Siyasət

Üç qardaş Asiyanı dəyişir

6 Mart 2021 01:00
Baxış: 2 420

Azərbaycan, Türkiyə və Pakistan... Əvvəl Asiya ölkələrində, sonra isə Avropa dövlətlərində bu trionu "üç qardaş" adlandırmağa başlayıblar. Bakı, Ankara və İslamabad arasında istisnasız olaraq bütün sahələrdə qarşılıqlı təmaslar, əlaqələr və münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Yüksəliş sürətlə davam edir və bu orbitdə onillərdən bəri savaşın girdabından qurtula bilməyən Əfqanıstan da yerini almaq istəyir.

Coğrafi olaraq Bakı və İslamabadı 2 min kilometrdən artıq məsafə ayırsa da, qardaşlıq və habelə, Türkiyə ilə xüsusi, əlahiddə münasibətlər birləşdirir.

Pakistanın banisi Məhəmməd Əli Cinnə zamanında Mustafa Kamal Atatürk barədə çox səmimi danışırdı, Türkiyə Cumhuriyyətinin banisini yüksək dəyərləndirirdi. Ankara da 1947-ci ildə yaranan Pakistanla dərhal diplomatik münasibətlər qurmuşdu.

Həmin dönəmdən bəri iki ölkə beynəlxalq arenada və hərbi-texniki sahələrində ənənəvi olaraq bir-birlərinə yardım edirlər.

Türkiyə və Pakistan arasında hərbi məşvərət qrupu isə 1983-cü ildə müdafiə sənayesi sahəsində hərbi biliklərin mübadiləsi üçün yaradılmışdı. 2003-cü ildən bəri Ankara-İslamabad əməkdaşlığını "Ali Hərbi Dialoq" təşkilatı daha da gücləndirir.

Pakistan-Əfqanıstan sərhədindəki münaqişəli "tayfalar zonası" ilə bağlı problemin həllində də vasitəçi Ankaradır.

Azərbaycanla Pakistan arasındakı əlaqələr də bütün sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıq sferasında sürətlə inkişaf edir. Sadəcə, bir faktı xatırladaq: Azərbaycan Pakistan istehsalı olan 20 JF-17 qırıcısı alacaq.

Pakistan da öz növbəsində beynəlxalq arenada Azərbaycana bütün məsələlərdə, xüsusilə Qarabağ məsələsində tam dəstək verir.

Bundan başqa, Pakistan hərbçiləri Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin minalardan təmizlənməsində də ölkəmizə bütün yardımları göstərməyə, dəstək verməyə hazırdır. Lakin İslamabadı ən çox maraqlandıran məqam Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə transregional marşrutlar vasiətsilə iqtisadi inteqrasiya, habelə bu marşrutların Türkiyəyə uzanan istiqamətləri yolu ilə Avropaya çıxışdır.

Bu baxımdan srağagün İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının aktivləşməsi müstəsna əhəmiyyət kəsb edir.

12 il əvvəl, 2009-cu ildə Naxçıvanda Türk Şurasının yaradılması bəyan olunmuşdu. Həmin qurumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunublar. 2020-ci ilin oktyabrında isə Türkiyənin müdafiə naziri Hülusi Akarın Qazaxıstanla Özbəkistana səfərləri oldu, ölkələr arasında hərbi və hərbi-texniki əməkdaşlıqla bağlı sazişlər imzalandı.

Azərbaycan həm də 120 ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatının lideridir və 2022-ci ilədək bu struktura başçılıq edəcək.

Beləliklə, Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıqla tərəfdaşlığın yeni modeli, tam fərqli formatda olan konstruksiyası yaranır. Bu əməkdaşlıqda təhlükəsizlik, iqtisadi əlaqələr və hərbi-texniki əməkdaşlıq məsələlərinə xüsusi önəm verilir.

Səbəb bəsitdir: ölkələrimizin yerləşdiyi regionda risklər artır. Bölgə murəkkəb və turbulentdir. Eyni zamanda Asiyanı Avropaya bağlayan yollar risklidir, bir sıra geosiyasi səbəblərdən tam təhlükəsiz deyil. Çin və Hindistan təki, Pakistan da Avropaya "quru dəhliz"dən yararlanmaq niyyətindədir. Ən etibarlı, effektiv və perspektiv marşrutlardan biri Azərbaycan ərazisindən keçir. Azərbaycanla Türkiyə həm də bölgədə stabillik, sülh və təhlükəsizliyin təminatçısı kimi çıxış edərək sözügedən marşrutla bağlı məsuliyyəti öz üzərilərinə götürüblər.

Həmin marşrut Pakistanda başlayaraq Əfqanıstan, Türkmənistan, Azərbaycan və Türkiyədən keçərək Avropada bitir.

Dünyanın ən sürətlə böyüyən, böyük potensiala malik iqtisadiyyatlarından birinə malik Pakistana Avropaya çıxış marşrutları məsələsində sınanmış tərəfdaş və etibarlı tərəf-müqabil gərəkdir.

Məhz bu səbəbdən İslamabad-Bakı-Ankara üçlü ittifaqı regional stabillik və marşrutların təhlükəsizliyinin təminatı baxımından ciddi önəm kəsb edir.

İttifaq dayanıqlı, işləkdir və bu işdə Azərbaycanın rolu, əməyi çox böyükdür. Məhz Azərbaycan İslam ölkələri ilə Avropa dövlətləri arasında siyasi-iqtisadi əməkadşılığın aktivləşməsi istiqamətində ciddi addımlar atıb.

Azərbaycan, Türkiyə və Pakistan yeni geosiyasi konfiqurasiyalar yaradan ölkələrdir. Dövlətlərimiz bölgədə yeni, mövcud risklər və çağırışlardan narahat olan qonşu dövlətlərin maraqları ilə gözləntilərinə cavab verən yeni reallıqlar formalaşdırır.

Və üç ölkənin liderlərinin siyasi iradəsi gərəkli anda gərəkli yerdə birlikdə olmağa yetər: bu səbəbdən Ankara, Bakı və İslamabadın nə yeni iqtisadi, nə siyasi, nə də hərbi blok yaratmalarına zərurət duyulur.

Unutmayaq ki, üç ölkənin toplam siyasi, hərbi və iqtisadi potensialı çox böyükdür, istənilən bloku və dövləti özü ilə hesablaşmağa vadar edir.

Əfqanıstan da üçlü tərəfdaşlıq modelinə qatılmaqda maraqlıdır. Kollektiv Qərbin xüsusi xidmət orqanlarının kreaturası olaraq "islamçı terrorizm" kimi çox yanlış və mənhus ifadə ilə səciyyələndirilən terrorçu qruplaşmalar Pakistanın qonşuluğundakı Əfqanıstanın üzləşdiyi ən ciddi problemlərdən biridir.

Gərçi Əfqanıstan belə qruplaşmalar üçün böyük poliqona döndərilibsə, Pakistan həmin qrupların fəaliyyətindən ciddi fəsadlarla qarşılaşıb. Terrorla mübarizədə uğur qazanmaq üçünsə ölkələrin birgə fəaliyyəti gərəkdir. Ona görə də Ankara-Bakı-İslamabad əməkdaşlığı konkret qüvvəyə və ya ölkələrə qarşı yox, müxtəlif bölgələrdə və iqtisadi önəm kəsb edən marşrutlarda süni gərginlik yaratmağa çalışan qüvvələrə qarşı yönəlib.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.