Siyasət

Bu gün Azərbaycanda parlament seçkiləridir

9 Fevral 2020 00:10
Baxış: 10 072

Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq.

Milli.Az bildirir ki, parlament seçkiləri 125 dairəni əhatə edəcək və səsvermə 5 573 məntəqədə aparılacaq. Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub. 

Parlament seçkiləri 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsi əhatə edəcək.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib, onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb. Deputatlığa namizədliyi qeydə alınanlardan 321 nəfər namizədliyini geri götürüb, MSK iki nəfərin deputatlığa namizədliyini ləğv edib.

Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparacaq. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.

Ümumilikdə 1000 məntəqədə (bütün məntəqələrin 18%-i) veb-kameralar quraşdırılıb.

Seçkidə 5 milyon 329 min 460 seçici səsvermə hüququndan istifadə edəcək.

Seçki üçün 5 387 600 bülleten çap edilib.

Seçkini 77 790 yerli müşahidəçi izləyəcək. Onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Bundan başqa, seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib ki, onlar 58 ölkə vətəndaşlarıdır. Prosesi 132 beynəlxalq KİV təmsilçisi işıqlandıracaq. 

Parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə, "İnsan Hüquqları XXI əsr - Azərbaycan" Fondu Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə və RƏY Monitorinq Mərkəzi "exit poll" keçirəcək qurumlar kimi qeydə alınıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.