Siyasət

Ermənilər Qarabağı tanımayacaq - Azərbaycan düşməni əməlinə peşiman edir

5 May 2021 11:10
Baxış: 3 100

Ötən əsrin son on illiyinin başlanğıcına qədər Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsi prosesi başa çatdıqdan sonra Azərbaycanın əzəli torpağı olan Qarabağın işğalı prosesi başladı ki, bununla da Dağlıq Qarabağ və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan kimi 7 rayon işğal edildi. 

Sirr deyil ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər Azərbaycan üçün hər şeydən əvvəl böyük insan itkiləri ilə müşayiət olunan humanitar fəlakət səviyyəsində ciddi problemlər yaratdı, 20 minə yaxın azərbaycanlı qətlə yetirildi, 100 min nəfər yaralandı, 50 mindən çox adam əlil oldu, 5 minə yaxın insan isə əsir və itkin düşdü. Azərbaycanlıların əsrlər boyu yaşadıqları Ermənistan ərazisindən və işğal edilmiş torpaqlardan 1 milyondan artıq soydaşımız qovularaq qaçqın, məcburi köçkün həyatı sürməyə başladı, Azərbaycan əhalisinin demoqrafik vəziyyətində ciddi problemlər hökm sürməyə başladı. Təkcə onu demək kifayət edər ki, 2017-ci ilə qədər olan məlumatlara əsasən, silahlı təcavüz nəticəsində itki və tələfatların ümumi dəyəri 820 milyard dollar səviyyəsində olub. 

Ermənistanın təcavüzünün ağır nəticələri bununla yekunlaşmadı. Tədqiqatlar göstərir ki, işğal nəticəsində Azərbaycanın tarixi, dini, mədəni həyatı ilə yanaşı kənd təsərrüfatı həyatına da çox ciddi maddi ziyan dəydi. Qarabağ müharibəsinə qədər Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədəri işğal edilmiş və normal təsərrüfat fəaliyyətinin aparılması mümkün olmayan işğal zonalarına yaxın ərazilərdə istehsal olunurdu.

İşğal zonasında qalmış faydalı qazıntıların istismarı ildən-ilə genişləndirilirdi. Bir sıra ölkələrin şirkətləri beynəlxalq konvensiyaların hamı tərəfindən gözlənilməli olan təməl prinsiplərini pozaraq bu talançılıqda iştirak edirdilər. Kanadanın First Dynasty Mines (FDM) şirkəti işğal olunmuş Azərbaycan ərazisində qızıl ehtiyatları 40 tona qədər qiymətləndirilən Kəlbəcərin "Söyüdlü" qızıl yatağının istismarı ilə məşğul idi. Yatağın 73 faizi, yəni orada olan qızılın 29,2 tonu işğal olunmuş Kəlbəcər ərazisinə düşür.

Qarabağın işğalının iqtisadi nəticələri Azərbaycan üçün nə qədər ağır oldusa, işğala son qoyulmaqla da Ermənistanın tənəzzül girdabına yuvarlanmağı an məsələsi oldu.

Azərbaycanın zaman-zaman torpaq itkilərinə, humanitar fəlakətə və böyük dağıntılara məruz qalması xeyli dərəcədə böyük dövlətlərin yaşadığımız Qafqaz regionu uğrunda mübarizəsinin bilavasitə və dolayı nəticəsi idi. Lakin yüz ildən artıq idi ki, bir sıra dövlətlərin xalqımıza qarşı yeritdiyi məkirli siyasətin çox təhlükəli alətinə çevrilmiş ermənilərin Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" xülyası 44 günlük Vətən müharibəsi ilə yerlə bir edildi. Azərbaycanın Cənubi Qafqazda gücün bütün parametrləri - iqtisadi, siyasi və hərbi cəhətdən önə çıxması regionun geopolitikasını və geoiqtisadiyyatını şəkilləndirdi. Resurs müharibəsinə tab gətirə bilməyəcəyi əvvəlcədən proqnozlaşdırılan Ermənistan Azərbaycanla son müharibənin ilk 20 günündə milyardlarla dollar və ÜDM-in 50 faizi həcmində itki ilə üzbəüz qaldı. Yardımlar olmayacağı təqdirdə Ermənistana bu ziyanı aradan qaldırmaq üçün neçə 10 illiklərin də bəs etməyəcəyini dünyanın müxtəlif ekspertləri, mütəxəssisləri də qeyd edirlər. 

Bütün bunlar göstərir ki, Qarabağı azad etmək və azad yaşamaq istəyirdiksə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin təcili bərpasına dair xüsusi proqram hazırlanması və həyata keçirilməsi həyati əhəmiyyət daşıyır. Yeni təbii resursları dövriyyəyə cəlb etməklə Azərbaycan qərb bölgəsinin inkişafı, dağ-mədən sənayesinin, eləcə də metallurgiya kompleksinin yüksəlişini təmin etmək potensialına malikdir. Metallurgiyanın inkişafı isə Azərbaycanda bir sıra sənaye sahələri ilə yanaşı, həm də hərbi-sənayenin inkişafını sürətləndirəcək. 5G texnologiyalara sahib Azərbaycan Ordusunun təchizatında hərbi sənayemiz öz sözünü deməlidir. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə meşə, su və torpaq resursları aqrar sahə, emal sənayesi və turizmin inkişafı üçün böyük imkanlar yaradır. Ən əsası azad edilən ərazilərin iqtisadiyyatı yenidən qurulacaq və yeni texnologiyalar tətbiq olunacaq, bu isə iqtisadiyyatı daha məhsuldar edəcək.

Müqayisə üçün deyə bilərik ki, II Dünya Müharibəsindən sonra ən çox dağılmış iki ölkə - Almaniya və Yaponiya daha sürətlə inkişaf etdi, çünki yeni texnologiyalar tətbiq olundu, iqtisadiyyatın məhsuldarlığı yüksəldi. Məsələn, işğaldan azad edilmiş Cəbrayılın yenidən tikilməsi üçün əksər tikinti materiallarının ehtiyatları elə bu rayonun özündə də var: mişar daşı istehsalına yararlı tulus tuf, çaxmaqçay, tikinti qumu, kərpic istehsalına yararlı Qaracallı gil, sement istehsalına yararlı vulkan külü, gəc, əhəngdaşı, qum-çınqıl, yəşəm, xalsedon və meşə ehtiyatları.

Eyni zamanda ərazilərimizin azad edilməsi nəticəsində yaxın gələcəkdə qeyri-neft sektorunun inkişafı ilə bağlı proqnozların işlənilməsinə başlanılacaq. Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza təsiri isə çox böyük olacaq. İlkin hesablamalar göstərir ki, qarşıdakı illərdə Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında əsas sahələr üzrə məhsulun ümumi buraxılışı 2 milyard manatdan çox arta bilər.

Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaqların olmasına baxmayaraq, 30 illik işğal dönəmində bu ərazilərin cəmi 7 faizindən istifadə edilib. Əkin sahələrində məhsuldarlıq aşağı səviyyədə olub və hər hektardan cəmi 10-12 sentner taxıl götürülüb. Halbuki bu rəqəm işğaldan əvvəl 21-25 sentner idi. Azərbaycan işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Eyni zamanda, burada emal və ərzaq sənayesinin inkişafı potensialı var.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək. Bunu elə bu ilin aprelin 20-də Hacıqabul səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev də qeyd etdi. O bildirdi ki, işğaldan azad olunan ərazilərdə də aqroparkların yaradılacağı nəzərdə tutulur. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir ki, bu da Azərbaycanın qarşısında yaxın gələcəkdə əsas prioritetlərdən hesab olunur. Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq. Hazırda ölkəmizdə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,5 faiz, süd və süd məhsulları üzrə 86,2 faizdir. Proqnozlara görə, işğaldan azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra bu məhsullarla özümüzü təmin edə biləcəyik. Həmçinin Azərbaycanda dənli (çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır. Torpaqlarımızın işğaldan azad olunması bizə imkan veririr ki, bu sahədə də vəziyyəti xeyli yaxşılaşdıraq.

Hazırda işğaldan azad edilən ərazilərdə bərpa, yenidənqurma işləri var gücü ilə davam edir. Əsas infrastruktur layihələrinə start verilib. Bu istiqamətdə dünyanın müxtəlif ölkələrinə məxsus böyük şirkətlər artıq prosesə qoşulub. İndiki mərhələdə orada müxtəlif istiqamətlər üzrə işlər görülür, minalardan təmizləmə prosesi gedir. Burada ən böyük çətinlik də məhz Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi ilə bağlıdır. Lakin yenə də Azərbaycan höküməti əlini yanına salıb, durmaq fikrində deyil. Bu istiqamətdə işlər var gücü ilə davam etdirilir. Yeni avadanlıqlar alınır, Minatəmizləmə Agentliyinin ştat vahidlərinin artırılması ilə bağlı Sərəncam verilib. Rəsmi Bakı bütün gücünü maksimum səfərbər edib ki, minatəmizləmə işləri sürətlə getsin. 

Hadisələrin xronologiyası deməyə əsas verir ki, Ermənistanın azərbaycanlıların əzəli torpaqlarında məskunlaşmasını ləngitmək üçün yaratdığı süni maneələrin də zamanı dolur. 

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.