Siyasət

Nikol Paşinyanın saxta "demokrat" imici dağılır: Avropa təşkilatları Ermənistan liderini söz azadlığını boğmaqda ittiham edirlər

20 Oktyabr 2020 08:31
Baxış: 1 244

Beynəlxalq jurnalist təşkilatları Nikol Paşinyanı sərt tənqid edən bəyanat yayıblar. Ermənistanın baş naziri ölkədə söz azadlığını boğduğuna görə ittiham olunur. Avropa Jurnalistlər Federasiyasının açıqladığı bəyanatda qeyd edilir ki, sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında hərbi toqquşmalar başlayandan sonra ölkədə hərbi vəziyyət elan edilib. Hərbi vəziyyətin şərtlərinə uyğun olaraq medianın fəaliyyətinə də müəyyən məhdudiyyətlər tətbiq olunub. Hərbi vəziyyət rəsmən elan edilirsə, şərtlərə uyğun olaraq müəyyən məhdudiyyətlərin tətbiq edilməsi təbiidir. Buna həm beynəlxalq konvensiyalar, həm də milli qanunvericilik imkan verir. Amma Ermənistanda tətbiq edilən  vəziyyət fərqlidir. Nikol Paşinyan yaranmış vəziyyəti fürsət bilərək, medianın fəaliyyətinin birdəfəlik məhdudlaşdırılmaq üçün çoxdan hazırladığı proqramın tətbiq edilməsinə çalışıb. Yəni, mediaya tətbiq edilən məhdudiyyətlər hərbi vəziyyət dövrünün standartlarını aşıb keçir.

Ermənistan baş naziri  hərbi vəziyyət haqqında qanuna yeni əlavə və dəyişikliklər edilməsini təklif verib. Bu əlavə və dəyişikliklər hərbi vəziyyət dönəmində medianın fəaliyyətnin məhdudlaşdırılmasının mexanizmlərini ehtiva edir. Təkliflərdə əks olunanlar anti-demokratik, dünya praktikasına zidd hesab olunur və bu baxımdan narazılıq yaradıblar.  Proseslə bağlı olaraq 3 məqam xüsusilə ciddi  etiraz doğurub.

Yeni dəyişikliklər hərbi vəziyyət dönəmində hərbi fəaliyyətlərlə bağlı  informasiya verilməsini məhdudlaşdırmaqla yanaşı, həm də hərbi vəziyyət dönəmində dövlət qurumlarının, məmurların, hətta yerli özünüidarəetmə qurumlarının fəaliyyətinin tənqid edilməsini yasaqlayır. Bir sözlə, medianın fəaliyyət iflic edilir.

İkinci məqam bundan ibarətdir ki, dünya praktikasına zidd olaraq, yeni qanunun tələblərinin  pozulması  ilə bağlı vəziyyətə nəzarət etmək səlahiyyəti polisə verilir. Polis qanunun tələblərinin pozulduğunu müəyyən edərkən cərimə tərtib etmək; materialın silinməsini tələb etmək, həmçinin, KİV qurumunun fəaiyyətini dayandırmaq səlahiyyətinə malik olur.

Üçüncüsü isə, yeni dəyişikliklərin  parlamentdə təsdiqi  gözlənilmədən tətbiqinə başlanılıb: "Oktyabrın 10-da üç polis məmuru "təhdid" sayılan məqaləni dərc etdiyinə görə KİV qurumlarından birinin redaksiyasına gələrək 700.000 AMD (1200 €) cərimə kəsib".

Yaranmış durum Ermənistan KİV-lərində etiraz doğurub, beynəlxalq jurnalist təşkilatları bu halı pisləyən bəyanat qəbul ediblər (https://europeanjournalists.org/blog/2020/10/13/armenia-new-amendments-to-the-martial-law-seriously-undermine-media-freedom/)

Əslində, Ermənistanda söz azadlığının durumu həmişə problemli olub: azad, müstəqil  media mövcud deyil, KİV-lər istisnasız olaraq ya diaspor şəbəkələrinin, ya da yerli oliqarxların himayəsində, yəni, təsir dairəsində olublar. Maliyyə təminatından başlamış xəbər siyasətinə qədər bütün məsələlər  "himayəçilərin" ofislərində müəyyənləşdirilib, onların  iradəsinə uyğunlaşdırılıb; qeyri-rəsmi  senzura pik həddə çatıb. Amma diaspor təşkilatları, beynəlxalq erməni lobbi şəbəkələri Ermənistan KİV-nin maliyyə təminatınının "qayğısına qaldıqları" kimi, onun  beynəlxalq imici ilə də məşğul olublar; ölkə KİV-lərinin problemlərinin beynəlxalq arenada müzakirəyə çıxarılmasının qarşısını alıblar. Xatırlayıram ki, 2015-ci ilin 20-21 may tarixlərində Riqada keçirilən Avropa Birliyi Şərq Tərəfdaşlıq Proqramı üzrə Birinci Media Konfransında yadda qalan hadisələrdən biri də Ermənistandan gəlmiş araşdırmaçı jurnalisti (freelancer)  Qayana Arustamyanın məruzəsi olmuşdu.  O, həmin dövrdə Avropa Şurasının insan haqları üzrə komissarı olan Nils Mujnieksin qatıldığı sessiyada Ermənistandakı durum barədə dolğun informasiya verilmədiyindən şikayətlənmişdi.  Bildirmişdi ki, "may ayının ilk günlərindən başlayarq, ciddi şəkildə təqib edilməyə başlayıb. Həbs təhlükəsi, hətta həyatına təhdidlərlə üz-üzədir.  Buna baxmayaraq, dövlət orqanlarına ünvanlanan  müraciətlər cavablandırılmır, heç bir reaksiya verilmir". Qayana Arustamyanı təəccübləndirən məqam yerli hüquq-mühafizə orqanlarının "laqeydliyi" deyil,  beynəlxalq insan haqları təşkilatlarının reaksiyası idi. Müraciət ünvanladığı beynəlxalq statuslu  təşkilatlardan heç biri onu müdafiə etməmiş, səsinə səs verməmişdi. Qayana açıq tekstlə deyirdi ki, "hansısa qüvvələr" Ermənistan jurnalistlərinin səsinin dünya ictimaiyyətinə çatdırılmasının qarşısını alır, bu səsləri yerindəcə batırırlar.

Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra  Ermənistan cəmiyyətində bu problemlərin nisbətən həll ediləcəyinə ümidlər yaranmışdı. Baş nazir ətrafında yaradılan saxta demokrat imici insanları çaşdıra bilmişdi. Amma Paşinyan dönəmində Ermənistanda müstəqil medianın, ifadə azadlığının durumu nəinki yaxşılaşmadı, əksinə, təzyiq və təqiblərə "demokratiya" donu geyindirildi. 
İndi cəmiyyət ayılıb, nə baş verdiyinin fərqinə varıb. Nikol Paşinyanın saxta demokratiyasından Avropaya şikayətlər ünvanlanıb və nəticə də alınıb. Beynəlxalq jurnalist təşkilatları Paşinyanı söz və ifadə azadlığını boğmaqda, mətbuat azadlığına qarşı basqılarda, demokratik dəyərləri ayaqlamaqda  ittiham ediblər.

Müşfiq Ələsgərli

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.