"Bakı Şəbəkəsi" İB Milli Qəhrəman, şəhid jurnalist Fəxrəddin Şahbazovun ailə üzvlərinə baş çəkib.
"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin rəhbərliyi 20 noyabr 1991-ci ildə Qarakənd səmasında erməni terrorçuları tərəfindən vurulmuş helikopterdə faciəli şəkildə həlak olmuş jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Şahbazovun ailə üzvlərinə baş çəkib. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində terror qurbanı olmuş şəhid jurnalistlərin xatirəsinə həsr olunan layihə çərçivəsində Fəxrəddin Şahbazovun ailə üzvləri ilə birgə xatirəsi anılıb.
İctimai Birliyin rəhbəri Elçin Ağacanov bildirib ki, şəhid jurnalistləri yad etmək üçün bir sıra layihələr həyata keçirilib və proses gələcəkdə də davam etdiriləcək: "Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Baku Network" Analitik Mərkəzi tərəfindən icra olunan "Azərbaycan əleyhinə hibrid və ideoloji təhdidlərin təhlili" layihəsi çərçivəsində bu ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində şəhid jurnalistlərin xatirəsinə həsr edilən tədbir keçirilib, sərgi təşkil edilib. Fransanın nüfuzlu siyasətçiləri, ictimai xadimlər, Avropanın aparıcı media qurumlarının nümayəndələri və digər tanınmış şəxslərin iştirakı ilə keçirilən tədbirdə braşurlar da paylanılıb. Məqsədimiz erməni terrorunu bir daha dünyaya tanıtmaq, Azərbaycanın haqq və ədalət savaşını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq idi".
"Bakı Şəbəkəsi" Araşdrımalar və Təhlil İctimai Birliyinin layihə direktoru Sahil Kərimli isə bildirib ki, şəhidlərimizin, xüsusilə də peşə borcunu yerinə yetirərkən erməni terrorunun qurbanı olan media nümyəndələrinin xatirəsi bizim üçün daim əzizdir: "Biz Fransada keçirilən tədbirdə bir daha dünyaya çatdırdıq ki, erməni işğalçıları mülki insanlara qarşı müharibə cinayətləri törədiblər. İstər 1-ci Qarabağ müharibəsi zamanı, istərsə də 44 günlük Vətən Müharibəsi dövründə erməni terrorçuları mülki şəxsləri, jurnalistlərimizi qətlə yetiriblər. Biz şəhidlərimizin əziz xatirəsini uca tutaraq bu həqiqətləri dünyaya çatdırmaq istədik. Bu gün də, gələcəkdə də bu kimi layihələr davam etdiriləcək".
Şəhid jurnalistin həyat yoldaşı Nəsibə Şahbazova bildirib həyat yoldaşı çox ağır təbiətli, zəhmətkeş, qayğıkeş, ailəsinə, xüsusilə də dostlarına məsuliyyətli, dostcanlı, anasını, atasını, ailəsini sevən, valideynlərinə böyük hörmətlə yanaşan biri idi. Düzdür, hər gün eyni söhbəti edirik, amma hər il noyabrın 20-si bizim üçün ən ağır gündür. Bizim ailə Fəxrəddinsiz yaşadı. Uşaqlar Fəxrəddinsiz böyüdü. Fəxrəddinin övladları ilə bağlı nə boyda arzuları var idi. Allah prezidentimizin canını sağ eləsin. Düşünürəm ki, onun "dəmir yumruğ"u olmasa idi, bu qədər möhkəm olmazdıq. Hamı o "dəmir yumruq" ətrafında birləşdi, bütün azərbaycan xalqı, igidləri prezidentimizi dəstəklədi. Prezidentimizin yanındayıq. O, "dəmir yumruğ"unu bir dəfə hamıya göstərdi. Mənə elə gəlir ki, biz bird aha müharibə görmərik.
Fəxrəddin Şahbazovun qızı Əminə Şahbazova isə deyib ki, atası şəhid olanda yaşı az olduğundan onu xatırlamır: ancaq xırda epizodlar yadımızda qalıb.Hamısı da çox gözəl xatirələrdir. Hələ uşaq yaşlarımızdan bizimlə maraqlanmağı az da olsa, yadımdadır. Çəkilişdən qayıtıdıqdan sonra çəkdiklərini bizə göstərirdi. Uşaqlıqdan qürur hissi ilə böyümüşük. Hara getmişiksə, Milli Qəhrəman övladı adı başımızın üstündə olub. O necə Vətənə layiq olmaq üçün bu yola giribsə, biz də ona, adına, Vətənə layiq yaşamağa çalışmışıq. Biz sonadək o adla yaşayacğıq.
Fəxrəddin Şahbazovun qızı Səbinə Şahbazova bildirib ki, atası rəhmətə gedəndə üç yaşı var idi: Bacım məndən bir yaş böyükdür. Bəlkə, 10 yaşımda filan daha çox yadımda idi. Zaman keçdikcə, qayğılar artdıqca, həyata adaptasiya olduqca istər-istəməz uşaqlıqlar bir az unudulur. Düzünü desəm, simasını ancaq şəkillərdən xatırlayıram. Elə bir yaşımda idim ki, hansısa hadisəni danışlmadan heç cür yadıma sala bilmirəm. Lakin anam danışanda az da ol, xatirə kimi gözümün önündən keçir. O qədər gözəl sözlər, ifadələr eşidirdim ki, o özü mənim üçün çox böyük fəxr idi. O, həm dost kimi çox gözəl dost olub. Dostları onunla bağlı xatirələrini danışa-danışa bitirmirlər. Evin böyük oğlu olduğuna görə bacı və qardaşlarının əlindən tutub. Belə bir kişinin qızı olduğuma görə fəxr edirəm.
Fəxrəddin Şahbazovun ailə üzvləri şəhid jurnalsitlərin xatirəsinin daim uca tutduğuna, bu istiqamətdə mütəmadi tədbirlər keçirdiyinə görə "Bakı Şəbəkəsi" Araşdrımalar və Təhlil İctimai Birliyinə dərin təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopterində Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev, video operator Fəxrəddin Şahbazov və digər şəxslər də olmaqla ümumilikdə 22 nəfər həlak olub. Fəxrəddin Şahbazova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Şəhid Fəxrəddin Şahbazovun evindən hazırlanan videoreportajı təqdim edirik:
Milli.Az





