Siyasət

Leyla Abdullayeva: "Azərbaycan Gürcüstanla dövlət sərhədinin demarkasiyasına dair müzakirələrin davam etdirilməsi məsələsində hər hansı bir maneə görmur" - MÜSAHİBƏ

21 Aprel 2019 15:40
Baxış: 939

Milli.Az Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullatevanın Trend-ə müsahibəsini təqdim edir:

Bu həftə ölkəmizlə Gürcüstan XİN-ləri arasında növbəti ikitərəfli siyasi məsləhətləşmələr keçirildi. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, 17 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Ramiz Həsənov və Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında Bakıda siyasi məsləhətləşmələrin növbəti raundu baş tutdu. Görüşdə iki qonşu və strateji tərəfdaş olan Azərbaycan və Gürcüstanın qarşılıqlı faydalı münasibətlərinin bir sıra aspektləri üzrə faydalı fikir mübadiləsi aparıldı.

Burada, ölkələrimizin iştirakı ilə həyata keçirilən və bölgəmizdə iqtisadi inkişafın əsasını təmin edən, eləcə də təhlükəsizlik və sabitliyin bərqərar olmasına xidmət edən enerji, nəqliyyat və digər regional layihələr müzakirə edildi. Belə ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, bu marşrut üzrə uğurla icra edilən və Azərbaycan qazını Avropa məkanına daşıyacaq, yeni reallıqda "oyun dəyişdirən" (game-changer) layihə kimi tanınan Cənubi Qaz Dəhlizi, o cümlədən, bu dəhlizin əsas hissəsini təşkil edən TANAP və TAP xəttləri ilə qazın nəqli məsələləri, eləcə də Bakı-Tbilisi-Qars dəmiryolu xətti, qitələri birləşdirən yeni Şərq-Qərb və Cənubi-Qərb nəqliyyat dəhlizi ətrafında fikir mübadiləsi aparıldı.

Bölgədə təhlükəsizliyə və dayanıqlı inkişafa başlıca təhdid olan, ölkələrimiz ərazisindəki həlli uzadılmış münaqişələr və onların həlli prosesinin hazırkı mərhələsi barədə müzakirələr aparıldı. Həmçinin, iki ölkə arasında iqtisadi, turizm, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın daha da irəli aparılması, üçtərəfli və çoxtərəfli platformalarında əməkdaşlığın davam etdirilməsi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi baş tutdu.

Bu gün Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Qeyd etdiyiniz kimi, bir çox sahələrdə yüksək səviyyədə əməkdaşlıq aparılır və XİN-lərarası siyasi məsləhətləşmələr mövcud əməkdaşlığı irəli aparmaq baxımından faydalı fikir mübadiləsini təşkil edir. Bu xüsusda məsləhətləşmələrdə hansı konkret təklif və təşəbbüslər irəli sürüldü?

- Bilirsiniz, XİN-lərarası siyasi məsləhətləşmələr iki ölkə arasında mövcud əməkdaşlıq münasibətləri gündəliyinin müvafiq məsələlərini müzakirə etmək, münasibətlərin daha da inkişaf etdirilməsi yollarını nəzərdən keçirmək, eləcə də hələ ki, öz həllini tapmamış məsələlərə dair fikir mübadiləsi aparmaq, mümkün həll yollarını müzakirə etmək üçün çox faydalı platformadır. Bu, münasibətlərin daima inkişafda olmasını təmin etmək üçün effektiv alətdir.

Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı strateji tərəfdaşlıq mövcuddur. Bu xüsusda, əlbəttə, iki ölkə arasında dövlət və hökumət başçıları səviyyəsində daimi əsasda davam etdirilən siyasi dialoqun müstəsna rolu var. Məlumat üçün bildirim ki, bu günədək iki ölkə arasında 109 sənəd imzalanıb və bir sıra saziş mətnləri hazırda baxılmaqdadır və bu, əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsindən xəbər verir.

Konkret nəticələrə gəldikdə bildirmək istərdim ki, məsləhətləşmələr zamanı Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti və biznes forumlarının təşkilinin ikitərəfli əməkdaşlığın zəngin potensialından səmərəli şəkildə faydalanmağa əlavə təkan verəcəyi qeyd edilib və bu xüsusda təkliflər irəli sürülüb. Eyni zamanda, hər iki ölkənin inkişafında vacib yer tutan turizm sektorunun təşviqi baxımından birgə təklifləri ehtiva edən konkret layihələr üzərində əməli işlərin uğurla tamamlanması vurğulanıb. Həmçinin, cari ilin iyun ayında Batumidə təşkil ediləcək və humanitar sahədə əməkdaşlığa yeni təkan verəcək "Azərbaycan mədəniyyət günləri"nə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda vurğulamaq istərdim ki, hər iki ölkə bütün beynəlxalq platformalarda dövlətlərin suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək mövqeyindən çıxış edir və aqressiv separatçılığa qarşı mübarizə məsələsində də eyni mövqe sərgiləyirlər.

Leyla xanım, iki ölkə arasında açıq qalan məsələlərdən biri də dövlət sərhədlərin delimitasiyası məsələsidir. Bununla bağlı məsləhətləşmələr zamanı müzakirələr aparıldımı?

- Bəli, nazir müavini Ramiz Həsənov gürcü həmkarı ilə birgə ölkələrimizin arasında dövlət sərhədinin delimitasiyası prosesinin irəli aparılması məsələsini də müzakirə etdilər. Bildiyiniz kimi, iki ölkə arasında sərhəd delimitasiyası məsələsi müvafiq dövlət komissiyası, eləcə də ekspertlər səviyyəsində müzakirə edilir. Ümumiyyətlə qeyd etmək istərdim ki, Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası prosesi, tərəflərin hər iki ölkəni qane edəcək nəticələrin əldə edilməsinə hədəflənən xoş niyyətinə uyğun olaraq davam etdirilir. Bu xüsusda, Azərbaycan tərəfindən müvafiq müzakirlərin davam etdirilməsi məsələsində hər hansı bir maneə görülmür və biz müzakirələrə hazırıq.

Çoxtərəfli formatlarda əmkdaşlığımız barəsində nə deyə bilərsiniz?

- Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də üçtərəfli formatlarda əməkdaşlıq mövcuddur. Məlum olduğu kimi, ikitərəfli əlaqələrimizi tamamlayaraq onun keyfiyyətcə yeni müstəvidə inkişafına şərait yaradan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı fəaliyyət göstərir. Bu formatda sonuncu 7-ci görüş ötən ilin oktyabr ayında Türkiyədə baş tutdu.

Azərbaycan və Gürcüstan, həmçinin BMT və digər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Sonuncu məsləhətləşmələrdə biz, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstərilməsi perspektivləri məsələsi də müzakirə edildi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq əldə edildi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.