Siyasət

Avropada azərbaycanlıları qarət edən mühacir biznesi: maskaları özləri yırtdılar - VIDEO - FOTO

18 İyul 2019 09:40
Baxış: 4 741

Hələ eramızdan əvvəl 564-cü ildə qədim Roma hədəfə aldığı ölkələrin "Düynanın şəhəri"nə qaçıb gələn mühacirlərindən faydalanırdı. Qay Tiberi Qrakx bu adamlar haqda deyirdi: "Onlar gəldikləri ölkələri üçün ən murdar pislikləri etməyə hazır olanlar. Plebey olsalar da, patrisi kimi görünmək istəyirlər".

Əsrlər keçdi, amma mühacirlərdən casus və xəfiyyə qismində yararlanmaq istəyi bütün dövlətlərdə norma halını dəyişmədi.

Fransa imperatoru Napoleon Bonoparta qarşı Britaniyadakı fransız mühacirlərdən ibarət şəbəkə qurulmuşdu. Napoleonun özü də Fransadakı rus zadəganlardan Rusiya çarına qarşı istifadə edirdi.

İkinci Dünya Müharibəsi ərəfəsində "mühacir istifadəsi" daha da genişləndi, misli görünməmiş şəkildə təkmilləşdi.

ABŞ və sabiq SSRİ arasında, ABŞ və Çin arasında "mühacir şəbəkələri savaşları" səngimirdi.

İndi isə belə çirkin texnologiya xüsusilə geniş vüsət alıb və Qərb ölkələrinə sığınmış azərbaycanlı mühacirlər xüsusi xidmət - təhlükəsizlik, kəşfiyyat və əks-kəşfiyyat strukturları ilə yanaşı, ayrı-ayrı beynəlxalq fondlar da aktiv işləyir.

Həmin təşkilatların arasında Fransa, Almaniya, ABŞ, Britaniya, İtaliya, Belçika, Hollandiya və Avstriyanın kəşfiyyat qurumları ilə sıx bağlı olan, daha doğrusu həmin qurumların guya anqajə olunmamış qeyri-rəsmi törəmələri sayıla biləcək fondlar, assosisiyalar, cəmiyyətlər və s. xüsusi yer tutur.

Azərbaycanda "söz azadlığı və kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təminatı", habelə "vətəndaşların ifadə azadlığının dəstəklənməsi" adı ilə ölkəmizə qarşı hibrid savaşın ən mürəkkəb texnologiyalarından istifadə edən, dezinformasiya və provokasiyalar taktikasından yararlanan qurumlar alət qismində mühacirlərdən istifadə edirlər.

Həmin mühacirlərin bəziləri "azad, müstəqil bloqer", "ictimai aktivist", "siyasi fəal" qismində, bəziləri YouTube-da kanal aparacısı və ya müəllifi, az qismi isə yenə də YouTube ilə sosial şəbəkələrə əsaslanan "internet televiziyasının rəhbəri" qismində fəaliyyət göstərirlər.

Amma istisnasız olaraq hamısı ölkəmizə qarşı istifadə olunur. Alət kimi, əşya kimi, danışan başlar, söyüş mexanizmləri, yalan vasitəsi kimi.

"Ölkələrinə qarşı" da deyə bilərdik, lakin sözdə Azərbaycan üçün çalışdıqlarını fasiləsiz vurğulayan bu insanlar Azərbaycana və azərbaycanlılara az qala nifrət edirlər. Onlar qayıtmağı arzuladıqlarını deyirlər.

Bəli, belədir.

Fəqət, viran qalan, qiyamlar və üsyanlar burulğanında ovxalanan, parçalanan Azərbaycana ki gəlsinlər, hakimiyyətdə olsunlar, qarət və qətllərə başlayasıdırlar.

"Qətl və qarət" yazdıqda boyaları qatılaşdırmırıq, əsla. Çünki bu adamların tam əksəriyyəti Azərbaycanda nəinki mövcud hakimiyyətin - dövlət qurumlarında çalışanların belə "ən ağır şəkildə cəzalandırılacağını" deyir, hakimiyyətə gələcəkləri təqdirdə genişmiqyaslı cəzalara və ekzekusiyalara başlayacaqlarını açıq bəyan edirlər.

Onlar populyar olduqlarını, xalq tərəfindən dəstəkləndiklərini vurğulayırlar.

Bu da yalandır. Sosial şəbəkələrdəki "söyüşə dəstək" heç bir halda söyənlərin mövqelərinin bəyənilməsi ola bilməz və bunu iddia etməyin özü ya opponenti hiyləgərliklə manipulyasiyalara "qonaq" etmək, ya da inadkar bisavadlıqdır.

Bisavadlıqsa "siyasi fəal" olan mühacirlərimizin siyasəti plebey səviyyəsində bilmələrini aşkarlayan ən üst nişanələrdən, sadəcə, biridir.

Mühacir "ordusu"

Avropa ölkələrinə sığınmış azərbaycanlı mühacirlər arasında ölkəmizə qarşı şəbəkələnmə xüsusilə aktivdir. Azərbaycanla hakimiyyəti eyniləşdirən və hakimiyyəti tənqid etdiklərini vurğulayaraq, əslində, ölkə ilə xalqı hədəfə alanların sifarişlərini yerinə yetirənlərin məskunlaşdıqları ölkələr arasında Almaniya, Fransa və Belçika əlahiddə yer tutur.

Hazırda Almaniyada 40 min azərbaycanlı mühacir yaşayır. Buna rəğmən, "Faterland"da Azərbaycanın maraqlarını qorumaqla məşğul olan mühacir təşkilatı, ölkəmizin mənafelərindən çıxış edən cəmiyyət və fond yoxdur.

Adları kağızda olan, sadəcə, maliyyə mənbəyi və qrant almaq üçün vasitə qismində qeydiyyatdan keçirilmiş oyuncaq təşkilatları hesaba almayaq.

Erməni diaspor təşkilatları, habelə Azərbaycana aşkar şəkildə düşmən kəsilən müxtəlif beynəlxalq qurumlara qarşı effektiv əks-təbliğatsa, ümumiyyətlə, mühacirlərin işi deyil sanki.

Əvəzində onlar sığınacaq almaq, "Dublin prosesi" adlanan məhək daşından qurtulmaq və Almaniyada mümkün qədər tez "naturalizasiya" prosesi keçmək üçün dəridən-qabıqdan çıxırlar.

Fransa və Belçikada da eyni vəziyyətdir. Özlərini "daha fərasətli" sayan, əslində isə satqınlıq, tamahkarlıq və xəyanəti yaşam prinsiplərinə çevirənlər maliyyə mənbələri olan təşkilatların sifarişlərini yerinə yetirərək sosial şəbəkələrdəki profillərini, YouTube-da yaratdıqları "internet televiziya" adlı kanallar vasitəsilə Azərbaycanı hədəfə alıblar.

Və bütün bunlarla yanaşı Avropa ölkələrində Mühacir biznesi var.

Azərbaycanda, xüsusilə də Bakıda radikal müxalifət partiyalarının aksiyalarına qatılan, orada həvəslə selfi çəkdirən, Facebook-da "Rədd olsun qaniçən hakimiyyət" tipli statuslar paylaşan, polisi qıcıqlandıraraq güc tətbiqinə sövq edən və dostları vasitəsilə bu "akt"ın da fotolarını çəkən adamlar sonradan Avropa ölkələrinə yollanaraq "siyasi mühacir" statusu almağa girişirlər.

Məqsədlərinə çatdıqda isə Azərbaycanı tərk etmək istəyən psevdomxalifətçilərlə yalançı demokratlara "yardım" adı ilə onları aldatmağa, fırıldaq vasitəsilə pullar mənimsəməyə başlayırlar.

Belə "mühacirət biznesi" fərdlərindən biri də bir zamanlar AXCP-nin ən fəal üzvlərindən biri olan, indisə Fransaya sığınıb "fəallığını qoruduğu"nu bəyan etməkdən usanmayan Türkel Azərtürkdür.

Fransa və Almaniyada yaşayan, habelə bu ölkələrə viza alaraq yollanmağa və orada sığınacağa yiyələnməyə çalışan soydaşlarımıza Qənimət Zahidin "Turan TV"sindəki "Xəbər var" proqramının aparıcısı Türkel Azərtürk öz xidmətlərini təklif edir.

Onun toruna saldığı soydaşlarımızdan biri ilə WhatsApp vasitəsilə danışığın stenoqramını təqdim edirik (T.Azərtürkün danışıq stili olduğu kimi saxlanılıb, - müəllif):

Türkel Azərtürk: Gələn ayı mini verə biləriksə, 1700 sonra da 500-200... İndidən deməyimiz daha yaxşı olardı. 15 gündən sonra, bir aydan sonra o sənədi alardıq. Biri var gələn ay verək, o biri ay alaq sənədi. O baxımdan deyirəm mən ki, sənədi bir ay tez alacağıq. Yoxsa yenə deyirəm: yazmışam, bir də deyirəm - sən öz haqq-hesabını məndən yaxşı bilirsən. Mənim xərcim bu qədərdi, bu qədər ata bilirəm. Başa düşürsən?! O baxımdan deyirəm ki, sən fikrini de, mən bilim. 

Mühacir: Mən ona nəyi izah elədim ki... Dedim, qaqa, burda vəkil bahadır. Gələcəksən bura 350-400 dollar düzəldirsən gəlirsən bura. Aparırsan vəkilə 3000-2500-2000 verirsən, nə qədərsə verirsən. Təzədən səhərsi gün sənəd düzəldir. "Dublin məsələsi"nə baxır. Hələ söz də vermir ki, yüzdə yüz sənin üçün bu "Dublin məsələsi"ni qüvvədən salacam. Söz vermir.

İşə baxıram da çalışacam qanunla həll edim. Amma olmayacaqsa da, olmayacaq. Mən yenə pulumu alacam. Fakt da bu pulu burada xərcləyəcəksənsə, elə get qardaşım 1200-1300-dü, nə qədərdi - get düz-əməlli başlı birbaşa alman vizası al. Həm 6-7 ay Dublin prosedurun getməsin, vaxtın uzanmasın, həm də rahat otur intervyünü gözlə. Həm də ki vəkilə pulu, onsuz da, verəcəksənsə, o pulu, olmasa heç vermə də. İzah elədim. İndi görüm məndən soruşdu ki, neçəyə düzəlir? Mən dedim ki, qaqa, bunun ən aşağısı bu işi üç nəfərə, yəni uşağa, ailəsi, özü gələcəklər 3500 dollara. Dedim, indi ucuz tapa bilirsənsə, yaxşı tap, tapa bilmirsənsə belə et. Mənə elə ciddi fərq eləmir.

Türkel Azərtürk: "Prosto" ki, mən sənə görə deyirəm ki, niyə gəlib burda əziyyət çəkəsən..? Onu mən özüm də ucuz edib gələrdim. Sadəcə, fikirləşdim ki, niyə əziyyət çəkim?! Getdim birbaşa viza aldım gəldim. İndi onu izah elədim, yenə də məsləhət onun özünündür. Durub onu nə məcbur edə bilmirsən, deyərəm, fikirləşər ki, türk yəqin 3500 deyirsə, deməli, oradan 2500 qazanır... Elə ona görə deyirəm ki, məsləhət özünündür, baxsın. Hər halda gələndə də özü görəcək ki, vəziyyət necədir. Yenə də cəbhəçidir, özümüzünküdür, yaxın uşaqdır, qardaşıdır ona görə... yenə məsləhət özünə qalır...

Bu biri işə gəlincə, sənin işinə, indi mən onu söz verə bilmirəm ki, 3 aya olar-olmaz, necə olar... Vəziyyət bəlkə 2-3 aya dəyişər, bəlkə 2 aya. O qardaşı işdən çıxararlar, o prokurorluqdakı qardaşı; bəlkə ordan sənəd gəlməsi mümkünsüz olar. Məsələn, indi mənə deyirlər ki, sən dediyin kimi, o sərhəddi bağlayıblar. Ciddi yoxlama filan, ora-bura. Hətta diplomatik korpusun öz nümayəndələrin belə ciddi yoxlayıb hər şeyi buraxmır. Bilmirəm nə hoqqadı, niyə belə eliyirlər, müharibə eliyirlər guya ki ... Bilmirəm, amma vəziyyət budu. İndi bilmirəm. Yəni, qaqam, o vaxta o sənəd məsələləri necə olar, gəlib çıxar, çıxmaz... O qardaş özü yaşayar, görər. Bəlkə də problemi olar, heç  gətirə bilməz. Yəni onları mən indidən durum sənə söz verim, arxayın eləyim onu - mən yalan danışmış olaram. Qaqaş, mən ona görə risk edə bilmərəm. Sənə deyim sonra heç cür eliyə bilmiyim. Mən də belə qalam, sən də belə qalasan. Sonra deyəsən ki, ay Türkel, o vaxtı tapıb eliyərdin də, bir təhər, bu vaxtı deyirsən ki, alınmır. Axı mən sənə arxayın oldum. Ya başqa yerdən, başqa adamla düzəldərdim. Ona görə mən qalıram belə. Sənə heç bir söz verə bilməyəcəm. Bu gün mümkündür, hə - bu gün üçün deyə bilirəm. Amma sabahkı gün üçün deyə bilmirəm".

"Mətin mübariz"lərə şabaş

AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimli mühacirətdəki ən qeyri-adekvat, aqressiv və buffonada tipli videolarını paylaşmaqla tanınan bir tipdir. "Baş kəsmək" vədləri, guya zarafat, ironiya və sarkazmla Azərbaycanda İŞİD terrorçu arzulaması ilə bir müddət əvvəl sosial şəbəkələrdə ciddi qınaq, sərt tənqid obyektinə çevrilmişdi.

Almaniyada mühacir olan və sosial şəbəkələrdə "Əli Oğuz" kimi tanınan Əli Həsənəliyevsə sözügedən şəxslə bahəm, Məhəmməd Mirzəli, Fikrət Hüseynli və başqa "siyasi bloqer"lərlə bağlı araşdırmalar apardığını iddia edir.

Bu günlərdə Ə.Oğuz Facebook profilində video paylaşaraq yazıb: "Bakıda siyasi məhbus həyatı yaşayan onlarla cəbhəçi olduğu halda İnqilab Kərimov, Məhəmməd Mirzəli, Seyran Rəfiyev avroları Avropada belə yerə səpələyir. Utanmadan alkaşlıq edib, mahnı qoyub keyf məclisi qurur.

Bu necə əqiqədaş və müxalifətçidi ki, onlarla həbsdə yatan insanlara və ya ac kasıb xalqa bu cür keyf videoları ilə elə bil acıq verir.

Hə İnqilab Kərimov avroların çoxdu bildik. Sənin kimilərdən xalqa nə fayda? Sən xalqın dərdinə beləmi şərik olursan?"

Videoda içib sərxoş olmuş "siyasi fəal"lar, "millət fədailəri", "qətiyyətli bloqe"lər rəqs edirlər. İnqilab Kərimov isə bir çəngə avronu şabaş verir, pulları səpələyir.

Video paylaşılandan sonra "Azərbaycandakı hakimiyyətə qarşı mübarizə" aparanlar arasında sosial şəbəkəllərdə əvvəlcə mübahisələr başlanıb, sonra isə bu mübahisələr qarşılıqlı təhqirlərə, hədələrə və söyüşlərə çevrilib.

İnqilab Kərimov, Məhəmməd Mirzəli və Seyran Rəfiyev birləşərək Əli Həsənəliyevi (Oğuzu) "faş etməyə", onun "DTX agenti" olduğunu sübut etməyə başladıqlarını yazmağa başlayıblar.

Facebook-da mühacir biznesinin bu mənsubları arasında "status savaşı" hələ də davam edir və səngimək niyyəti də yoxdur.

Tam əksinə, qeyri-adekvatlığı ilə ad çıxarmış İnqilab Kərimov daha da "irəli" gedərək digər "millət fədaisi", mühacir Orduxan Teymurxan Bəbirovu hədəfə alıb. İ.Kərimovun yazdığına görə, bu ilin fevralın 18-dəki "hakimiyyət əleyhinə" mitinq, sən demə, "Azərbaycan iqtidarının sifarişi və nəzarəti" ilə keçirilib.

Yəni İ.Kərimov bilavasitə Orduxan Teymurxanı "satqınlıqda və xəyanət"də suçlayıb.

Prosesə  Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) də qatılıb. Avropa ölkələrində azərbaycanlı mühacirlərin saxta viza və sənəd alveri fırıldaqlarına cəlb olunaraq aldatması ilə ad çıxaran, Müsavat Partiyasının üzvlük biletlərindən tutmuş, hər cür "sığınacaq almaq üçün" sənəd satışı ilə məşğul olan "Müsavat AKM" O. Bəbirova dəstək verməməkdə suçlanıb.

"Müsavat AKM"in rəhbəri İlham Həsən iddiaları rədd edib, onu suçlayanları "agent" və "xəyanətkar" adlandırıb.

Videoya gəldikdə isə, o, gizli şəkildə çəkilməyib. Əksinə, içib rəqs edənlər "qrant almayıb yaxşı pul qazandıqlarını" göstərməyə çalışıblar.

"Köhnə dostlarım" mahnısının sədaları altında səndərləyərək süzən İnqilab Kərimov pulları həzzlə səpələyib.

Avropa ölkələrindəki azərbaycanlı mühacirlər isə Facebook-da yazırlar ki, o pulların bir qismi Bakıdakı etiraz aksiyalarına qatılaraq fotolarını çəkdirən və çəkən, sonra da "siyasi məhbus" adı ilə ölkəni tərk edərək Avropada siyasi sığınacaq almaq arzusuna düşənlərə satılan saxta sənədlərdən əldə edilən vəsait, digər qismi isə Azərbaycanda olduğu iddia edilən şəxslərə "yardım" üçün yığılan pullardır.

Mühacir biznesində kimlər yox ki?!

Sabiq rektor Elşad Abdullayev, "siyasi fəal" Çağlar Qasımov, "pulsuz məsləhətçi" Firudin Duqi, "siyasi bloqer" Tural Abbaszadə, "hüquq müdafiəçisi" Riyad Əliyev, Məhəmməd Mirzəli - bir-birlərini "şərəfsiz", "əxlaqsız", "əclaf", "satqın" adlandıran siysi həşəratlar pul uğrunda cəngə çıxıblar.

Binəvalar - demokratiya və insan haqları bir yana, mühacir adına belə layiq olmayan bu insanlar azad olduqlarını deyirlər.

Muzdlu sifarişlə vətəninə qənim kəsilənin azadlığı necə olur - bilinmir.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.