Siyasət

Bu gün Ali Baş Komandan Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazır - Tamam Cəfərova

22 Oktyabr 2020 16:40
Baxış: 873

Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazır. Qüdrətli Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edir, düşmən tapdağı altında qalan ərazilərimiz bir-birinin ardınca azad edilir, Müzəffər Ordumuzun qarşısında davam gətirə bilməyən təcavüzkarlar silah-sursatını atıb biabırcasına qaçırlar. Bizim indi döyüş meydanında qələbələr qazanmağımız və bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyəti, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi, xalqın ona inamının nəticəsidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibə ilə bağlı açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.

Cənab Prezident Ali Baş Komandan olaraq ön cəbhədə şanlı Ordumuzun azadetmə əməliyyatlarına rəhbərlik edir, diplomatik cəbhədə Azərbaycanın haqlı mövqeylərini beynəlxalq hüquq çərçivəsində əsaslandırır və diplomatik mövqeləmizi möhkəmləndirir, informasiya sahəsində isə beynəlxalq auditoriyaya ünvanlanmış müsahibələrilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Bu baxımdan Prezident İlham Əliyevin oktyabrın 19-da TASS informasiya agentliyinə müsahibəsi böyük əhəmiyyət kəsb edir.

Cənab Prezident, müsahibə götürən jurnalistin istəyinə uyğun olaraq, Azərbaycanın haqlı, hüquqi mövqeyinin rusdilli auditoriyanın daha yaxşı anlamasına kömək edəcək bəzi baza məsələləri ilə bağlı ətraflı məlumat vermişdir.

Ölkə başçımız ilk olaraq Azərbaycanın öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqliyini diqqətə çatdırdı və bildirdi ki, həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışır və hazırlaşır. Lakin Ermənistan humanitar atəşkəsə əməl etmir və atəşkəs rejimini kobud şəkildə pozur. "Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum etdi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirdi. Birinci hücumdan sonra, iki hücum olub, həlak olanlar və yaralananlar hədsiz çoxdur. Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik etdi. Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi".

Cənab Prezident bildirib ki, vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır. Ermənistan rəhbərliyinin lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış etməsi, Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyətinin prinsip etibarilə, danışıqlar prosesinin pozulmasına yönəldilməsi xüsusi vurğulanıb.
Millət vəkili bildirdi ki, Cənab Prezidentin Azərbaycanın siyasi iradəsini ortaya qoyması çox vacib və əhəmiyyətli məqamlardan biridir. Müsahibədə vurğulandı ki, "birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Azərbaycan tərəfindən bu iradə var. Azərbaycan öz mövqeyini bir daha təsdiq edir. Özü də bunu elə bir vaxtda təsdiq edir ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə Azərbaycan, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır".

Hərbçilər arasında əlaqələr məsələsinin baza prinsiplərində dəqiq müəyyən edildiyini və Azərbaycanın baza prinsiplərinə sadiqliyini bir daha diqqətə çatdıran Prezident İlham Əliyev onu da xüsusi olaraq vurğuladı ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılması baza prinsiplərində öz əksini tapıb.

Deputat bildirdi ki, Cənab Prezidentin Rusiyanın münaqişənin nizamlanmasında rolu haqqında fikirləri də əhəmiyyət kəsb edir: "Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və bunun həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəbləri var. Səbəblərdən biri də budur ki, Rusiya onilliklər boyu regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də Azərbaycan hər cür əlaqəyə hazırdır, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi Azərbaycan dərhal razılaşdı. Bu da Azərbaycanın mövqeyinin göstəricisidir...Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.