2 dəqiqəyə yuxuya getməyin sadə üsulu açıqlanıb.
Milli.Az xəbər verir ki, sağlam həyat tərzi üzrə mütəxəssis Jordi Vu yuxusuzluqdan əziyyət çəkən insanlara sadə və cəmi iki dəqiqə vaxt aparan bir texnika tövsiyə edib. O, bu barədə "20minutos" nəşrinə danışıb.
Ekspertin sözlərinə görə, əvvəlcə barmaqları bir-birinə keçirərək əlləri başın altına qoymaq lazımdır. Daha sonra tərpənmədən sol tərəfə baxaraq bir nöqtəyə diqqət etmək tövsiyə olunur. Əgər insan əsnəməyə başlayırsa və yuxu əlamətləri hiss olunursa, eyni prosesi sağ tərəf üçün də təkrarlamaq olar.
Jordi Vu bu üsulun baş nahiyəsində qan dövranını yaxşılaşdırdığını və bədənin rahatlamasına cavabdeh olan parasimpatik sinir sisteminin əsas hissəsi olan vagus sinirini stimullaşdırdığını bildirib.
Qeyd edək ki, daha əvvəl diyetoloq Kayla Krouli də yuxu öncəsi bəzi qidaların rasiondan çıxarılmasını tövsiyə etmişdi. Onun sözlərinə görə, yağlı yeməklər mədədə yanma yaratdığı üçün yuxuya mane olur.
Milli.Az