Siyasət

İlham Əliyev Azərbaycanla Serbiya arasında dostluğun inkişafı üçün çox iş görüb – Vuçiç

18 Mart 2026 19:50
Baxış: 237

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Serbiya arasında dostluğun inkişafı üçün çox iş görüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan şirkəti "Azvirt" ilə Baçki-Breq - Sombor - Kula - Vrbas - Srbobran sərhəd-keçid məntəqəsi hissəsində sürətli avtomagistralın layihələndirilməsi və tikintisinə dair kommersiya müqaviləsinin imzalanmasından sonra sosial şəbəkədə paylaşım edib.

Serbiya Prezidenti sənədin imzalanma mərasimində iştirak edib.

"Bu gün 'Azvirt' şirkəti ilə bağlanan müqavilə 'Serbiya 2030-2035' planımızın əsas bəndlərindən biridir. Serbiya Respublikası maliyyələşməni təmin edəcək və biz ilk hissəni iki il ərzində başa çatdırmaq barədə razılığa gəldik. Bu layihə Serbiyanın şimal hissəsində yaşayan vətəndaşlar üçün böyük əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.

Vuçiç bildirib ki, sürətli avtomagistralın tikintisi Somboru Belqrada daha da yaxınlaşdıracaq, investorları cəlb edəcək və yük nəqliyyatını şəhər mərkəzlərindən kənarlaşdıracaq.

"Bu, vətəndaşlar üçün daha təmiz hava və mövcud yol infrastrukturuna düşən yükün azalması deməkdir. Biz şəhərləri və insanları birləşdirəcək, daha böyük hərəkətlilik və məşğulluq üçün daha yaxşı şərait təmin edəcəyik. Azərbaycanlı tərəfdaşlarımıza təşəkkür edir və dostum, qardaşım Prezident İlham Əliyevə ən səmimi salamlarımı çatdırmağı xahiş edirəm. O, ölkələrimiz arasında dostluq və tərəfdaşlığın inkişafı üçün çox iş görüb. Mən Azərbaycana səfərimi, həmçinin "Air Serbia"nın Bakıya ilk reysinin açılmasını gözləyirəm ki, bu da Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmlənməsinə və xalqlarımız arasında əlaqələrin güclənməsinə töhfə verəcək.

Bu gün bunu başa çatdırmağa nail olduğumuza görə şadam. Hər kəsə təşəkkür edir və Serbiyanın şimal bölgəsinin vətəndaşlarını təbrik edirəm - bu, onlar üçün yeni başlanğıc və daha yaxşı həyat deməkdir. Əminəm ki, vətəndaşlar razı qalacaqlar və bu, Serbiyanın gələcəyə doğru irəlilədiyi düzgün yoldur", - deyə Serbiya Prezidenti əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.