Siyasət

Mitinq "xəstəliyi"nə əlac varmı?

16 Sentyabr 2019 09:30
Baxış: 1 016

AXCP və "Milli Şura" sentyabrın 28-nə mitinq təyin edib. Daha bir mitinq, daha bir iddia nümayişi. Son 26 ildə dəyişməyən fiqurlar, az qala konstantaya çevrilmiş şüarlar, nimdaş ideyalar, puç olmuş taktika.

Halbuki çağdaş dünyada siyasi mübarizənin təsirli vasitəsi kimi mitinq çoxdan funksionallığını itirib. Mitinqlər indi aktual olmayan, faydasız, tədricən yox olan nəsnədir.

Əslində, nədir mitinq?

Mitinqin klassik anlamına görə, ölkənin siyasi və ictimai həyatındakı müəyyən proseslərə, hadisələrə və ya təmayüllərə vətəndaşların kütləvi şəkildə münasibətlərini, mövqelərini bildirməsidir. Mitinqə yığışanlar nəyisə tələb edir, nə iləsə həmrəylik və ya əksinə, əsla qəbul etmədiklərini nümayiş etdirirlər.

Nümayişdən, yürüşdən və ya piketdən fərqli olaraq mitinqdə kütlə harasa üz tutmur, çünki bəlli, müəyyənləşmiş yerdə toplantıdır. Kimlərsə çıxış edir, danışır, sonra da nəzərdən keçirilən məsələ ilə bağlı qərar, qətnamə qəbul olunur.

Ötən əsrlər ərzində mitiqin formatına, məzmununna nəzər salaq.

1. İnformasiya funksiyası. Daha doğrusu, yeni və ya qeyri-rəsmi məlumat. 19-cu əsrdə və 20-ci əsrin əvvəllərində insanların əksəriyyəti ya savadsız, ya da az savadlı olduqlarından siyasi həyatdakı hansısa hadisə barədə informasiyanı məhz mitinq vasitəsilə dərhal, sürətlə kütləyə çatdırmaq olardı. 20-ci əsrin ikinci yarısında savadlıların sayı artdı, istisnasız olaraq bütün ölkələrdə kütləvi informasiya vasitələri aşkar və ya üstüörtülü şəkildə dövlət nəzarətində oldu. Məhz bu səbəbdən mitinqin informativ məzmunu hələ də qalırdı.

Ötənlərdə bir yerə çoxlu insanın yığışması mitinqin effektivliyini  artırırdı. Savadsız insanı məsələdən agah edir, başa salırdılar. Suallara da cavablar verilirdi.

2. Təbliğat və təşviqat. Təbii ki, mitinqin təşkilatçıları sırf məlumat verməkdən savayı obıvatelləri öz tərəflərinə çəkmək üçün bəzən məntiqi, əksər hallardasa isə emosional səbəblər və sübutlar gətirməyə çalışırlar. Əsas məqsəd təcrübəsi, siyasi savadı az, dünyagörüşü geniş olmayan insana təsir etməkdir. Siyasi manipulyasiyaya azacıq bələd insan kütlənin rəğbətini qazana bilər, kütləni ələ alar. Effektiv səviyyəsi az deyil.

3. Birləşdirici ("biz çoxuq"). Mitinq təşkilatçıları onlarla həmrəy insanları bir yerə toplamaqla kütlənin emosional yüksəlişinə nail olurlar. Təbliğatın effektivliyi də artır - axı yüzlərlə insanın arasında olarkən şüarlarla və tələblərlə razılaşmaq daha asandır. İnfantil, subtil fərd düşünür: "Biz çoxuq, bu qədər insan mənimlə həmfikirdir, onların hamısı səhv edə bilməzlər axı, biz haqlıyıq".

4. Qorxuducu ("onlar çoxdur"). Mitinqə yığılanların sayı nə qədər çoxdursa, dəstək və ya inkar tələbləri radikallaşır, əks tərəfə doğru ultimatumlar bir o qədər sərtləşir. Konkret olaraq Azərbaycan şəraitində hakimiyyət qarşısında hər hansı tələb qoymaq üçün mitinqə minimum 500 min nəfər toplaşmalıdır. Bu, baraj rəqəmidir və müxalifət mitinqlərinə toplaşanlar bəhs etdiyimiz rəqəmdən azdırsa - illər göstərdi ki, dəfələrlə, on və yüz dəfələrlə azdır - artıq mitinq yox, piket və ya aksiyadır.

5. Təşkilati (rekrutinq, strukturlaşdırma). Həmfikirlər bir yerə yığışanda iştirakçılar arasında əlavə fərdi əlaqələr yaranır. Toplaşanlar çıxış edənlərdən birini xarizmatik lider də saya bilərlər - çünki kütlənin fikir və ideyalarını təkrarlayıb dilə gətirir. Belə ünsiyyət nəticəsində "ölü can" təsiri bağışlayan partiya, hərəkat və ya birlik aktivləşə bilər. Eyni zamanda, mitinqdə yeni üzvlərin "çağırış"ı da olur.

İndisə, gəlin, mitinqlərin bu funksiyalarına cəmiyyətin çağdaş inkişaf səviyyəsi müstəvisindən baxaq. Unutmayaq ki, ötən əsrlə müqayisədə insanların ölkədəki vəziyyətlə bağlı informasiya əldə etmək, qonşu dövlətlərdə və dünyada baş verənlərdən anında xəbərdar olmaq imkanları yüz dəfələrlə artıb.

1. İnformasiya. İnsanlara təsir vasitəsi kimi televiziya artıq mövqelərini büsbütün itirməkdədir. Hazırda yerli telekanalların "hədəf kütləsi" əsasən yaşları 40-50 və artıq olanlardır. Onlar televiziyaya ya adətləri üzrə, ya da internetdən aktiv istifadə edə bilmədiklərinə görə baxırlar.

10-15 il sonra isə həmin hədəf kütlə daha da azalacaq. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da internet TV-ni çoxdan üstələyib.

Radikal müxalifətin sosial şəbəkələrdə aktivliyi də məhz bununla bağlıdır. Öz ağılları ilə etmirlər - Qərbdəki "ağıllı" sahibləri belə tapşırıq verib.

Göründüyü kimi, çağdaş dünyada mitinqin informasiya yükü artıq total sıfıra bərabərdir: bütün məlumatları insanlar mitinqsiz, internet vasitəsilə əldə edirlər.

2. Təbliğat və təşviqat. Azərbaycan vətəndaşları ötən əsrdə və ya 19-cu əsrdəki soydaşlarımız deyillər. İnsanlarımızın savad və təhsil səviyyəsi çox artıb. Ona görə də adi, psevdoməntiqi şüarlarla və naftalin qoxulu çağırışlarla yalnız məktəbliləri, lümpenləri və plebsi aldatmaq olar. Fəqət, plebslə lümpenlər vətəndaşların çox az qismidir, onların ictimai həyatla siyasi proseslərə təsir imkanları çox azdır. Nə hakimiyyətləri var, nə pulları, nə hakimiyyət orqanlarına təsir imkanları. Bu səbəbdən də mitinqdə kimisə fikrindən döndərmək və ya öz tərəfinə çəkmək faktiki olaraq mümkün deyil.

Deməli, müasir dünyada, xüsusilə də Azərbaycanda müxalifət mitinqlərinin təşviqat məzmunu total sıfıra bərabər olur.

3. Konsolidasiya. Müasir insan fərdi azadlığına çox önəm verir, yadların məsləhətlərini, əmrlərini, göstərişlərini sevmir. Cəmiyyət də fərdiləşib. Hər kəsin öz maraqları, hobbiləri, fikirləri, fəaliyyət sahəsi, istəkləri və arzuları var. Yəni tam fərqli insanları bir araya gətirərək vahid məqsəd və istəkli "siyasi orqanizm"ə çevirmək çox çətin təşkilati məsələdir. AXCP və "Milli Şura" kimi mitili çıxmış, köhnə və bəsit şüarlarla cəmiyyəti nəyəsə sövq etməyə çalışan təşkilatların istəkləri isə puçdur.

4. Qorxutma. "Məhsul" stadionundakı təmir və rekonstruksiya işlərini nəzərə alsaq, AXCP və "Milli Şura"nın başqa məkanda mitinq keçirməli olacağı qaçılmazdır. Lakin lap elə "Məhsul" stadionunn özündə mitinq olarsa və arena da tam dolarsa, bu, maksimum 20 min nəfərdir. Statistikada 20 min nəfəri də "bağışlayırıq" - edir 40 min. Olsun 70 min.

70 minlik mitinqlə hakimiyyəti nəyəsə vadar etmək absurddur. O ayrı məsələdir ki, AXCP sədri Əli Kərimli və "Milli Şura"nın karikatur rəhbəri Cəmil Həsənli ölkə xaricindəki bəlli mərkəzlərdən, təşkilatlardan əmr alıblar, mütləq mitinq etməyə çalışacaqlar, ayrılmış qrantların kəsilməməsi üçün yenə də boşboğazlıq edəcəklər və s.

Lakin bu fiqurantlar üçün acı həqiqət var: Azərbaycan daxili siyasətinə kənar müdaxilələrə imkan verməyib, verməyəcək də.

5. Təşkilati. Az öncə bəhs etdiyim kimi, mitinqlərdə AXCP sıralarına yeni üzvlərin cəlb olunması ilə bağlı Ə.Kərimli və C.Həsənlinin dedikləri yalandır. Düynanın heç bir ölkəsində mitinq siyasi rekrutinq vasitəsi deyil, ola da bilməz.

Ə.Kərimli, deyəsən, sahiblərinin göstərişini hələ də pis anlayıb: o, sosial şəbəkələrdəki profilləri vasitəsilə hələ də "boss"larını razı salacaq qədər effektiv, aktiv və məntiqli təsir bağışlamır.

AXCP sədri, həm də bloqer dərk etmir ki, çağdaş texnogen dünyada həmfikirlər arasında yeni əlaqələr mitinqlərdə yox, internet, tanışlar və sosial şəbəkələr vasitəsilə yaranır. Göründüyü kimi, mitinqlərin təşkilati funksiyası da önəmini itirib.

Mitinq siyasi mübarizənin effektiv və təsirli metodu kimi artıq ölüb.

Sadəcə, əhali arasında lümpenlərin və plebsin az nisbətinin çox olduğu məkanlarda, ölkələrdə mitinqlər hələ də effektivdir.

Azərbaycanda isə xaricdən maliyyələşmə olmazsa, AXCP və ya "Milli Şura"nın mitinq keçirmək, bu fikrə düşmək ehtimalları belə, minimum səviyyədədir.

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.