Siyasət

İtmiş Gültəkinin nağılı: xəyanət, yalan, şər...

21 Sentyabr 2019 12:51
Baxış: 3 804

Azərbaycan ədəbiyyatında, nəsrində və nəzmində böhran yaşandığı danılması mümkün olmayan gerçəkdir. Əsas problem də süjet sayılır.

Halbuki gündəlik həyatda elə hadisələr yaşanır ki, onlar dahi yazarların əsərlərindəki süjet kolliziyalarını belə geridə qoyur.

Bəşər övladının xislətinin varoluşdan bəri dəyişməsinin bariz nümunələri çoxdur. Onların arasında ədalətdən danışıb ədalətsiz yaşayan və bunu norma sayanlar da az deyil, əfsuslar.

Özünün ikili, üçlü, beşli maskalarını dəyişərək yaşadığı həyatını başqalarına yük edən, öz yükünü daşıya bilməyib başqalarını əzən və bununla da yetməyib, başqalarına ağıl öyrətməklə məşğul olan insan kimdir?

Sosial ədalət arayan, demokratiya uğrunda mübarizə apardığını deyən, vicdan və şərəfini loqotipli geyim təki vücudunda oynadan adam nə istəyir?

Çətin suallardır, amma cavab sadədir. Çox sadə. Həmin adamın şüuru və istəkləri kimi.

Şəxsi həyata müdaxiləni əsla sevməm və bunu edənləri də əsla təqdir etməm. Fəqət, bəhs etdiyim adam şəxslərə və həyatlara müdlaxilə edib, edir və davranışından görünən də odur ki, edəcək.

Bu adam Gültəkin Hacıyevadır. Daha doğrusu, özünü təqdim etdiyi təki, Gültəkin Hacıbəylidir.

Onun ailə həyatı barədə yazmaq, boşandığı əri Mahmud Mehdiyevlə  "münasibət"lərindən, oğlu Toğrulu 2006-cı ildən bəri sabiq ərinə təzyiq vasitəsi kimi istiadə etməsindən bəhs etmək istəmirəm.

Həmin hadisələr baş verəndə G.Hacıyeva millət vəkili idi, ötkəmdi, məhkəməyə meydan oxuyurdu və bu səbəbdən də məhkəmənin qərarı elə kağız üzərində qalmışdı, kağız da solmuşdu.

Tanış olun - Gültəkin Hacıyeva, sonra da Hacıbəyli

Gültəkin xanım qətiyyətli, ötkəm və iradəli xanım təsiri bağışlamaq istəyir. Ola bilsin ki, öz dünyasında belədir. Fəqət, reallıq bir qədər fərqli, yaşadığı həyat və mövqeyi isə bambaşqadır.

Əvvəlcə rəsmi tərcümeyi-hala baxaq.

Deyilir ki, Gültəkin Hacıbəyli 1973-cü il oktyabrın 13-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq və hüquq fakültələrini bitirib. İngilis, fransız, rus, ərəb və fars dillərini bilir.

1995-1997-ci illərdə BDU-nun ərəb filologiyası kafedrasının müəllimi olub. 1996-2002-ci illərdə Qərb Universitetində ingilis dili və hüquq kafedralarının müəllimi işləyib. 2002-ci ildən BDU-nun beynəlxalq hüquq kafedrasının müəllimidir. Filologiya elmləri üzrə fəlsəfə doktorudur.

Azərbaycan Respublikası Milli Məclisinin (2-ci və 3-cü çağırış) deputatı seçilib. Deputatlıq dövründə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü olub.

Amma stop, bir anlıq dayanaq.

Gültəkin Hacıyevanın özü barədə dedikləri, onun barəsində söylənən və yazılan "demokratik mədhiyyə"lər yalandır azı.

Gültəkin Hacıyeva Bakıda yox, Goranboyun Xanqərvənd kəndində dünyaya gəlib. Adi, hətta bir qədər yoxsul ailədə. Atası Yusif kişi ziyalıdır, jurnalistdir.

Azərbaycanla Avropa Şurası arasında əlaqələr yeni yarananda Bakıdakı Qərb Universitetinin bir qrup müəllimi, o cümlədən 25 yaşlı Gültəkin Hacıyeva Prezident Administrasiyasının məmurlarına Avropa strukturları ilə yazışmaları tərcümə etməyə yardım göstərirdi. Məmurlar gənc pedaqoqun bacarığını gördülər, dəyərləndirdilər və beləcə, G.Hacıyeva siyasətə atıldı.

O zaman savadlı, poliqlot, mütərəqqi gənclər irərli çəkilirdi. Gültəkin Hacıyeva da seçilmişlər arasında idi. Millət vəkili oldu, AŞPA-dakı nümayəndə heyətinin tərkibində yer aldı, hətta xarici əlaqələr komissiyasının sədr müavini oldu.

2003-cü ilin may ayında isə Baş Prokurorluğun müstəntiqi Mahmud Mehdiyevlə ailə qurdu. Toydan iki həftə əvvəl isə Heydər Əliyev gənc deputata Səməd Vurğun küçəsi, 92a ünvanında üçotaqlı mənzil hədiyyə etmişdi.

Ailədə uşaq dünyaya gəldi və gənc, ambisioz deputat ərini evdən qovdu. Elə həmin vaxt Gültəkin Hacıyeva soyadını dəyişib "Hacıbəyli" etdi.

Daha da fəallışdı. Hakimiyyətin bütün tədbirlərində, mitinqlərdə, toplantılarda, G.Hacıyeva ön plandadır. Danışır, müxalifəti "darmadağın" edir, iqtidarı ikiəlli dəstəkləyir, təbliğ edir.

Ölkədə tam və absolyut demokratiya olduğunu, siyasi məhbusların olmadığını vurğulayır.

Bir sözlə, ulduz kimi parlayır.

Xəyalına belə gətirmədiyi zirvəyə yüksələn xanım artıq ətrafını əvəlki baxışlarla seyr etmirdi. O, artıq qəddarlaşmışdı.

İş o yerə çatmışdı ki, əmisi İdrisin "Emil" şirkətini əlindən aldı. Daha sonra gips mədənini.

Ahıl kişinin ürəyi dözmədi, vəfat etdi.

Səbəbkar? Özünüz qərar verin.

Goranboy rayonunda, onun deputat seçildiyi məkandakı iş adamlarını dinləyəndə istisnasız olaraq hamısı "Bu qadına nifrət edirik!" deyirlər.

Səbəb? Gültəkin Hacıyev "haqq" yığır, xərac toplayır, bir sözünü iki edənin az qala dərisini soydururdu. İş adamları bir yana - məmurlar da ona "haqq" ödəyirdilər.

Hətta sabiq icra başçıları Musa Musayev və Novruz Novruzov da G.Hacıyevannın xərac aldıqları adamlar arasında idi.

Goranboy və Naftalan "Gültəkin xanımın obyektləri" sayılırdı.

Bakıda da fəaldı, bir dəstə məmura və iş adamına "analıq" edirdi. Məsələn, Sucayev qardaşları kimi.

Vaxt ötürdü və Gültəkin Hacıyeva üçüncü dəfə deputat seçilmək istədi. Alınmadı, rədd etdilər.

Əvvəlcə "siyasətdən usandım, elmlə məşğul olmaq istəyirəm" dedi. Sonra onun primitiv şeirləri elə o primitivlikdə olan saytlarda peyda oldu.

Alimliyi və şairəliyi bir quruşa dəyməyən G.Hacıyevada ifrata varan eqoizm, mərəz səviyyəsində ambisiya olduğundan müxalifətə atıldı və oldu "Milli Şura" adlı marionet dərnəyin "Kuraj anası".

Əvvəllər prezidenti ilə fəxr etdiyini zikr kimi təkrarlayan G.Hacıyeva maskasını dəyişəndən sonra Qərb liderləri ilə qürur duyduğunu təkralamağa başladı.

Əgər əvvəl "ölkədə siyasi məhbus yoxdur" deyirdisə, "Milli Şura"nı "nur"landıran kimi ölkədəki "siyasi məhbusların məşəqqətləri"indən ağlamsınaraq vaysınmağa başladı.

Maskalar dəyişsə də, xislət həmindi, dəyişməmişdi.

Yəni bu qədər qısa, amma dolğun həyat. Poliqlot, alim, millət vəkili, siyasətçi və ən başlıcası, iqtidardakı Yeni Azərbaycan Partiyasının ən fəal funksionerlərindən biri, hakimiyyətin orta səviyyəli təbliğatçılarından biri.

Olub axı bunlar, danılmazdır, aksiomatik məsələlərdir.

On illik millət vəkilliyi dövründə G.Hacıbəyli siyasətlə yanaşı, bizneslə də məşğul olub. Daha doğrusu, əsla və əsla zəngin sayılmayacaq ortamda, Goranboy rayonundakı Xanqərvənd kəndinin sakini Yunis kişinin ailəsində doğulmuş Gültəkin Hacıbəyli iş adamı deyildi, olmayıb.

O, millət vəkilliyindən sui-istifadə edib, bəs deyincə yararlanıb, mənimsəyib, mənimsəməyə göz yumub, pul alıb, pul verib, pul bölüb, pul bölünəndə payını alıb və beləcə, sərvət toplayıb.

İş o yerə çatıb ki, doğulduğu Goranboy rayonunda daş karxanasından tutmuş, ölkənin müxtəlif yerlərində biznes obyektləri, evlər, villalar, imarətlər, mənzillər, avtomobillər, torpaq sahələri alandan sonra Türkiyəyə "açılıb" və orada da eyni prosesi davam etdirib.

Mülklərin natamam siyahısı

Gültəkin Hacıbəylinin daşınan və daşınmaz əmlakına nəzər saldıqda, xanımın "aktiv"liyi maraq doğurur.

Həmin əmlakın natamam, qısa siyahısını təqdim edirəm:

- Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa.

-Abşeron rayonu , Xırdalan şəhərində 60 sot torpaq sahəsi.

-Goradil kəndində 30 sot torpaq sahəsi.

-Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla, 3 yerdə torpaq sahəsi.

-Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi.

-Şamaxı rayonu, Qalebuğurd kəndində 12 sot torpaq sahəsi.

-Səbail rayonu, Şeyx Şamil küçəsində ofis.

-Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil.

- Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil.

- Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil.

-Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil.

-Bakı şəhəri , Nəsimi rayonu , Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil.

-Goranboy rayonu, Nadirkənd kəndində 5 hektar, torpaq sahəsi

-Goranboy rayonu, Borsunlu kəndində 6,25 hektar, torpaq sahəsi

-Goranboy rayonu, Aşağı Ağcakənd kəndində 1,76 hektar, torpaq sahəsi

-Goranboy şəhəri 58-ci məhəllədə hər biri 8 sot olmaqla, 2 torpaq sahəsi.

"Səni mənim qədər bu ölkədə çox az adam tanıyır"

Cabiq millət vəkili Gülər Əhmədovanın mimikriya və maskadəyişmə ustası Gültəkin Hacıyeva ilə bağlı yazdığı sakramental açıqlama var.

"Gültəkin getsin, yazsın ki, niyə 10 il deputat olanda həmin istiqlalçı qadın deputatın hayına getməyib, amma ölkədə əl qoymadığı biznes, ev almadığı bina, torpaq almadığı bələdiyyə qalmamışdı. Gültəkin yazsın görək, niyə mitinqə gələn bu qədər müxalıfətçini aldadırdı ki, guya AŞPA və digər Qərb institutları ilə gözəl münasibətləri var. Gültəkin harda, hansı siyası qüvvənin yanında olubsa qeyri-səmimi və riyakar davranıb.

... Səni mənim qədər bu ölkədə çox az adam tanıyır və mən sağam, sənə də gözləmədiyin çox mətləbləri xatırladaram ki, AŞPA-nın üzünə bağlanan əbədi qapıları bu mətləblərin qarşısında yalan olar. Sən heç vaxt Gülər Əhmədova kimi davrana bilməzsən. Sənin başına mənim yaşadıqlarım gəlsəydi, indi çoxdan Avropada siyasi mühacir statusu alıb, dünən sənə arxa duranlara şər-böhtan yağdırırdın. Sən özündən başqa heç kimi sevə bilməyən, təkəbbür və nifrətdən boğulan, hər dəqiqə vəzifə və mandat üçün bütün yollara baş vuran bir əqidəsizsən. Sən illər keçsə də, nə heç kimlə dost ola bildin, nə də kimsəyə yaxşılıq etdin. Yalnız şəxsi çıxarıların ucbatından kiməsə "dost" kimi görünə bilərsən. İqtidarda olarkən müxalıfətə, müxalifətdə ikən iqtidara şpionluq etmək ən böyük siyasi fəaliyyətindir. Belə də davam elə... Dünyasını dəyişmiş bir qadınla alverin alınmadı. Sağkən bir addım atsaydın, bu gün sənə kimsə inanardı...Gecikdin...Həyatda hər bir məsələdə olduğu kimi, yenə də gecikdin..."

.. İllər keçsə də, dəyişməyən insanlardan fərqli olaraq, hər il dəfələrlə dəyişənlər də var. Belələrini həmişə maraqla izləmişəm. Buqələmunu belə geridə qoyacaq uyğunlaşma sürəti, merkantil maraqları guya təmsil etdiyi insanların mənafeyi kimi qələmə vermək, olmadığı kimi görünmək və göründüyü kimi olmadığını iddia etmək... Yaramaz davranışdır, razıyam. Amma nə edəsən ki, bəşər övladı xəlq olandan bəri belələri olub, var və əfsuslar, olacaq".

Sabiq millət vəkili, indi "Demokratik Qüvvələrin Milli Şurası", qısaca "Milli Şura" adlanan marionet, fantasmaqorik qurumda təmsil olunan Gültəkin Hacıyeva nə yazıq, iradəli və bütöv xislətli insan deyil.

Tam tərsinə, az qala sümüyünün iliyinədək merkantil xanımdır.

Potensial opponentlər dərhal buyura bilərlər ki, Gültəkin Hacıbəyli xanımdır, niyə onunla bağlı bu qəzər yazılır, deyilir və ən əsası, bu qədər zəif siyasətçidirsə, niyə müzakirə olunur?

Tanış ittihamlar, bəlli suçlamalar, artıq köhnələn ibarələrdir.

Tam əminəm ki, Gültəkin Hacıbəyova üçüncü dəfə deputat seçilsəydi, yenə hakim partiyanın və hakimiyyətin adından danışacaq, indi nifrət etdiyini az qala bağıraraq dediyi şəxslərə mədhiyyələr oxuyacaqdı.

O, tam 10 il hakimiyyəti tərifləyib. On il... Olmaya şüursuz edib bunu, beynində qapanma olmuşdu uzunmüddətli?! Nə əcəb həmin illərdə G.Hacıyeva hakimiyyətin "cinayətkar xislətindən və planlarından" xəbərdar olmamışdı, duyuq düşməmişdi?!

Komik və faciəli mənzərədir.

Hacıyeva deputat olsaydı, indiki hikkəsi, nifrəti, hiddəti, qarğışları, zəqqum və zəhəri batinində qalacaqdı, çünki basdıracaqdı hisslərini parçalanmış qəlbinə.

Vətənpərvər olduğunu təkrarlayır zəhlətökənlik səviyyəsində, Vətənini və xalqını sevdiyini deyir. Halbuki, unudur ki, vətənpərvərliklə bağlı boşboğazlıq yaramazların son sığınacaq yeridir həmişə.

Onun kimliyini AŞPA-da görmüşdüm.

Əvvəlcə nümayəndə heyətinin üzvü, professor Naira Şahtaxtinkskaya ilə münaqişəyə başladı. Abır-həya unudulmaqla.

Naira xanım abrına qısılıb heyəti tərk etdi.

Daha sonra G.Hacıyeva erudit Asim Mollazadəyə hücum etdi. O da heyətdən getdi.

Sakitləşməyən Gültəkin Hacıyeva növbəti dəfə Aynur Camalqızına tərəf şığıdı, sonra Qənirə Paşayeva ilə söz güləşdirməyə, energetik vampir kimi davranmağa başladı.

Xəbərçilik, aqressiya, çuğulluq, satqınlıq, xəyanət, şər, böhtan - Gültəkin Hacıyeva AŞPA-dakı nümayəndə heyətində idarəolunmaz, kompleksli insan kimi davranırdı.

... Bir zamanlar mənsub olduğu, sayəsində varidatını və adını, hətta "Hacıbəyli" soyadını qazandığı hakimiyyəti o, indi hədəfə alıb, hədələyir, ironiya ilə gülümsəyir, isteriyaya qapılır, hətta Azərbaycanı dünyanın ən bərbad ölkələri ilə müqayisə edərək həzz alır.

Bu odurmu, əcəba?! Yoxsa adamın vücudunda "Alien" filmindəki kimi fərqli varlıq onu dəyişməyə vadar edib?

Dediyinə görə, özüdür ki, var.

Gültəkin Hacıyevanı anlamağa çalışıram. Deputat mandatı ilə bahəm, gəncliyi və məlahəti də gedib. Qalan hikkə, eqoizm, sürəkli yalanlar, qəddarlıq və yaşamından narazılıqdır.

Balzak yaşındadır. Anlaşılandır...

P.S. Gültəkin Hacıyevanın mülklərinin sadəcə, cüzi qisminin mülkiyyət sənədlərinin fotolarını əlavə edirəm...

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.