Siyasət

Siyasi marionetlərin maskaları yırtılır

25 Mart 2020 10:00
Baxış: 2 711

COVİD-19 koronavirusu dünyada tüğyan edir. Ərazisindən, əhalisindən, iqtisadiyyatından, hərbi imkanlarından və maliyyə gücündən asılı olmayaraq bütün ölkələr bu pandemiya qarşısında məğlub olublar.

Renuan və Kiribati kimi cırtdan ada dövlətlər də, ABŞ və Çin kimi meqadövlətlər də koronavirusun zərbələrinə məruz qalıb.

Yüz minlərlə insan bəlaya yoluxub, minlərlə insan bu xəstəlikdən həlak olub.

Lakin məşum koronavirusdan da təhlükəli mərəz var.

Siyasi korafəhmlik, mənsub olduğun xalqın maraqlarını və dövlətin mənafelərini qəsdən, bilərəkdən qulaqardına vuraraq konkret istəklərin əsirinə çevrilmək daha pisdir.

Azərbaycandakı radikal müxalifətin bir sıra nümayəndələri, daha doğrusu, özlərini "lider" adlandıran şəxslər hələ də qəflət yuxusundan ayıla bilmədikləri üçün qaranı ağ görür, ağı da qara qələmə verməyə çalışırlar.

AXCP sədri və həm də bloqer Əli Kərimli, marionet "Demokrtik Qüvvələrin Milli Şura"nın rəhbəri Cəmil Həsənli vəziyyətdən yararlanmaq fikrinə düşərək sırf merkantil, cılız maraqlarını təmin etməyə çalışırlar.

Fəqət, bunu da bacarmırlar.

Koronavirus pandemiyası Azərbaycanın radikal müxalifəti üçün nə qədər paradoksal olsa da, bir şans idi.

Radikal müxalifət bu çətin, ağır günlərdə məsuliyyətini və xalqla birliyini nümayiş etdirə bilərdi.

Etmədi.

Halbuki Azərbaycanın daxili siyasətinin müxalifət düşərgəsinə mənsub olan partiyalar arasında tam fərqli davrananlar da var. Məsələn, Ümid Partiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürəcəyini bəyan etməklə yanaşı, ölkədə koronavirusa qarşı aparılan mübarizəyə qoşulduğunu və dövlətin bu istiqamətdə atdığı addımları tam dəstəklədiyini bəyan edib.

Daha beş müxalifət partiyası da analoji qərarlarını açıqlayıblar.

Bu, onların adekvat və normal müxalifət olduğuna dəlalət edir. Çünki xalqın və dövlətin çətin sınaqdan keçdiyi, cəmiyyətdə istisnasız olaraq hamımızın ümumi məqsəd üçün çalışmağımızın və rəsmi qurumların göstərişləri ilə tövsiyyələrinə əməl etməyimizin gərəkdiyi bir dövrdə iqtidarla müxalifət bölgsü olmamalıdır

Cəmiyyətin siyasi mövqelərə və düşərgələrə bölünməsinin yolverilməz, yersiz və zərərli olduğu bir dönəmdə özünü eqosentristcəsinə "müxalifət lideri" adlandıran Əli Kərimli ilə siyasətdəki "blitskriq" davranışından hələ də qurtula bilməyən ahıl professor Cəmil Həsənli şansı əldən verdilər.

O şans ki, xalqla millətin ümumi işində iştirak edə bilərdilər. Vətəndaş mövqeyini, məsuliyyəti, təşəbbüsü, təşkilatlanma bacarığını, şüuru, insanlığı, şəfqəti nümayiş etdirə bilərdilər.

Gün ərzində dəfələrlə Facebook-da status paylaşan və hər yazısında da ən azı iki dəfə "xalq" və ya "xalqım" ifadələrini işlədən Əli Kərimli və Cəmil Həsənli nədən xalqın üzləşdiyi çətin sınaq anında onunla bir deyillər?

Sual ritorikdir, hətta sadəlövhdür. Çünki belə suala cavab aramaq üçün bu iki şəxsin xislətinə, davranış modelinə, məramlarına və istəklərinə bələd olmamaq gərəkdir.

Təşəbbüs hakimiyyətdədir.

Azərbaycan hakimiyyəti ətraf ölkələrlə, habelə Avropa Birliyi dövlətləri ilə müqayisədə daha operativ, konkret və effektiv tədbirləri həyata keçirdi.

Genişmiqyaslı yasaqlar, fövqəladə rejim, küçələrə hərbçilərin çıxarılması yoxdur və bu baxımdan bəli, biz Avropa Birliyi ölkələrindən "geri" qalırıq.

Fransa kimi paytaxt küçələrində zirehli maşınlar dayanmayıb, İtaliya təki xəstəxanalara koronavirusa yoluxanların daşınmasına hərbçilərlə yanğınsöndürənlər cəlb olunmayıb, İspaniya kimi paytaxtdakı ən iri idman arenası morqa döndərilməyib.

Bütün bunlar yoxdur.

Olan düşünülmüş, operativ davranış və ölkə hakimiyyətinin, osmanlı türklərinin "Dövlət Baba" dedikləri gerçək dövlətin, yəni xalqın iqtidarının atdığı addımlar, qəbul etdiyi qərarlardır.

Azərbaycan COVİD-19 koronavirusu ilə bağlı real, qabaqlayıcı işlər gördü və məhz bunun nəticəsində pandemiyanın məşum statistikası baxımından ölkəmiz dünya ölkələrinin "qara reytinqi"ndə sonuncu yerlərdən birini tutur.

Ölkəmiz pandemiya ilə mübarizədə təqdirə layıq dayanıqlılıq və səbatlılıq nümayiş etdirir.

Təbii, bütün bunlar hər şeyin normal olması anlamına gəlmir. Koronavirus sınağının pik dövrü hələ irəlidədir.

Və həmin sınaqlarda üzlərində tibbi maska olan vətəndaşlarımız illərdən bəri riyakarlıq və yalançılıq maskası ilə dolaşaraq siyasi kapusinlik edənlərin maskasız simalarını bir daha görəcəklər.

Necə ki, indi görürlər.

Sosial şəbəkələrdə ölkədə koronavirusla bağlı durumu tam yanlış qələmə verənlər, yalan və şayiələr yayanlar, insanları təlaşa salmaq və xoflandırmaq üçün ən müxtəlif, çirkin vasitələdən yararlanmağa çalışanlar həmişə olduğu kimi, indi də isteriyaya qapılıblar, hakimiyyəti öz aləmlərində "tənqid" edirlər, pafoslu açıqlamaları tirajlayırlar.

Bu məxluqatın bir yaşam prinsipi var: Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır.

Ayıq olaq, sayıq davranaq.

Radikal müxalifətdəki siyasət təlxəkləri, ölkədəki "beşinci kolon"un sifarişli oyunlarını, şivənlərini olduğu kimi dəyərləndirək.

İndi məsuliyyət hər birimizin çiynindədir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.