Siyasət

ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti ABŞ mətbuatında müzakirə olunub

21 Oktyabr 2020 09:28
Baxış: 1 134

ABŞ-ın nüfuzlu və milyonlarla dinləyici kütləsinə malik Con Batçelor Şou radio proqramında Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatı nəticəsində yaranmış gərginlik, humanitar sülh razılaşmaları və münaqişənin nizamlanması istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona səfərləri, ABŞ dövlət katibi Mayk Pompeo ilə nəzərdə tutulan görüşləri ilə bağlı veriliş yayımlanıb. Verilişdə müsahib qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şeffer çıxış ediblər.

Milli.Az bildirir ki, ilk öncə səfir son gərginliklər fonunda Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə iki dəfə humanitar atəşkəs əldə edildiyini, lakin hər iki halda bu atəşkəsin dərhal Ermənistan tərəfindən pozulduğunu qeyd etmişdir. Ermənistanın substantiv danışıqlarda maraqlı olmadığını, bu məqsədlə davamlı olaraq atəşkəsi pozaraq, üçüncü ölkələri, xüsusilə də Rusiyanı münaqişəyə cəlb etmək niyyətini diqqətə çatdırıb. Atəşkəsin vacibliyi ilə yanaşı danışıqların əhəmiyyətini vurğulayan səfir, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri qismində münaqişənin həllinə göstərdiyi marağı müsbət qiymətləndirilib. O, xarici işlər nazirlərinin Vaşinqtona səfəri və burada keçiriləcək danışıqlardan ümidlə gözləntilərinin olduğunu qeyd edib.

Jurnalistin Ermənistanın Gəncəni raket hücumuna tutması barədə sualını cavablandıran E.Süleymanov bildirmişdir ki, döyüş meydanında məğlub olan Ermənistan rəhbərliyi diktator ölkə rəhbərləri kimi mülki insanları atəş hədəfinə çevirir. Səfir keçmiş İraq lideri Səddam Hüseynin də Küveyti qanunsuz şəkildə işğalı planlarının məğlubiyyəti zamanı İsraildə mülki əhalini atəşə tutmasını xatırladaraq, Ermənistan baş naziri Nikol Paşinyanı onunla müqayisə edib. Humanitar atəşkəsdən dərhal sonra münaqişə zonasından kənarda yerləşən Gəncəni atəşə tutmasına diqqət çəkən səfir bildirib ki, Ermənistanın atdığı mərmilər şəhərdəki ortodoks kilsəsinin 500, əsas məscidin isə 300 metrlik məsafəsində partlamışdır. 10-dan çox həlak olan mülki əhalinin içərisində 10 aylıq körpənin və 1 gün sonra 5 yaşı tamam olacaq azyaşlının olmasını xüsusi qeyd etdib.

Professor Şeffer Azərbaycan əsgərlərinin Araz çayının şimalında yerləşən Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edərkən çayın qarşı tərəfindən İranda yaşayan azərbaycanlıların onları ürəkdən dəstəkləməsinə diqqət çəkib.

Səfir Azərbaycan xalqı üçün simvolik rəmzi olan Xudafərin körpüsünün azad olunmasının və orada Azərbaycan bayrağının dalğalandırılmasının xalqımız üçün olduqca həssas duyğular yaratdığını qeyd edib.

Müsahibənin tam mətni ilə https: https://audioboom.com/posts/7709614-the-south-caucasus-crisis-comes-to-washington-for-peace-talks-profbshaffer-fdd-elinsuleymanov?utm_campaign=detailpage&utm_content=retweet&utm_medium=social&utm_source=facebook&fbclid=IwAR3HBuDOCrehuU_8FX0EdIz_Tl0yWiB7UqS946NYOKmENazSRe1r8G_jBFo internet səhifəsindən tanış olmaq mümkündür.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.