Siyasət

Azərbaycan QHT-ləri Türkiyənin İzmir şəhərində sərgi keçirib - FOTO

27 Aprel 2010 10:29
Baxış: 323
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından Milli.Az xəbər portalına daxil olan məlumata görə, sərgi Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Qəzetəçilər Federasiyasının dəvəti ilə İzmirə səfəri çərçivəsində təşkil edilib. Səfərin məqsədi 24 aprel tarixi ilə bağlı ermənilərin qaldırdığı qondarma soyqırım iddialarına qarşı çıxış edərək, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını nümayiş etdirmək, ötən əsrdə Qafqazda və Türkiyə ərazilərində baş vermiş müdhiş erməni cinayətləri haqqında əsl tarixi həqiqətləri dünyaya çatdırmaq olub.

Sərgidə nümayiş etdirilənlər arasında "Çanaqqladan başlanan yol", "Soyqırım" (Quba), "İrəvan: danışır canlı şahidlər" sənədli filmləri, "Erməni yalanları", "Qarabağ abidələri", "Məcburən erməniləşdirmə", "Bağanis Ayrım soyqırımı", "Qarabağ gündəliyi" və 43 adda digər kitablar, eləcə də 100-ə yaxın fotoşəkil olub. Bu materiallarda ermənilərin türk-müsəlman əhaliyə qarşı Azərbaycan və Türkiyə ərazilərində törətdikləri soyqırım cinayətləri ifşa edilir, tarixi gerçəkliklər faktlara və arxiv sənədlərinə istinadən şərh olunur. Sərgidə erməni silahlı quldur dəstələrinin Türkiyə bölgələrinə hücumunu əks etdirən fotoşəkillər ilk dəfə nümayiş etdirilib. Sərgidə Türkiyə mətbuatı, televiziya və radiolarının İzmirdəki bölgə müxbirləri, jurnalist birlikləri və qeyri-hökumət təşkilatları nümayəndələri, eləcə də İzmir şəhər rəhbərləri iştirak ediblər.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Türkiyə jurnalistləri ilə birlikdə "Yeni əsr" televiziyası vasitəsilə yayımlanan 1,5 saatlıq birbaşa efirdə qondarma erməni soyqırımı ilə bağlı fikirlərini bildiriblər. Qeyd edilib ki, yüz ildən artıq bir müddətdə dünyanın supergücləri tərəfindən dəstəklənən erməni iddiaları təkcə qondarma soyqırımın tanınması ilə bitmir, alt qatda türk dövlətlərini sarsıtmaq və məhv etmək planını təqib edir. Ermənilərin türk-müsəlman əhaliyə qarşı yeritdiyi soyqırım vəhşiliklərinə göz yuman həmin güc mərkəzlərinin ikili standartları nümayəndə heyətinin və Türkiyə jurnalistlərinin çıxışında da vurğulanıb. Bu siyasətin ifşası üçün Türkiyə və Azərbaycanın bütün müvafiq qurumlarının, o cümlədən QHT-lərin daim birlikdə olması və sıx əməkdaşlıq etməsinin vacibliyi bir daha qeyd olunub. Bu məsələlər barədə Azay Quliyev Türkiyənin NTV, TRT, Ege TV və digər telkanalların xəbərlər proqramına  verdiyi müsahibədə də ətraflı danışıb.

İzmir şəhər valisi Cahit Kıraçı, eləcə də İzmir Böyük Şəhər Bələdiyyə başkanı Aziz Kocaoğlu ilə görüşlərdə Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmləndirilməsi, İzmir şəhəri ilə Azərbaycan arasında mədəni, ictimai və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin görüşdüyü İzmir Ticarət Odası Başkanı Ekrem Demirtaş və Egey Bölgə Sənaye Odası başkan yardımçısı İbrahim Göganoğlu Azərbaycanla İzmir şəhəri, eləcə də Egey bölgəsi arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğuladı. Azərbaycanın SOCAR şirkətinin bölgə iqtisadiyyatına 5 milyard dollar yatırım qoymaqla "Petkim" neft-emal sənaye mərkəzini yaratması əməkdaşlığın yüksək səviyyəsi kimi qeyd edilib.

Milli.Az




--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.