Siyasət

"Sara Uinstonun, təmsil etdiyi təşkilat kimi işğal və məskunlaşdırma ilə bağlı faktlara ikiüzlü, riyakar münasibəti var"

2 Avqust 2020 13:47
Baxış: 873

""Human Rights Watch" və onun Yaxın Şərq və Şimali Afrika üzrə icraçı direktoru Sara Li Uinstonun adı azərbaycanlılara yaxşı tanışdır. Təbii ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz ata-baba yurdlarından didərgin düşən həmvətənlərimizin fundamental hüquqlarının qorunması istiqamətində göstərdikləri fəaliyyətə görə yox, ölkəmizə qarşı həyata keçirilən bütün çirki kampaniyaların ön sıralarında dayandıqları üçün...

Bunun da, şübhəsiz ki, öz səbəbləri var. Öncə qeyd edim ki, "Human Rights Watch" təşkilatının birbaşa donoru "rəngli inqilab ssenariləri" ilə Yaxın Şərq, Aralıq dənizi hövzəsi və digər ərazilərdə milyonlarla günahsız insanın ölümünə, qaçqın və köçkün düşməsinə, qanunsuz hərbi birləşmələrin, terror təşkilatlarının ictimai-siyasi proseslərin ön cərgəsinə çıxmasına  səbəb olmuş Corc Soros və onun adı bütün qaranlıq və qapalı olayların içindən çıxan Açıq Cəmiyyət İnstitudur. "Human Rights Watch"ın digər donoru isə, əksər layihələrini Soros Fondu ilə birlikdə həyata keçirən Karnegi Korporasiyasıdır.

Karnegi Korporasiyasının prezidenti isə İran ermənisi Vartan Qreqoryandır...".

Bunu Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, erməni faktoru "Human Rights Watch"un fəaliyyətinin bütün istiqamətlərində özünü büruzə verir:

"Elə daha öncə haqqında söz açdığım Sara Uinston da erməni əsillidir. Sara Uinstonu Qüdsün erməni məhəlləsində dünyaya göz açmış, 1960-cı illərdə açıqlanmayan səbəblərdən ABŞ-a köşmüş anası Aşi Uinston demək olar ki, təkbaşına böyüdüb. Saranın Los Ancelesdəki erməni məktəbində 12 il tam orta təhsil alması da bunu təsdiqləyir. Texaslı atasından soyadından başqa heç bir xatirəsi olmayan Saranın uşaqlığı anası Aşinin qohum-əqrabasının yaşadığı Livan, Suriya və İordaniyada keçib. Onun işğal altında olan Azərbaycan ərazilərinə köçürülən Suriya ermənilərinin məskunlaşdırılması prosesinə verdiyi hərtərəfli dəstək də, çox güman ki, elə buradan qaynaqlanır".

E.Mirzəbəyli qeyd etdi ki, ABŞ-ın nüfuzlu "Wall Street Journal" dərgisinin yazdığına görə, "Human Rights Watch"ın Yaxın Şərq və Şimali Afrika üzrə icraçı direktoru Sara Li Uinston Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına qanunsuz köçürülən ermənilər üçün yeni yaşayış məntəqələrinin inşasına ciddi dəstək verir və bununla bağlı erməni təşkilatlarının keçirdiyi xeyriyyə aksiyalarında fəal iştirak edir:

"Sara Uinstonun, təmsil etdiyi təşkilat kimi işğal və məskunlaşdırma ilə bağlı faktlara ikiüzlü, riyakar münasibəti var. ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki "Kohelet Policy Forum" mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviçin "Well Street Journal"da dərc olunan məqaləsində də "Human Rights Watch"un və Sara Uinstonun ikiüzlü siyasi baxışlarından və yanaşmalarından bəhs olunur.

Müəllif yazır ki, son zamanlar İsrailin ünvanına ikiüzlü hücumlar geniş vüsət alsa da, "Human Rights Watch" təşkilatının Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uinston bu hücumları yeni və daha aqressiv səviyyəyə çıxarıb. O, İsrailin İordan çayının qərb sahilində, işğal edilmiş Fələstin ərazilərində apardığı məskunlaşmanın ən sərt tənqidçilərindən biri olsa da digər yerlərdə xanım Uinston işğal ediliş ərazilərdə qanunsuz məskunlaşmanı qətiyyətlə dəstəkləyir. Məqalədə deyilir ki, xanım Uinstonun qanunsuz məskunlaşmanı dəstəklədiyi ərazi Ermənistanın işğalı altında olan Azərbaycan əraziləridir.

Bu bağlamda "Yerusalem Post"da dünyanın müxtəlif ölkələrində, xüsusilə də Fransada baş qaldıran antisemitizm meylləri ilə bağlı yayımlanan məqalə də diqqət çəkir. Məqalədə deyilir ki, mərkəzi Vyanada yerləşən Dünya Sionist Təşkilatı (World Zionist Organization - WZO) Fransada yaşayan yəhudilərin İsrailə köçürülməsi ilə bağlı bu ölkənin miqrasiya nazirliyinə xüsusi plan təqdim edib. WZO-nun baş direktorunun müavini Yaakov Haqoel mətbuata açıqlamasında Fransada antisemitizmin gücləndiyini və burada yaşayan yəhudilər üçün ciddi həyati təhlükə yarandığını bildirib.

Lakin araşdırmaçısı Yevgeni Kontoroviçin  "Wall Street Journal"da yayımlanan məqaləsində də qeyd olunduğu kimi "Human Rights Watch" Fransada və digər ölkələrdə baş verən antizemitizm faktlarına münasibət bildirmir. Bu təşkilatı maraqlandıran isə yalnız işğalçı Ermənistanın tarixi Azərbaycan torpaqlarında qanunsuz şəkildə məskunlaşdırdığı Suriya ermənilərinin taleyi və erməni millətçi təşkilatlarının mənafeyidir".

"Corc Meyson Universitetinin professoru öz məqaləsində qeyd edir ki, Sara Uintson 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən Qarabağa pultoplama kampaniyasının təşkilatçısı qismində çıxış edib. Və həmin Uinston eyni zaman kəsiyində "Human Rights Watch" təşkilatının İsrailin İordan çayının Qərb sahillərindəki iqtisadi fəaliyyətinin boykot edilməsi kampaniyasına başçılıq edib.

Sara Li Uinstonun qatı erməni millətçisi olmasını, onun öz "Twitter" səhifəsində əsas şüar kimi "Mən Amerika ermənisiyəm" sözləri də təsdiqləyir. Bir tərəfdən işğal altında olan Azərbaycan ərazilərində qanunsuz istehsal olunan şərabı reklam edən Sara Li Uinston digər tərəfdən özünü Fələstin müsəlmanlarının müdafiıçisi kimi təqdim etməyə çalışır. "Şərab və müsəlmanların müdafiəsi" - əsl erməni simasıdır!

Sara Uinstonun yəhudilərə və azərbaycanlılara qarşı sonsuz nifrətinin nədən və haradan qaynaqlandığı da maraq doğurur. Ola bilsin ki, Saranın anası Aşinin İsraildən ABŞ-a köçməsində hansısa qaranlıq detallar yer alır. Yaxud ana Aşi Uinstonun Qüdsə yeganə yolu erməni məhəlləsindən keçən fələstinlilərlə bağlı kimsəyə bəlli olmayan ilginc xatirələri var. Və bu xatirələr, eləcə də azərbaycanlılara və yəhudilərə qarşı nifrət hissi anasından Saraya ötürülüb.

"Human Rights Watch" təşkilatının dünyanın müxtəlif ölkələrində, o cümlədən Amerika Birləşmiş Ştatlarında ermənilərin azərbaycanlılara qarşı hücumlarına reaksiya verməməsinin səbəbi də, görünür bu qurumun rəhbərliyində təmsil olunan ermənilər və onların maraqları ilə bağlıdır",  - ekspert bildirib.

"Bu arada daha bir məqama diqqət çəkməyi vacib hesab edirəm: Sara Uinstonun yaxından əməkdaşlıq etdiyi təşkilatlardan biri mərkəzi ofisi Vaşinqtonda yerləşən Erməni Hüquq və İnsan Haqları Mərkəzidir (Armenian Legal Center for Justice & Human Rights). Mərkəz və onun Ermənistandakı ofisi artıq uzun illərdir ki, Soros Fondu tərəfindən maliyyələşir. Əldə etdiyim məlumatlara görə, ABŞ-da azərbaycanlılara qarşı hücumların təşkil edilməsində bu mərkəzin və ömrünün 12 ilini Los-Anjelesdə keçirən Sara Li Uinstonun xüsusi "xidmətləri" var.

Bütün bunlar "Human Rights Watch" təşkilatının erməni üzünün, sadəcə görünən tərəfidir. Görünməyən tərəfində isə azərbaycanlılara qarşı həyata keçirilən soyqırım cinayətlərinə haqq qazandıra biləcək qədər iyrənc cizgilərin gizləndiyinə şübhə etmirəm", - E.Mirzəbəyli qeyd edib.

Aslan Məmmədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.