Siyasət

"Azərbaycanın Fransaya diplomatik kanallar vasitəsilə təsir etmək imkanları var"

26 Noyabr 2020 16:15
Baxış: 1 020

"Fransa Senatının qondarma "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnaməsi ilə bir qrup ermənipərəst senator tərəfindən irəli sürülən təşəbbüs onu göstərir ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövləti, eyni zamanda ATƏT-in mandatı altında danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Fransanın qərəzli mövqeyi Azərbaycan ictimiyyətində ciddi şəkildə narazılığa səbəb olub, eyni zamanda həmsədr qismində çıxış edən Fransaya qarşı hiddət ictimai rəydə daha çox hiss olunur".

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Senatın qəbul etdiyi bu qətnamənin hüquqi qüvvəsi olmasa da siyasi məna kəsb etdiyinə görə xüsusi əhəmiyyət kəsb edir:

"Bu hiddət onunla bağlıdır ki, ATƏT-də Minsk Qrupunda təmsil olunan Fransa uzun illər ərzində münaqişənin dinc, silahsız, sülh yolu ilə tənzimlənməsi prosesində tutduğu mövqe ilə uyğunluq təşkil edir və münaqişənin siyasi, diplomatik yolla tənzimlənməsində Fransanın tutduğu tərəfkeş mövqe ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, Senatın qəbul etdiyi bu qətnamənin hüquqi qüvvəsi olmasa da siyasi məna kəsb etdiyinə görə xüsusi əhəmiyyət kəsb edir və Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir. O cümlədən, Fransanın prezidenti və XİN rəhbəri tərəfindən səsləndirilən bəyanatlarla da tərs mütənasibdir. Qeyd etmək lazımdır ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, həm ikitərəfli çərçivədə, həm də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapır. Eyni zamanda, fransanın daha çox qərəzli qətnamələr qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik, əminamanlıq, əməkdaşlıq, tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması daha çox bu ölkənin maraqlarına cavab verər və qeyd etmək lazımdır ki, bölgədə dayanıqlı inkişafa yardım olar".

İ.Hüseynov qeyd edib ki, ermənipərəst qüvvələrin, ermənilərin Fransa siyasətinə təsiri nəticəsində qərəzli qətnamə qəbul edildi:

"Bu qətnamə həqiqətə uyğun olmayan tezislər üzərində qurulub və qatı ertmənipərəst qüvvələrin səyi nəticəsində ərsəyə gəlib. 305 nəfər qətnamənin lehinə, cəmi 1 senator əleyhinə səs verib. Görünür ki, Fransa erməniləri münaqişə mövzusunda seçki məqsədləri üçün istifadə edirər. Qarşıda Fransada seçkilər olacaq və ermənipərəst qüvvələrin, ermənilərin Fransa siyasətinə təsiri də var və bu təsir nəticəsində qərəzli qətnamə səsvermə nəticəsində qəbul edildi. Düşünürəm ki, gələcək dövrlərdə Fransanın rəsmi şəkildə qondarma qurumu tanımaqla bağlı təşəbbüsləri ifıasa uğrayacaq. Bununla bağlı Azərbaycan diplomatiyası hazırda fəaliyyət həyata keçirir. Milli Məclisdə bununla bağlı fəaliyyəti həyata keçirən dörd deputatdan ibarət qrup da formalaşdırılıb. Azərbaycanda Fransa səfirliyi qarşısında etirazların və nümayişlərin keçirilməsi də gözlənilir. Eyni zamanda Fransaya siyasi, diplomatik kanallar vasitəsilə təsir etmək imkanlarımız da var. Bu imkanlardan da Azərbaycan diplomatiyası maksimum dərəcədə istifadə etməyə çalışacaq".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.