Cəmiyyət

Cəmiyyətdə müəyyən bir seqmentlər var ki, onlar məmurların fəaliyyətindən narazıdırlar - Yunus Oğuz

25 Noyabr 2026 13:50
Baxış: 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Cəmiyyətdə müəyyən bir seqmentlər var ki, onlar məmurların fəaliyyətindən narazıdırlar. Müxtəlif məsələlərə cavab tapa bilmirlər. Eynilə də bu gün 1 milyon 200 min olan təqaüdçülərimiz bir çox məsələlərə cavab tapa bilmirlər".

Milli.Az xəbər verir ki, bu sözləri yazıçı, jurnalist Yunus Oğuz deyib.

Onun sözlərinə görə, ilk məsələ 65 yaşına çatmadan vəfat edən şəxslərin pensiya üçün topladığı vəsaitin ailələrinə verilməməsidir. Qeyd edib ki, insanlar 17 yaşından işləməyə başlayır, 40-50 il ərzində pensiya üçün pul toplayır, lakin 65 yaşına çatmadan dünyasını dəyişdikdə, həmin vəsaitin ailəsinə verilməməsi sual doğurur:

"İnsan dünyasını dəyişir, adına bir ev qalır, daşınmaz əmlak qalır. O, ailəsinin adına keçir. Amma təqaüdçüyə yığılan pul daşınmaz əmlak kimi ona verilmir, niyə? Niyə verilməməlidir? Axı bu, onun mülküdür. Pul mülküdür, daşınan mülküdür. Niyə verilməsin?"

Yunus Oğuz ikinci məsələ kimi 65 yaşından sonra işləməyə davam edən pensiyaçılara pensiya əlavələrinin altı ildən bir hesablanmasını göstərib. O hesab edir ki, bu əlavələr hər il verilməlidir. Çünki insan işləyə-işləyə 71 yaşına çatmaya, həmin müddət ərzində vəfat edə bilər:

"Kim zəmanət verir ki, insan işləyə-işləyə dünyasını dəyişməyəcək, heç 71 yaşına da çatmayacaq? Niyə bunu illik vermirsiniz? İnsan işləyir, zəhmət çəkir, görür təqaüdü azdır, çatdıra bilmir. İnsan işləyir, təqaüdünü niyə vermirsiniz? Məsələ bundadır ki, bu təqaüdlər məsələsində insanın mülkiyyətinə qəsd olunur. Bu qəsddir. Bax, bu qəsdin də nə vaxtsa kimsə cavabını verməlidir ki, bu insanın pulunu qaytarın".

Y.Oğuz, həmçinin insanların işlədikləri müddətdə pensiya sisteminə ödədikləri vəsaitlərin hara yönəldilməsi ilə bağlı şəffaflığın olmadığını bildirib. Onun fikrincə, həmin vəsaitlərin depozitə yerləşdirilməsi və gəlir gətirməsi mümkün ola bilər. O, gələcək pensiyaçılarla müqavilə bağlanmasını, toplanan pulların idarə olunması barədə məlumat verilməsini təklif edib:

"Bu insanın işdə 30 ildə, 40 ildə ayırdığı pul hara gedir? Olmazmı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin insanlarla, gələcəkdə təqaüd alacaq insanlarla müqavilə bağlasın və o yığılan pul depozitə qoyulsun ki, onun pulunun üstünə yenə də pul gəlsin? Amma bunu heç kim etmir. Bəlkə də depozitə qoyurlar, biz bilmirik. Çünki əhalidən ayrılan pulun, işləyənlərin pulunun heç bir hesabatı yoxdur ki, hara gedir, necə gedir".

Yazıçı, jurnalist son olaraq pensiyaçıların sosial vəziyyətinə toxunub. O bildirib ki, pensiyaçılar cəmiyyətin ən narazı və həssas təbəqələrindən biridir, bir çoxu dərman almaq üçün apteklərdə növbəyə durur, yaşayış səviyyəsi isə minimumdur.

Oğuz hesab edir ki, pensiya məsələləri indidən həll edilməli, pensiyaçılar hər il pensiyalarının artırılması ilə bağlı qərar gözləməli vəziyyətdə qalmamalıdırlar. O, aidiyyəti qurumları bu məsələlərə aydınlıq gətirməyə və vətəndaşların pensiya vəsaitləri barədə məlumatlandırılmasına çağırıb.

Müəllif: Mina Mikayılova

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.