Tanınmış aparıcı Şəhriyar Əbilov uzun illər çalışdığı Azərbaycan Dövlət Televiziyasından (AzTV) ayrıldığını açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə Əbilov şəxsi sosial media hesabında paylaşım edərək, AzTV-də keçirdiyi illəri dəyərləndirib. O bildirib ki, illər ərzində bir-birindən dəyərli və yadda qalan layihələrə imza atıb və bu mühit onun üçün sadəcə bir iş yeri deyil, eyni zamanda dostlar qazandığı, gözəl insanlarla tanış olduğu böyük bir ailəyə çevrilib:
"Uzun illərdir ki, Azərbaycan Dövlət Televiziyasında çalışırdım. Bu illər ərzində bir-birindən dəyərli və yadda qalan layihələrə imza atdım. Bu televiziya mənim üçün sadəcə bir iş yeri yox, həm də dostlar qazandığım, gözəl insanlarla tanış olduğum, böyük bir ailəyə çevrilmiş bir mühit oldu.
Ancaq hər bir başlanğıcın bir sonu olduğu kimi, bu yolun da sonuna gəlib çatdım. Bugündən etibarən Azərbaycan Dövlət Televiziyası ilə yollarımı ayırıram. Bu vaxtda qədər mənimlə çiyin-çiyinə çalışan rəhbərliyə və bütün kollektivi ürəkdən təşəkkür edirəm - göstərilən münasibət, verilən dəyər və dostyana davranış üçün minnətdaram.
Həyat davam edir. Qarşıda yeni kanallar, yeni layihələr və yeni başlanğıclar məni gözləyir. Hər kəsə uğurlar arzulayıram. Haqqınızı halal edin - mən də öz haqqımı halal edirəm".
Qeyd edək ki, Ş. Əbilov son olaraq "Düşən pullar" verilişinin aparıcılığını edib.
Milli.Az