bəyan etdi. Ölkəmizin başçısı BMT tribunasından olduqca vacib bir xatırlatma edərək bildirdi ki, cəmi bir il qabaq bu tribunadan Ermənistanın işğalçılıq siyasətindən danışaraq bildirmişdi ki, Azərbaycan torpaqları hələ də işğal altındadır və ermənilər yeni müharibəyə hazırlaşırlar. O zaman beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupu yenə də müharibəni önləmək, yaxud müharibənin səbəbi olan işğalçılıq siyasətinin qarşısını almaq üçün heç bir tədbir görmədi. Azərbaycan ermənilərin yeni işğalçılıq müharibəsinə layiqincə cavab verdi və işğalçı ölkəni məğlub edərək kapitulyasiya aktına imza atmağa məcbur etdi. Azərbaycan regionda əməkdaşlıqda, kommunikasiyaların açılmasında və sülhün bərqərar olmasında maraqlıdır. Şübhəsiz ki, dünya doğurdan da Cənubi Qafqazda sülh istəyirsə, ermənilər yeni reallıqdan bəhrələnmək istəyirlərsə, Prezident İlham Əliyevin çıxışında əksini tapan müddəalara diqqət yetirməli, bu istiqamətdə real addımlar atmalıdır".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.