Siyasət

"Nədir, Azərbaycan onlara qəflətən belə əziz oldu?!"

26 Aprel 2011 13:50
Baxış: 231
Azərbaycan Mütərəqqi Sosialist Partiyası (AMSP) ölkədə ictimai-siyasi gərginliyin artması, qarşıdurma və toqquşmalara yönəlmiş səyləri yolverilməz, icazəsiz və sanksiyalaşdırılmamış mitinqlər keçirmək cəhdlərini isə qanun pozuntuları hesab edir. Bunu AMSP sədri Rüstəm Şahsuvarov Milli.Az xəbər portalına verdiyi açıqlamasında dedi.

Siyasətçi hesab edir ki, müxalifət düşərgəsindəki qüvvələr bəhs etdikləri problemlərin həllinə ictimai ab-havanı pozmadan, vəziyyəti gərginləşdirmədən nail ola bilərlər.

"Lakin İctimai Palatada qruplaşan və özlərini liberal-demokrat, qərbpərəst və s. adlandıran qüvvələr var gücləri ilə çalışırlar ki, ölkədəki sabitlik pozulsun, Azərbaycanda xaos və hərc-mərclik yaransın. Biz bunun əleyhinəyik. Təəssüflər olsun ki, müxtəlif xarici qüvvələr, habelə xaricdə yaşayan və orada fəaliyyət göstərən bəzi insanlar bəhs etdiyim təşkilatlara dəstək, göstərişlər verirlər. Bununla yanaşı, xaricdəki qüvvələr öz adamlarını "müstəqil jurnalist" və "müstəqil ekspert" adı ilə Azərbaycana göndərir, müxalifətə hər vasitə ilə dəstək verməklə yanaşı, guya müxalifətçilərin insan haqlarının pozulması barədə yazı və hesabatlar hazırlayırlar. Onlar belə görüntü yaratmaq istəyirlər ki, guya ölkə müxalifəti insan hüquqları uğrunda çarpışır, ölkə iqtidarı isə icazəsiz aksiyaların keçirilməsinə mane olur. Bilirsiniz, çox eybəcər mənzərə alınır. Xaricdən göndərilən adamlar da qayıdıb qərəzli yazır, Azərbaycan barədə neqativ məzmunlu, mənfi ruhlu reportajlar hazırlayırlar", - R.Şahsuvarov deyib.

Onun fikrincə, Qərb baş verənləri tərsinə interpretasiya edir: "Müxalifət aksiya keçirmək istəyəndə Bakı Şəhər İcra Hakimiyyəti onlara yer ayırır, amma müxalifətçilər həmin yerdə aksiya keçirmək istəmədiklərini deyirlər və özbaşına olaraq tamam başqa yerlərə, xüsusilə də şəhərin mərkəzi yerlərinə can atırlar. Onlar şəhərin mərkəzində mitinqlər keçirməyə səy göstərməklə nəqliyyatın hərəkətini pozur, həm də çaxnaşma vəziyyəti yaratmağa çalışır. Məhz bu səbəbdən də müxalifətə belə yerlərdə aksiya keçirməyə icazə verilməsə də, müxalifətçilər o yerlərə gedərək polislə toqquşur. Niyə?! Çünki həmin adamlar qəsdən polislə üzləşir, toqquşmalar yaratmağa can atırlar. Onlar toqquşmalarda tərəfdarlarının həbs edilməsinə çalışır, sonra da bu həbslər barədə dünyaya car çəkib deyirlər ki, "bizi tuturlar, aksiya keçirməyə qoymurlar". Onlar Qərbdəki qəyyumlarına, hamilərinə güvənirlər".

AMSP sədri daha sonra dedi ki, "həmin qəyyumlar" Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç vaxt Azərbaycanın haqq mövqeyini dəstəkləməyib, əksinə, Ermənistanın işğalçı siyasətini, Dağlıq Qarabağdakı terrorçuları bir növ müdafiə ediblər.

"Bəs indi nə oldu ki, həmin qüvvələr İctimai Palatadakı sağçı müxalifətə belə qəyyumluq edirlər?! Nədir, Azərbaycan birdən-birə həmin qüvvələr üçün belə əziz olub?! Azərbaycanın haqq işini dəstəkləməyənlərin müxalifətin aksiyalarına qahmar çıxmalarını hansı məntiqlə izah etmək olar?!" - R.Şahsuvarov dedi.

Ceyhun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.