Siyasət

Xankəndidə "çempionat": ermənilər taleyi ilə oynayır

6 İyun 2019 11:35
1 Şərh     Baxış: 3 862

Dağlıq Qarabağda "Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası" (Confederation of Independent Football Associations, ConİFA) çərçivəsində separatçı və tanınmamış ərazilərin "futbol üzrə Avropa çempionatı" davam edir. Turnirdə tanınmamış və ya qismən tanınmış ərazilərdən səkkiz komanda iştiirak edir.

Onların hamısı üçün ConIFA turnirləri yeganə yarış şansıdır, çünki onlar böyük ümumdünya turnirlərində iştirak edə bilmirlər.

ConIFA 2013-cü ildə yaradılıb və geniş beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan respublikaların FİFA və ya tərkibinə daxil olmayan yığma komandaları və təşkilatlarının birləşdirilməsi üçün nəzərdə tutulub.

ConIFA yüz faizlik siyasi neytrallığını bəyan edir, Dünya Kuboku və Avropa Kuboku turnirlərini keçirir və bu gün 40 yığmanı birləşdirir.

Təşkilatın qərargahı İsveçin Luleo şəhərində yerləşir. Bu, rəsmi açıqlamalardır. Əslində isə ConİFA Avropada, xüsusilə də Şərqi Avropada separatçılıq təmayüllərinə dəstək verən strukturlardan biridir.

UEFA bu təşkilatı "tanınmamış və qismən tanınmış ərazilərdə futbolun inkişafına dəstək verə biləcək struktur" kimi dəyərləndirsə də, ConİFa faktiki olaraq separatçılığı təqdim edir.

ConİFA-ya daxil olan tanınmamış ərazilər, separatçılıq məkanları, etnik icmalar və "tarixi yer"lərin siyahısı belədir: Abxaziya, Dağlıq Qarabağ, Nissa qraflığı (Fransa), Qrenlandiya, Cersi, Yorkşir, "Qərbi Ermənistan", Kornuoll, Lazistan, Laplandiya, "Luqansk Xalq Respublikası", Monako, Oksitaniya, Dnestryanı bölgə, "Romani" (qaraçılar), Resiya, Sardiniya, Şimali Kipr, Sekey diyarı, Skaniya, Felvidek, Frankoniya, Çameriya, Men adası, Cənubi Osetiya, "Suriyanın Arameyi", "İraq Kürdüstanı", Pəncab, Rükkü adası, Tamil-İlam, Tibet, Uyğurustan, Şərqi Efiopiya, Barotselend, Darfur, Zanzibar, Qərbi Saxara, Matabelalend, Somalilend, Çaqos, Kaskadiya, Kvebek, Kiribati, Tuvalu.

Dağlıq Qarabağda, Xankəndidə keçiriləcək turnirdə ilkin olaraq 12 komandanın iştirakı nəzərdə tutulmuşdu və onlar 4 qrupa ayrılmışdılar:

A qrupu: Dağlıq Qarabağ, Sapmi (saamların məkanı, Laplandiya), "Luqansk Xalq Respublikası" ("LXR")

B qrupu: Abxaziya, Nissa qraflığı, Çameriya ( Yunanıstanın şimal-qərbi)

C qrupu: Padaniya (İtaliyanın şimalı), "Donetsk Xalq Respublikası" ("DXR), Sardiniya (İtaliya)

D qrupu: Sekey diyarı (Rumıniyadakı macarların kompakt yaşadığı yer), "Qərbi Ermənistan"( Avropa klublarında oynayan erməni əsilli futbolçular), Cənubi Osetiya.

Fəqət, Xankəndidəki ConIFA-2019 "Avropa çempionatı"nın başlanmasına bir həftə qalmış ermənilər "qara xəbər" aldılar: Nissa qraflığı, Sardiniya, "DXR" və "LXR" komandaları turnirə qatılmaqdan boyun qaçırdılar.

ConİFA-nın vitse-prezidenti, İsveçdə yaşayan abxaz Dmitri Paqavanın dediyinə görə, bu komandalar ConİFA-nın Krakovda keçirilmiş Baş Assambleyada verdikləri vədlərə xilaf çıxıblar.

Ukrayanın şərqindəki Donetsk və Luqanskdakı separatçılar Xankəndidəki "turnir"ə qatılmaqdan boyun qaçırmalarının səbəblərini açıq dedilər: "LXR" və "DXR"-in futbol yığmalarının baş məşqçilərinin dediklərinə görə, "siyasi rəhbərlik icazə verməyib".

Nissa qraflığından isə ermənilərə bildirilib ki, sən demə, hər şey həll olunubmuş, görüşlərin və məşqlərin pulu ödənibmiş, hətta aviabiletlər də bron olunubmuş - amma son anda titul sponsor imtina etdiyindən, problem yaranıb.

Sardiniyadan da analoji açıqlamanı alan abxazlarla ermənilər pərişan qalıblar.

Vəziyyət isə tam fərqlidir.

Luqansk, Nissa, Sardiniya və Donetsk, sadəcə olaraq, Xankəndidə keçirilən turnirə qatılacaqları təqdirdə Azərbaycanla Gürcüstanın çox sərt reaksiyasını təxminlədiklərindən fikirlərini dəyişərək Dağlıq Qarabağdakı separatçı rejimin ev sahibliyi etdiyi bu absurd "çempionat"dan vaz keçiblər.

Və nə qədər paradoksal olsa da, Ermənistanın mövqeyi də separatçılara mane olub. Belə ki, "LXR" və "DXR"i Ermənistan rəsmi olaraq "dövlət" saymır və bu səbəbdən də həmin separatçı rejimlərin oyuncaq "pasport"larını Ermənistan XİN tanımır. Separatçıların Xankəndinə yollanaraq oradakı erməni separatçıları ilə bir araya gəlməsi üçünsə Ermənistandan keçmələri gərəkdir.

Onlar birbaşa Xankəndinə yollana bilməzlər.

Ermənistan hər sahədə Dağlıq Qarabağa "dəstək" versə də, Xankəndidəki terrorçu rejimi faktiki olaraq idarə etsə də, qarabağlı ermənilərin "dövlət müstəqilliyi" idefiksini tanımağa cürət etmir. O ki qala Luqansk və Donbasdakı separatçıların pasportlarının İrəvan tərəfindən tanınması...

Ən nəhayət, Şimali Kiprin komandası da Xankəndinə yollanmadı. Necə ki, bundan əvvəl Şimali Kiprdə keçirilmiş ConİFA "turnir"ində Dağlıq Qarabağ və "Qərbi Ermənistan" komandaları iştirak etməmişdilər.

Bakının reaksiyası

"Ölkəmizin işğal olunmuş ərazilərində keçirilən, hər hansı rəsmi futbol assosiasiyası tərəfindən tanınmayan və öz sıralarında qeyri-legitim qurumları bir araya gətirən "konfederasiya"nın təşkil etdiyi oyunlar futbolun parodiyasından başqa bir şey deyildir".

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ ərazisində "müstəqil futbol assosiasiyaları konfederasiyası"nın (ConİFA) futbol oyununun keçirilməsi ilə bağlı suala cavabında deyib.

"Mən bu məsələyə əhəmiyyət verib çox danışmaqla onun təşviqinə xidmət etmək istəmirəm. Bildiyiniz kimi, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bununla bağlı etirazını bildirib. Bu oyunlarda iştirak edənlər sırasında olan Laplandiyanın adı mənə "qarlar ölkəsi" ilə bağlı nağılları xatırladır. Əslində elə erməni psixologiyası nağıllar və əfsanələr üzərində qurulub və onlar buna inanırlar", - Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib.

Nə etməliyik?

Əslində, dünyanın müxtəlif yerlərindəki tanınmamış, separatçı, etnik ayrıçılıq və s. motivləri üzərində təbliğatlarını quran, aralarında konkret millətin və ya etnosun nümayəndələrinin kompakt yaşadıqları ərazilərlə yanaşı (məsələn, Nissa, Kvebek), Dağlıq Qarabağ, "LXR" və "DXR" kimi aşkar terrorçu xunta tərəfindən idarə olunan separatçı rejimlərin də yer aldıqları ConİFA qarabağlı ermənilərin "təbliğat və təşviqat" mexanizmi kimi qəbul oluna da bilməz.

Tanınmamışların bir araya gəldiyi, "futbolun təşviqi vasitəsi" kimi qələmə verilən bu "turnir", əslində, dünya siyasətinin və yaşamının yol kənarına atılmışların bir-birlərinə ürək-dirək verməsi, bir-birlərini tanıyaraq hamının onları tanıdıqlarını düşərək illüziyalara qapılma vasitəsidir.

İdmanın siyasətdən kənar, siyasətin də idmana sirayət etməsinin yolverilməz olduğunu unudan Ermənistan və qarabağlı ermənilər bu dəfə marionetlər teatrını xatırladan "Avropa çempionatı" vasitəsilə ideoloji-siyasi müstəvidə nəyəsə nail olmağa çalışırlar.

Halonki alınan deyil.

2015-ci ildə Abxaziyanın komandası Macarıstanda keçirilən "Avropa çempionatı"na buraxılmamışdı. Gürcüstan XİN-ni rəsmi Budapeştin diqqətinə çatdırmışdı ki, abxaz separatçılara viza verilməsi, əslində, Tbilisiyə meydan oxumaqdır.

Budapeşt də Abxaziyanın komandasını turnirə buraxmamışdı.

Ötən il Londonda keçirilmiş turnirdə Ukraynanın Karpat bölgəsində yaşayan macarların "Karpataliya" komandası "çempion" olsa da, uğuru burnundan gəldi.

Rəsmi Kiyev nail oldu ki, "Karpataliya" komandasını artıq heç bir dövlət ərazisinə buraxmır.

ConİFA-nın prezidenti Per-Anders Blind isə Xankəndidə erməniləri tərifləyəndən sonra təşkilatının şəninə də mədhiyyə söyləyib: "Altı qitəni, 370 milyon insanı təmsil edirik. Məqsədimiz buranın, turnirin keçirildiyi yerin gözəlliyini dünyaya tanıtmaqdır".

Blind turizm və ya promouşn şirkətinin təmsilçisi olmadığından onun açıqlaması çox pis pərdələnmiş siyasi bəyanat təsiri baışlayır. ConİFA prezidenti sadəlövh təsir bağışlasa da, Azərbaycanın cavab tədbirlərinin sərt olacağının fərqindədir.

Rəsmi Bakı bu baradə geniş açıqlama vermir, lakin Per-Anders Blindin Xankəndidəki mətbuat konfransında hər vəchlə "siyasi suallar"dan yayınmağa çalışması da onun Azərbaycanın reaksiyasından xeyli ehtiyatlandığını göstərir.

Eyni davranışı ConİFA-nın Avropa departamentinin rəhbəri, Xankəndidə sualların çoxundan yayınmağa çalışmış Alberto Rişio da nümayiş etdirib.

Xankəndidəki stadionda keçirilmiş "təntənəli açılış" mərasimində vəcdə gələnlər, eyforiyaya qapılanlar da vardı.

Onların arasında Cənubi Osetiyadakı separatçı rejimin rəhbəri Anatoli Bibilov, Rusiya Dumasının deputatı və aşkar ermənipərəst Konstantin Zatulin xüsusilə fərqləniblər.

"Nə etməliyik?" sualının cavabı isə çox sadədir: "İndi etdiklərimizi davam etdirməliyik".

Heç bir dövlətin tanımadığı, legitim olmayan struktur, xunta, məkan və idefiksləri bir araya gətirmiş ConİFA-nın Dağlıq Qarabağda keçirdiyi "turnir", gerçəkdən də, futbola parodiya, məhəllə səviyyəsindəki topqovmanın siyasətə daşınma cəhdi və separatçılıq ideyalarının təbliğidir.

Rəsmi Bakı adekvat davranır və gərəkli nəticələrin əldə olunması istiqamətində kompleks tədbirlər görür.

Həmin tədbirlərin sonucu isə indidən bəllidir: Ermənistan və qarabağlı ermənilər Xankəndidəki turnirdə, əslində, taleləri ilə oynadıqlarının fərqinə varacaqlar.

Ötənilki turnirin "Enfield" stadionundakı final matçını Londondakı somalilərin diaspor təşkilatları maliyyələşdirmişdilər.

"Enfield" matçı azarkeşlərdə "Liverpul"un dünyaca məşhur "Anfield" arenası ilə oxşarlıq assosiasiyaları yaratmalıydı. Primitiv məqsəd belə idi.

Bu il somalilər pul verməyiblər, ermənilər ortaya düşüblər.

Xankəndidə futbola məzhəkə qurmaq üçün...

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.