Siyasət

Siyasətin erməni budaq cümləsi: Qərb, buyur, anla...

25 İyun 2015 15:53
4 Şərh     Baxış: 1 383

Yerevanın mərkəzində nümayiş edənlər Ermənistanda elektrik enerjisi tariflərinin qaldırılması qərarı ləğv edilməyənə qədər dağılışmayacaqlarını bildirib.
Bir qrup gənc musiqi sədaları altında rəqs edib, başqaları isə soyuq su paylayıb.
Yol iki cərgəli boş zibil qutuları ilə kəsilib, etirazçılar deyir ki, bu, hüquq-mühafizə orqanlarından gələ biləcək hücumdan qorunmaq üçündür.
"Biz, sadəcə, özümüzü sudan və polisdən qoruyuruq, zorakılıq və qarşıdurma istəmirik, istəyirik ki, elektrik enerjisinin qiyməti endirilsin", -  "Talana yox!" təşəbbüs qrupunun üzvü Vağinak Şuşanyan bildirib.
Prezidentlə görüşdən boyun qaçıran etirazçılar, prezidentin canlı efirdə elektrik enerjisinin qiymətinin endirilməsi qərarını eşitmək istəyir.
Onların sözlərinə görə, aksiyalar siyasi xarakter daşımır. "Tələbimiz yerinə yetirilən kimi dağılışacağıq" (BBS).
"Talana yox!" təşəbbüsü ötən həftədən elektrik enerji tariflərinin qaldırılmasına qarşı etiraz aksiyaları təşkil edir.
İyunun 23-də səhər saat 5:30 radələrində polis güc tətbiq edərək Bağramyan prospektində etirazçıların piketini dağıdıb. Nəticədə 30-a yaxın insan xəsarət alıb, 237 nəfər həbs olunub. Daha sonra etirazçıların sayı çoxalıb və onların tələbi ilə həbs olunanların hamısı sərbəst buraxılıb.
Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının 17 iyun tarixli qərarına əsasən, elektrik enerjinin tarifləri təxminən 16 faiz artırılıb.
Avqustun 1-dən Ermənistan istehlakçıları gündüz saatlarında istifadə edilən 1 kilovat saat elektrik enerjisi üçün 48,78 dram (təxminən 10,3 cent), gecə saatları üçün - 38,78 dram ödəməli olacaqlar.
Belə durumda Ermənistanın hakimiyyət dairələrinin davranşı yetərincə maraqlıdır.
Bir tərəfdən prezident Serj Sarkisyan Baqramyan prospektində etiraz edənlərlə görüşmək istədiyini deyir, amma sonra Brüsselə rəsmi səfərə yollanır.
Digər tərəfdən də aksiya iştirakçılarının üzərinə polis yeridilir.
İkili davranış modelidir.
Hakimiyyət sosial etirazların genişmiqyaslı siyasi aksiyaya çevrilməsinə yol verməməyə çalışır, həm müxalifətin, həm də özünün geri çəkilməsi üçün körpüləri yandırmaq istəmir.
Di gəl, vətəndaşlarla dialoqun gərəkliliyini anlayan Sarkisyan iqtidarı "vasitəçi" qismində polisi seçib. Bu isə aydın göstərir ki, situasiya əvvəlcədən planlaşdırılmayıb və baş verənlər həm müxalifət, həm də iqtidar üçün gözlənilməz olub.
Və əgər aksiya iştirakçılarının tərəddüdləri, laübələri bilavasitə hadisələrin axarı ilə bağlı idisə, hakimiyyətin narahatlığı Ermənistan hüdudlarından kənardakı məsələlərə reaksiyanın seçimində kobud səhvlərə yol vermək xofunun üşəngisi idi.
Ermənistandakı aksiya, sadəcə, elektroenerjinin bahalaşmasının yaratdığı narazılıq deyil. Əsla.
Yeni siyasi vektorlar formalaşır, müxalifət-iqtidar müstəvisində tektonik parçalanmalar güclənir, hadisələrin ardıcıllığı prosesləri şərtləndirir. Görünən odur ki, strateji proses daha da şiddətlənəcək.
Hə, onu da yazaq ki, Yerevandakı aksiyalarla bağlı Rusiya telekanallarının reportajları və ümumiyyətlə, mövqeyi erməniləri cin atına mindirib.
Həmin reaksiyalar, əslində, Ermənistanda Rusiyaya olan gerçək münasibəti ortaya qoydu.
Axı kölə sahibini sevə bilməz. Tam əksinə, məruz qaldığı aşağılanmalar, istismar üçün qisas imkanı arayır, gözləyir və hər imkandan yararlanmağa çalışır.
Vəziyyət, gerçəkdən də, qəlizdir.
Yerevandakı hadisələr Qərbin Yerevana olan münasibətinin lüğətindəki erməni budaq cümləsidir.
Zahirən var, budur, göz qarşısındadır - sözlər, durğu işarələri - hər şey yerində.
Amma məna absurddur.

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.