Barselonanın gənc ulduzu Lamin Yamal klubun əfsanəvi futbolçusu Lionel Messidən sonra boş qalan 10 nömrəli formanı miras alıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı cinah oyunçusu, La Masia akademiyasından çıxan və tez-tez argentinalı ulduz Messi ilə müqayisə olunan Yamal, ötən mövsüm Kataloniya klubunun ölkə daxilində üç titul (trebl) qazanmasında mühüm rol oynayıb.
Yamal indiyədək klub üçün 100-dən çox oyuna çıxaraq 25 qol vurub. O, 2023-cü ildə cəmi 15 yaşında olarkən 41 nömrəli forma ilə debüt edib.
Ötən mövsüm 27 nömrəli formanı geyindikdən sonra, Yamal keçən yay Messinin izindən gedərək 2005-2008-ci illərdə argentinalı oyunçunun da geyindiyi 19 nömrəli formaya keçmişdi.
Qeyd edək ki, Messi Barselonanı tərk edərək PSJ-yə keçəndə (2021-ci ildə), onun 10 nömrəli formasını Ansu Fati miras almışdı. Lakin zədələr səbəbindən potensialını tam göstərə bilməyən Fati bu iyul ayında Monako klubuna icarəyə verilib.
Qeyd edək ki, Barselonanının 10 nömrəli formasını vaxtilə Dieqo Maradona, Ronaldinyo və Rivaldo kimi dünya ulduzları da geyiniblər.
Lalə Qüdrətova
Milli.Az