Siyasət

Qarabağdakı rusiyalı sülhməramlılar Vaşinqtonu qəzəbləndirib - İNDİ NƏ OLACAQ?

8 Aprel 2021 11:05
Baxış: 36 767

"Deyəsən, Rusiya Qarabağ münaqişəsini həll etmək yox, onu mümkün qədər üzün müddətdə nizamlanmamış vəziyyətdə saxlamaq niyyətindədir".

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini (Deputy Assistant Secretary of State for the Bureau of European and Eurasian Affairs) Corc Kent Vaşintondakı "Türk İrsi" təşkilatının keçirdiyi internet seminarda deyib. 

"Rusiyalı sülhməramlıların Dağlıq Qarabağda uzunmüddətli perspektivdə qalmaq niyyətləri fikrimizcə Azərbaycanın hakimiyyət dairələrində narazılığın artıracağını təxminləyirəm", - Kent söyləyib.

Qarabağdakı situasiyadan bəhs edən amerikalı diplomat Rusiyanı münaqişənin həllini mümkün qədər uzatmaqda suçlayıb: "Gürcüstanın xarici işlər nazirinin müavinlərindən biri ötən ilin noyabrında demişdi: "Bu, 1998-ci ildə Gürcüstanın düşdüyü vəziyyətdir. Sonra Azərbaycan bizim 2008-ci ildəki vəziyyətimizlə qarşılaşacaq. Lap sonra da bizim indiki vəziyyətimizdə olacaq". Bu, Qarabağ münaqişəsindən Rusiyanın öz maraqları naminə manipulyasiya etməsi və problemi gerçəkdən də həll etməyə çalışaraq Azərbaycanla Ermənistana irəliləməyə imkan verməyə can atmaması ilə bağlı yetərincə pessimist, amma real dəyərləndirmədir.

C.Kent daha sonra bəyan edib ki, Qarabağda Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını ABŞ alqışlayır: "Rusiya prezidenti Vladimir Putinin atəşkəslə bağlı şərtləri irəli sürərək ötən ilin noyabrında hərbi əməliyyatların dayandırılmasına nail olmasını təqdir edirik".

Amerikalı diplomat hesab edir ki, bölgədə təhlükəsizliyin təminatı ilə bağlı hələ də çağırışlar və ciddi təhdidlər qalır. Azərbaycanla Ermənistan arasında yekun anlaşmaya nail olmaq üçün Qarabağ münaqişəsini necə həll etməyin yolu hələ də məlum deyil: "Azərbaycan bu savaşda qalib sayılır. Lakin bu, münaqişənin həlli sayılmır. Necə ki, 25 il əvvəl Ermənistan da hərbi əməliyyatlarda üstün durumda idi".

Kentin sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş nizamlanma indiyədək ATƏT-in Minsk Qrupunun çərçivəsində, ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərin fəaliyyəti çərçivəsində aparılırdı: "Hesab edirəm ki, Minsk Qrupunun, bu mexanizmin önündə müəyyən çağırışlar var. Davam etməyimizə maraq doğrudanmı var? Fikrimcə, iki ölkə anlaşmanın əldə olunması üçün mexanizmi səlahiyyətli etmələri qədər Minsk Qrupu önəmli qalacaq".

C.Kent hesab edir ki, digər açıq məsələ Rusiyanın niyyətidir. Rusiya Minsk Qrupunun həmsədrləri vasitəsilə atəşkəs şərtlərinə nail olmamağa qərar vermişdi: "O, bunu üçtərəfli format əsasında birbaşa etdi".

Corc Kent bəyan edib ki, əgər Bakı və İrəvan maraqlıdırsa, Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ dəstək verməyə hazırdır: "Azərbaycanla Ermənistanın dinc nizamlanmaya və Minsk Qrupunun həmsədrlərinin səlahiyyətlərindən prosesdə istifadə etməyə meylli olmaları səviyyəsində ABŞ iki ölkəyə irəliyə aparana yolu tapmaqda kömək etməyə hazırdır. Bu, mövqeyimizdir".

Kentin fikrincə, belə vəziyyət potensial olaraq digər əlverişli imkanlar, o cümlədən gələcəkdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmağa başlaması ehtimalını yaradır: "Amma etiraf etməliyəm ki, bəhs etdiyim məsələ bu ayda və ya bu ildə mümkün olmaya bilər".

... Ötən ilin sentyabrın 27-də başlayaraq noyabrın 9-da başa çatmış 44 günlük İkinci Qarabağ Savaşının sonuclarından, daha doğrusu, Rusiyanın atəşkəs prosesində həddən ziyadə aktiv rol oynamasından və sonra da Qarabağa sülhməramlı kontingent yerləşdirməsindən ABŞ çox narazıdır.

Daha doğrusu, Birləşmiş Ştatlar qəzəblidir.

Atəşkəsin əldə olunması prosesindən Moskva tərəfindən faktiki olaraq kənarlaşdırılan Vaşinqton ötən ilin noyabrından bəri Rusiyanın baş verənlərdən maksimum mənfəət əldə etməyə can atdığını deyir.

Ermənistanın baş naziri Nikol Paşinyanı belə, kontrolunda saxladığı və idarə etdiyi siyasçətçilərlə qüvvələr vasitəsilə qorxuya düşməyə vadar edən, çevriliş və qiyamla təhdid etdirən Moskva bu minvalla Paşinyan hakimiyyətinin kursunda ciddi dəyişikliklərə nail olub.

Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində məğlub olmamaq üçün N.Paşinyan mütləq şəkildə Moskvanın şərtlərini yerinə yetirmək məcburiyyətində olduğunu anlayır.

Dünən Kremldə Rusiya prezidenti V.Putinlə görüşdən sonra verilən bəyanatında da N.Paşinyan Moskva ilə münasibətləri "maksimum inkişaf etdirmək niyyəti"ni açıqladı.

Yəni görünən budur ki, Rusiya heç bir halda Ermənistanın nəzarətdən çıxmağa, Cənubi Qafqazda Rusiyanın faktiki quberniyası və forpostu çərçivəsindən kənarlaşmasına imkan verməyəcək.

Bundan başqa, Rusiyanın Qarabağdakı 1960 nəfərlik sülhməramlı kontingenti üçün gərək olduğundan artıq kazarmalar və müdafiə-müşahidə postları inşa etməsi, Xankəndidəki separatçı rejimlə sıx əlaqələrdə olması, müxtəlif "humanitar" aksiyalar keçirməsi və ən nəhayət, Xankəndidəki xuntanın rus dilini "ikinci rəsmi dil" elan etməsi Vaşiqtonun səbr kasasını daşırmaqdadır.

ABŞ-ın dövlət katibi Entoni Blinken "Azərğbaycanla Ermənistan arasında yekun anlaşmanın əldə olunması bölgə sakinlərinin xeyrinə olacaq və eyni zamanda, dayanıqlı, sabit çözümün əldə ediliməsinə yönəlmiş bütün cəhdləri məmnuniyyətlə qarışlayırıq" desə də, Vaşinqton kuluarlarındakı dolaşan iddialara görə, Birləşmiş Ştatların təməl strategiyası və bölgə ilə bağlı taktikası dəyişməzdir: ABŞ Cənubi Qafqaz ölkələrinin Avropa Birliyi ilə NATO-ya inteqrasiyasını, Rusiyanın təsir və təzyiq orbitindən uzaqlaşmasını istəyir.

E.Blinken bəyan edib ki, ABŞ-ın demokratik, mütərəqqi, sülhə meylli, səbatlı və stabil Cənubi Qafqaz və Böyük Xəzər bölgəsi ilə bağlı strateji hədəfləri dəyişməyib.

Təqaüddə olan amerikalı general, Kapitolidə böyük nüfuz sahibi Maykl Repass isə 44 günlük İkinci Qarabağ Müharibəsinin başa çatmasında və atəşkəsin əldə olunması prosesində Türkiyənin mövqeyini təqdir edib.

"Qarabağ münaqişəsi zonasının sülh zonasına çevrilməsi istiqamətində Türkiyə önəmli işlər görür. Bu bölgədə sülhün tam bərqərar olmasında Türkiyə çox önəmli amil ola bilər. Türkiyə və Azərbaycanla enerdjidaşıyıcıları sahəsindən savayı bir çox sahələrdə birlikdə çalışa bilərik. Bununla belə, əminəm ki, Vaşinqton bölgəyə daha çox önəm verməlidir", - general M.Repass söyləyib.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta isə daha açıq danışıb: "Rusiyanın Ermənistandakı hərbi bazası ilə bahəm, Qarabağda da sülhməramlı kontingent adı ilə hərbi birliklərə malik olması bizi narahat edir. Düşünürəm ki, Vaşinqton Azərbaycanla münasibətlərini daha da aktivləşdirməlidir".

Vaşinqton Univekrsitetinin professoru, tanınmış siyasi analitik Canin Mitçellin fikrincə, Rusiya Cənubi Qafqazda hərbi, militar gücə və Ermənistana aşkar təzyiq rıçaqlarına malik olsa da, ABŞ təki "yumşaq güc"ü yoxdur: "Rusiya heç bir halda bölgəyə siyasi sabitlik, sülh və iqtisadi inkişaf bəxş edə bilməz".

Birləşmiş Ştatlar Rusiyanın Cənubi Qafqazda, xüsusilə də Qarabağda hazırda nəzarət etdiyi ərazilərdəki fəaliyyətindən çox narazıdır. Vaşinqtonun narazılığı isə indiyədək Moskva üçün heç bir halda sonucsuz ötüşməyib.

Azərbaycana gəldikdə isə biz, Rusiyanın daha real, konkret və aydın siyasət yürütməsini istəyirik. Moskva aqressiv və səfil Ermənistanla sürəkli inkişafda olaraq bölgədə lider mövqe tutan Azərbaycan arasında təbəddülatlı təsir bağışlayan komplimentar mövqeli siyasət yürütməməlidir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.