Siyasət

Nə istədiyini bilməyənlərin FACİƏSİ

12 Mart 2018 10:58
Baxış: 3 944

"İstefa!", "Əli bəy prezident!", "Prezident yox, lider!", "Azadlıq!", "Nə azadlıq  -İstefa!"..

Bu şüarlar martın 10-da Bakının Yasamal rayonundakı "Məhsul" stadionunda AXCP, Müsavat və Milli Şuranın birgə təşkil etdikləri, daha çox qohum-əqrəba toplantısına bənzəyən mitinqin əvvəlində, gedişatında və sonunda səslənən şüarlardı.

AXCP sədri, eyni zamanda bloqer və Facebook-da virtual "savaşçı" olan Əli Kərimli meydanda Cəmil Həsənli ilə birlikdə peyda olanda az qala ekstaza düşən və "cəbhəçilər" kimi təqdim olunan sadəlövhlər müxtəlif şüarlar söyləməyə başladılar.

Həmin anda Əli Kərimli illüziyalarında yaratdığı tərəfdar ordusunun içində flaqma gəmisi təki hərəkət edən siyasətçi olduğunu düşünürdü yəqin.

Bəlkə də xəyal edirdi ki, həmin insanlardan vasitə qismində yararlanmaqda səhv etməyib: niyə də olmasın axı - 1400-1500 nəfər meydana yığışıb, hərəsinin öz məramı, fərqli məqsədi var, Əli Kərimli və "kamarilya"sı isə sırf praktik, çox konkret məqsədlərini gerçəkləşdirirlər.

Müxalifətdəki siyasi təşkilatların tam əksəriyyətinin boykot etdiyi "boykot mitinqi"nə İsa Qəmbərin kölgəsindən çıxmağa, müsavatçılar arasındakı nüfuzundan qurtulmağa çalışan "siyasi cırtdan" Arif Hacılı və özünü az qala Azərbaycan müxalifətinin Qriqori Yavlinskisi hesab etməyə başlayıb xəyallarında pərvaz edən Cəmil Həsənli kimi fiqurantlar can-başla yollanmışdılar.

Əslində, onların başqa çıxış yolu da yoxdu. Müxalifətin radikal düşərgəsindəki bu kəslər sosial bazalarının olmadığını gözəl dərk etdiklərindən yalnız AXCP və Müsavatın azsaylı üzvlərinin yığılılması hesabına da olsa, nə isə etməyə çalışırlar.

Radikal müxalifətə xalqın inamının olmaması, üzqaraldan siyasi keçmişləri və bugünkü antimilli fəaliyyətləri onların uğursuz mitinqlərini şərtləndirir. Leksikonu söyüş, təhqirlərdən ibarət olan radikal müxalifətin qohum-əqrabalarından ibarət mitinqi isə yalnız istehza doğurur.

Mitinq zamanı yaşananlar da diqqətdən yayınmadı. Belə ki, azsaylı trollar dəstəsi və yaxın qohumların iştirakı ilə keçirilən aksiyada maraqlı nüanslar oldu. Əli Kərimli tribunada sözünü qurtarmamış plakatları bir-birinə ötürən və sonra da yerə atan dəstə yavaş-yavaş aradan çıxdı. Hətta A.Hacılının İsa Qəmbərin adından səsləndirdiyi müraciətə belə qulaq asan olmadı. Müsavat başqanı höccələyə-höccələyə oxudugu müraciəti yaranan səs-küydən, deyəsən, heç özü də başa düşməmişdi?!

"Məhsul"dakı mitinqə qatılanlar və bu yığnağın təşkilatçıları onların strategiyasını məğlub, taktikalarını bərbad, özlərini uğursuz siyasətçi sayanları təhqir edir, söyürlər.

Məsələn, martın 10-dakı mitinqə qatılmayan "Real" hərəkatının rəhbərliyi və üzvləri sosial şəbəkələrdə Əli Kərimlinin trolları tərəfindən küçə söyüşlərinə hədəf olunur.

"Real"ın icraçı katibi Natiq Cəfərlinin Əli Kərimlinin trolları haqqında "bu gün bizi söyənlər, sabah da bir-birini söyəcəklər" fikrini təsadüfən, səbəbsiz söyləməyib.

Əli Kərimli və tərəfdarları, deyəsən, nə istədiklərini belə bilmirlər.

Eyni zamanda istefa tələb etmək, bloqer Əli Kərimlini prezident kimi görmək arzusunu dilə gətirmək və seçkiləri boykot etdiklərini demək fəaliyyət prinsiplərinin bilmərrə yoxluğu ilə yanaşı, küçə söyüşlərinin siyasət sayanların faciəsini göstərir.

Orxan Hun
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.