Siyasət

Tofiq Ağahüseynov: Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır

2 İyul 2020 14:57
Baxış: 1 281

Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar nəticəsində, dövlətçiliyin möhkəmləndirilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətləri olan Daxili İşlər Nazirliyi orqanları əməkdaşlarının bu gün peşə bayramıdır.

1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçərək, həm cümhuriyyət, həm də Sovetlər Birliyi dövründə öz şərəfli missiyasını layiqincə yerinə yetirib, cinayətkarlıqla mübarizənin ön sıralarında duraraq, daxili asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayıb, böyük təcrübə qazanaraq, daha da möhkəmlənib. Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır .-deyə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general polkovnik Tofiq Ağahüseynov qeyd edib.

Polisin şanlı tarixinin ən mühüm mərhələləri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər, mərhum Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli "Azərbaycan Polisi gününün təsis edilməsi haqqında" fərmanına əsasən məhz bu tarixi gün - 2 iyul respublikada hər il polis əməkdaşlarının peşə bayramı - Polis günü kimi qeyd edilir.

İllərin danılmaz həqiqətlərindən biri də budur ki, artıq heç bir qüvvə daxili işlər orqanlarına Vətənə xidmət borcunu yerinə yetirməkdə mane olmaq iqtidarında deyil. Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, beynəlxalq standartlara da uyğunlaşdırılır. Bu çətin günlərdə biz hamımız vətəndaşlarımızın sağlamlığı naminə onların atdığı qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinin və peşəkarlığının şahidi oluruq.

Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının kollektivi adından və şəxsən öz adımdan peşə bayramı münasibətlə Daxili İşlər Nazirliyinin şəxsi heyətini səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzu edir.

General Tofiq Ağahüseynov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.