Siyasət

Ermənistanın taleyini Azərbaycan həll edəcək - Bakıdan son xəbərdarlıq

21 Aprel 2021 12:06
Baxış: 2 468

Vətənpərvərlik duyğusu insanı hər cür qəhrəmanlığa sövq edir. Yetər ki, bu hissə faşizm, irqçilik, şovinizm elementləri qatmayasan. Bu gün erməni cəmiyyətində azərbaycanlılarla bir yerdə yaşamaq istəmədiklərini dilə gətirənlər manqutlaşmış etnosun üst qatıdır. Müasir dünyada Azərbaycan xalqının haqqını tapdalamaq, onun ərazisini işğal altında saxlamaq, sərvətlərini talamaq və bu vəziyyətin heç vaxt dəyişməyəcəyinə ümid etmək Ermənistanın nağılbazlıq "keyfiyyət(sizlik)indən" başqa bir şey deyil. Ermənistanda revanşizm çağırışı edənlər, Azərbaycan xalqına həqarət edənlər anlamalıdırlar ki, yeni müsibətlərlə üz-üzə qala bilərlər. 

Bunun mesajını ötən gün Hacıqabul səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev verib. Ermənistanda baş qaldıra biləcək revanşizmdən və ərazi bütövlüyümüzə ola biləcək təhdidlərdən bəhs edən dövlət başçısı "Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir" sözləri ilə Ermənistana və onun ağasına yerini göstərib.

Prezidentin bu açıqlaması 44 günlük müharibədən sonra ağalarının, elçilərinin sayı daha da artan Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, ərazi bütövlüyünə ola biləcək hər hansı təhdidin cavabsız qalmayacağı xəbərdarlığı kimi də şərh edilə bilər. Eyni zamanda dövlət başçısının bu çıxışını Milli Təhlükəsizlik strategiyamızın əsasında duracaq tarixi fikir kimi də səciyyələndirmək olar. Prezident bu çıxışı ilə təsdiq etdi ki, dünya liderlərinə yalvarıb onlardan mərhəmət dilənən düşməndən fərqli olaraq Azərbaycan rəsmi İrəvanın yeni ordu quruculuğu ilə bağlı manipulyativ gedişlərinə adekvat reaksiyasını ortaya qoyacaq.

Onun "Biz əməkdaşlığa da hazırıq - baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırım törətmişdir. Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq" nitqi bir daha Azərbaycanın beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazır olduğunu göstərir. 

Lakin rəsmi Bakı 44 günlük müharibənin diqtə etdiyi şərtlərin həyata keçirilməsində heç bir güzəştə getməyəcək. Azərbaycan lideri bunu "Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də" nitqi ilə bir daha təsdiq etdi. Bu gün revanş ideyası Ermənistanın daxilində deyil, daha çox erməni lobbisinin siyasi elitaya təsir gücü olan ölkələrdə aktual xarakter daşıyır. 

Hazırda postmüharibə dövrünün prioritetlərinin real müstəviyə keçirilməsində ən ciddi maneə bəzi mərkəzlərin neytrallıq hissini tam itirərək düşmənə yeni vədlər verməsi və onu yeni avantüralara həvəsləndirməsidir. Dağlıq Qarabağda yaşayan ermənilər ya revanş barədə düşünən əli qana batmış Balasanyan kimiləri oradan qovub Azərbaycanın vətəndaşları kimi yaşamalı, ya da övladlarını döyüş meydanlarında ölmüş görmək istəmirlərsə köçüb getməlidirlər. Azərbaycan hazırda onlara bu fürsəti də verib. Belə bir fürsət isə tarixdə çox olmur...

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.