Niyə bıçaq sağda, çəngəl soldadır? Mütəxəssislər süfrə ədəbindəki bu dəyişməz qaydanın arxasında duran 18-ci əsr vərdişlərini və təhlükəsizlik səbəblərini açıqlayıblar.
Milli.Az xəbər verir ki, süfrə sənətinin təməl daşlarından biri olan çəngəl və bıçaq düzümü təsadüfi bir qayda olmaqdan çox, tarixi, dini və praktiki əsaslara dayanır. Mütəxəssislər bu düzülüşü Orta Əsrlərin müdafiə ənənələrindən müasir nəzakət qaydalarına qədər uzanan bir proseslə izah edirlər.
18-ci əsrə qədər süfrələrdə çəngəl istifadəsi geniş yayılmamışdı. Həmin dövrdə yeməklər bıçaqla kəsilir və ya batırılır, sonra isə barmaqlarla ağıza aparılırdı. Əhalinin təxminən 90%-nin sağ əlindən istifadə etməsi səbəbindən əsas alət olan bıçağın boşqabın sağ tərəfinə qoyulması ümumi bir vərdişə çevrildi. 19-cu əsrdə isə bu təcrübə saray protokollarında və nəzakət qaydaları kitablarında rəsmi qayda kimi yer almağa başladı.
Bıçağın sağda olması həm də Orta Əsrlərin cəngavərlik ənənələri ilə əlaqələndirilir. O dövrdə bir müdafiə vasitəsi kimi görülən bıçaq, cəngavərlərin sağ tərəflərində daşıdıqları qılınclarına bənzər şəkildə boşqabın sağına yerləşdirilirdi. Dini mətnlərdəki simvolizm də bu düzümdə rol oynayır. Ənənəvi yanaşmalarda sağ tərəf "doğru yol" və "yaxşı tərəf" ilə eyniləşdirildiyi üçün yemək alətlərinin bu istiqamətdə qoyulması standart halına gəldi.
Süfrə ədəbinə görə, bıçağın yerləşdirilməsində təhlükəsizlik və nəzakət elementləri ön planda tutulur:
Kəskin tərəf: Yan tərəfdə oturan şəxs üçün təhlükə yaratmaması məqsədilə bıçağın kəskin üzü həmişə boşqaba tərəf baxmalıdır.
Çəngəlin vəziyyəti: Oxşar yanaşma ilə çəngəlin dişləri masaya baxacaq şəkildə yerləşdirilir. Bu, həm də keçmişdə kübar ailələrin çəngəlin arxa hissəsinə həkk etdirdikləri ailə gerblərinin görünməsini təmin edirdi.
Standart düzülüşdən kənar yeganə istisna şirniyyat servisində görülür. Şirniyyat bıçağı boşqab ilə stəkanlar arasında üfüqi şəkildə yerləşdirilir.
Lalə Qüdrətova
Milli.Az





