Siyasət

İƏT-in Zirvə toplantısı: Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycanın strateji tərəfdaşları kimi...

5 Mart 2021 15:45
Baxış: 251

Dünən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) onlayn Zirvə toplantısı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla toplantıda çıxış edən üzv dövlətlərin liderləri Azərbaycanla bağlı çox nikbin fikirlər səsləndirdilər. Xüsusən də Türkiyə, Pakistan və Əfqanıstanın rəhbərlərinin Prezident İlham Əliyevi Vətən müharibəsində qələbə münasibətilə təbrik etməsi həmin ölkələrlə Azərbaycanın sıx tərəfdaşlıq əlaqələrinin bariz nümunəsi, Azərbaycanın dünyada artan nüfuzunun təsdiqidir.

Türkiyə, Pakistan və Əfqanıstandan Azərbaycana böyük etimad

"Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm" deməklə Pakistanın baş naziri İmran Xan Azərbaycana və onun dövlət başçısına yüksək etimadının olduğunu bəyan etdi.

Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsində qələbəni "dastanlara yazılacaq bir qələbə" adlandırması, Əfqanıstan Prezidenti Əşrəf Haninin "atanız sağ olsaydı, sizinlə fəxr duyardı" fikrini söyləməsi Zirvə toplantısında xüsusi diqqət çəkən fikirlər idi.

Eyni zamanda təşkilata üzv olan digər dövlət rəhbərlərinin də Azərbaycan və onun prezidenti barədə nikbin və olduqca səmimi sözləri Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdi. Budəfəki tədbir də bir daha məhz bunu təsdiqləmiş oldu.
Bu arada onu da vurğulamaq yerinə düşər ki, Türkiyə, Pakistan və Əfqanıstan hələ 2020-ci il sentyabrın 27-dən - müharibə başlandığı gündən Azərbaycana xüsusi dəstəklərini nümayiş etdirib, siyasi və mənəvi dəstəklərini əsirgəməyiblər. Bununla əlaqədar Türkiyə, Pakistan və Əfqanıstanın müxtəlif səviyyələrdə dəstək bəyanatları oldu.

Əfqanıstan və Pakistan Vətən müharibəsi dövründə və ondan sonra Azərbaycana ciddi dəstəklərini ifadə edib

Əfqanıstan və Pakistanın Azərbaycana dəstəyi ilə bağlı qısa xronikaya diqqət etsək, görərik ki, Əfqanıstan Prezidentinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıq bəyanatı olmayıb. Lakin Azərbaycan Respublikasının Prezidentinə ad günü münasibətilə 2020-ci ilin dekabr ayında ünvanlandığı məktubuna diqqət edək: "Bu il Sizin 17 illik müdrik və uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı tarixi qələbələrin qazanıldığı uğurlu bir ildir."
Həmçinin, 28.09.2020 tarixində Əfqanıstan Xarici İşlər Nazirliyi belə bir bəyanat yaydı: "Dağlıq Qarabağ regionu beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir, Azərbaycan xalqının, Azərbaycan hökumətinin və dünyanın digər ölkələrinin bununla əlaqədar səylərini dəstəkləyir".

Pakistana gəldikdə isə 2020-ci il sentyabrın 27-də Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında deyilir: "Erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik".

2020-ci il noyabrın 16-da Pakistanın Baş naziri İmran Xan bu ölkənin yerli televiziya kanallarından birinə müsahibəsində "Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar" dedi.

2020-ci il noyabrın 11-də Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasını alqışlayan açıqlama yayıb. 2020-ci il oktyabrın 28-də Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamə qəbul edib.

Ötən il dekabrın 30-da Pakistanın Prezidenti və birinci xanımı Heydər Əliyev Fondunun dəstəyi ilə İslamabadda fiziki qüsurlu şəxslər üçün keçirilən əlil arabalarının təqdim olunması mərasimində iştirakı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və təcavüzkar Ermənistan üzərində qələbə qazanması münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib, xüsusi təbriklərinin Azərbaycan Prezidentinə də çatdırılmasını xahiş edib.

2021-ci il yanvarın 14-də xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri İmran Xan ilə görüşündə İmran Xan əldə etdiyi qələbə münasibətilə Azərbaycanı təbrik edərək, bu xüsusda səmimi arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətinə çatdırılmasını xahiş etdi. Qələbənin Pakistan xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Baş nazir bu hadisəni Pakistan xalqının Azərbaycanla birgə qeyd etdiyini bildirdi.

İƏT-in profili, məqsəd nədir?

Bu dəstəyin belə bir mühm tədbirdə bir daha ifadə edilməsi Azərbaycanın həm regionda, həm də İƏT çərçivəsindəki yüksək nüfuzundan xəbər verir. Bu toplantı, həmçinin İƏT-in nə qədər əhəmiyyətli bir təşkilat olduğunu göstərdi. Bu, məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafı olan hökumətlərarası regional bir təşkilatdır. 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən Regional İnkişaf üçün Əməkdaşlıq olaraq yaradılan təşkilat 1985-ci ildə "ECO" (İƏT) olaraq yenidən quruldu.

Hazırda təşkilatın 10 üzvü var. Bunlar Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistandır. Azərbaycan 1992-ci ildə təşkilata üzv olub. Təşkilatın Baş katibi Hadi Süleymanpurdur (İran). Katibliyi isə Tehranda yerləşir.

Təşkilatın iqtisadi tədqiqat mərkəzi məhz Azərbaycanda təsis edilib. Birgə layihələrin hazırlanması üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) iqtisadi tədqiqat mərkəzinin Azərbaycanda təsis edilməsi fikrini Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilk dəfə 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının VII Zirvə Görüşündə irəli sürmüş və bunun vacibliyini qeyd etmişdi. Mərkəzin təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən İƏT-in 2006-cı ildə Bakıda keçirilmiş IX Zirvə görüşündə təkrar irəli sürülmüş və bu təklif "Bakı Deklarasiyası-2006" adlı sənəddə öz əksini tapmışdır.
Bu gün İƏT Tədqiqat Mərkəzi İƏT-in ixtisaslaşmış agentliyi kimi hüquqi şəxs statusuna malikdir. Mərkəzin məqsədi tədqiqata əsaslanmış özülün üzərində regional əməkdaşlığın yaradılması üçün İƏT-ə və onun üzvlərinə yardım etməkdir.
Məhz bu konteksdə Azərbaycan Prezidenti İlham Əliyevin 14-cü Zirvə toplantısındakı nitqində Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verdiyi, eləcə də İƏT-in Tədqiqat Mərkəzinin Azərbaycanda yerləşməsi və təşkilata üzv dövlətlərin ümummilli lider Heydər Əliyevin bu təşəbbüsünü dəstəkləməsi xüsusi vurğulandı.

Zirvə toplantısının Azərbaycan üçün əhəmiyyəti?

Zirvə toplantısının Azərbaycan üçün bir sıra mühüm əhəmiyyəti ilə diqqət çəkdi. Prezident İlham Əliyevin timsalında Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsi, Ermənistanın 30 il davam edən işğal siyasətinə son qoyulması, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtması, məscidlərin, mədəni və dini abidələrin dağıdılmasının İslam dünyasına hörmətsizliyin və düşmən münasibətin təzahürü olması, həmçinin Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyin güclənməsinə dəyərli töhfələr verməsi, dünyada islamofobiyaya qarşı mübarizənin ön cərgəsində yer tutması, Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri, Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantıları, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olması, humanitar və maliyyə yardımları göstərməsi, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, bu istiqamətdə işlərə başlanması və böyük həcmdə tədbirərin həyata keçirilməsi nəzərdə tutulması kimi firkirlərin bir daha dünyaya çatdırılması olduqca mühüm idi.

TREND

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.