Siyasət

"Böyük dövlətlər Türkiyə və Azərbaycanla düşmən olmaq istəmirlər"

18 Yanvar 2021 12:07
Baxış: 1 672

Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktub yazaraq onunla görüşmək istədiyini bildirib. Bu gedişat həm Ankaranın, həm də Bakının maraqlarına uyğundur.

Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Moskva Türkiyə ilə hesablaşırsa, Paris də Ankara ilə hesablaşmalıdır:

"Makron ilk gündən Türkiyə əleyhinə addımlar atdı, islamafob çağırışlar etdi. Bunun qarşılığında Ərdoğan Makronu sərt tənqid etdi. Fransa bu qarşıdurmadan heç nə qazanmadı, əksinə itirdi. 

Məktub yazan Makron "siyasətdə əbədi düşmənlər olmur" prinsipindən çıxış edərək Ankara ilə münasibətləri normallaşdırmağa qərar verib. Makron Türkiyənin bölgədə artan gücü ilə hesablaşmaq məcburiyyətində qalıb. Fransa Rusiyadan artıq deyil. Moskva Türkiyə ilə hesablaşırsa, Paris də Ankara ilə düşmənçiliyin kimsəyə fayda gətirməyəcəyi anlamalıdır. Ərdoğan Makronla onlayn formatda görüşməyə hazır olduğunu deyib.

Makron-Ərdoğan dialoqu Ermənistana və Fransadakı erməni lobbisinə yaxşı şapalaq olacaq. Ermənilər bir müddət Makronun anti-Türkiyə və anti-Ərdoğan siyasətindən faydalanmağa çalışdılar. Ancaq ermənilər bundan nəticə əldə etmədilər. Türkiyə ilə düşmənçiliyin Fransaya faydası yoxdur".

E.Şahinoğlu onu da qeyd edib ki, ermənilər anlamalıdırlar ki, böyük dövlətlər Türkiyə və Azərbaycanla düşmən olmaq istəmirlər:

"Böyük Britaniya və İtaliya Fransanın yolunu tutmadılar, Türkiyə ilə hesablaşdılar, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdılar. Fransa isə müharibədə Ermənistana siyasi və diplomatik dəstək verməklə Azərbaycanla da münasibətlərə zərbə vurdu. Münkündür ki, Makron bu səhvini də anlayaraq Bakı ilə dialoqa başlasın. Belə olarsa, Ermənistan hakimiyyəti və Fransadakı erməni lobbisi növbəti xəyal qırıqlığına uğrayacaq. Ermənilər anlamalıdırlar ki, böyük dövlətlər bölgənin aparıcı dövlətləri olan Türkiyə və Azərbaycanla düşmən olmaq istəmirlər, əməkdaşlığın yollarını axtarırlar. 

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin son iclasında deyib ki, bölgə ölkələri ilə iqtisadi əməkdaşlıqdan faydalanmaq mümkündür. Eyni zamanda, Paşinyanın partiyasının üzvləri deyirlər ki, bundan sonra revanş və müharibə mümkün deyil, qonşularla normal münasibətlər qurmaq lazımdır. Ağıllanırlarmı? Yaxın gələcək göstərəcək".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.