Siyasət

Ərəb NATO-su yaradılır - ARAŞDIRMA

18 Aprel 2015 21:10
0 Şərh     Baxış: 1 661
Suriya alovlar içində, İraq müharibə şəraitindədir. Liviya məğlubiyyətlə üzləşir, Yəmən isə əsas etibarilə parçalanıb. Yaxın Şərqin böhranlarla əhatələnməsi yeni bir şey olmasa da, Yaxın Şərq ölkələrinin bu üst-üstə düşən münaqişələrə ümumi şəkildə verdikləri cavab isə, şübhəsiz ki, yenidir. Ərəb Dövlətləri Liqası 40 minə yaxın, müxtəlif ölkələrdən hərbi mütəxəssisdən ibarət "çevik reaksiya qüvvəsi" yaradır və məlumatlara görə, bu haqda qərar növbəti sammitdə rəsmi olaraq qəbul ediləcək. Bu, NATO-nun professional potensial səviyyəsinə o qədər yaxın olmasa da, dünyanın ən çox problemləri olan region üçün önəmli bir inkişafdır.

İlkin olaraq, əsas ordular Misir, İordaniya, Mərakeş, Sudan, qalanları isə körfəz ölkələrindən yığılacaq və qüvvələrin əsası Misirdə yerləşəcək. Səudiyyəli generalın rəhbərlik edəcəyi qüvvələrin vahid və daimi komandanlıq strukturu olacaq. Burda ideya hal-hazırda ərəb ölkələrinin Yəməndə əməliyyatlar apardığı şəkildə gələcək böhranlar qarşısında tədbir görə biləcək çoxmilli hərbi qüvvə yaratmaqdır. Məlumatlar göstərir ki, hərbi hava qüvvələrində 500-dən 1000-ə qədər, hərbi dəniz qüvvələrində 5000-ə qədər, quru qüvvələrində isə təxminən 35 min hərbçi olacaq. NATO-nun komandanlıq strukturunda olduğu kimi bu ərəb qüvvəsinin də tərkibində hava, dəniz, quru və xüsusi qüvvələr olacaq. Orduların ödənişləri məxsus olduqları ölkələr tərəfindən həyata keçiriləcək və komandanlıq strukturu Körfəz Əməkdaşlıq Şurası tərəfindən maliyyələşdiriləcək.

XX əsrdə ərəb ölkələri koalisiyasının İsrailə qarşı müxtəlif hücumları və 1962-ci ildə ərəb koalisiyasının Yəmən əməliyyatı daxil olmaqla, əvvəllər kifayət qədər bu tip fəaliyyətin nümunələri olub.

Bunların baş vermə səbəbi nədir və Qərb bu haqda nə etməlidir?

Aydındır ki, ən yaxın səbəb ola biləcək amil olsa da, burda səbəb Yəməndəki hadisələr deyil. Sadə dillə desək, İraq, Livan və Suriyadakı siyasi böhranları nəzərə alsaq, mahiyyət etibarilə sünni birliyi olan Ərəb Dövlətləri Liqası bu ordunu İrana qarşı mübarizə aparmaq üçün yaradır.

Sanksiyalar qaldırıldığı halda Tehranın beynəlxalq arenaya qayıtma ehtimalının yüksək olduğunu nəzərə aldıqda, bu, sünni ərəb dövlətləri üçün xüsusi əhəmiyyət daşıyır. Bu baş verərsə, İranın beynəlxalq səviyyədə azad ticarət imkanı qayıdacağından, onun dövlət xəzinəsinə milyardlarla dollar daxil olacaq. İranın nüvə silahı əldə edilməsinin qarşısı alınsa da, alınmasa da, nüvə proqramı haqqında yekun saziş əldə edildiyini fərz etsək, heç şübhəsiz, ölkənin resursları qısa müddətə gözlənilməz şəkildə artacaq.

İran həmişə olduğu kimi bu resurslardan şiələrin dini fəaliyyətini irəli çəkmək, sünni dövlətlər, İsrail və Qərbə qarşı terrorizmi dəstəkləmək və onsuz da güclü olan silahlı qüvvələrini bir qədər də möhkəmləndirmək üçün istifadə edəcək. İran Yaxın Şərqdə artıq Tehran, Dəməşq, Beyrut, Bağdad və Səna olmaqla, beş paytaxtı idarə edir. İranın məqsədi islam dinini öz versiyasında irəli çəkmək və sünni rəqiblərinin mövqeyini və statusunu zəiflətməkdir. Bu sünni rəqiblərə İranın müdafiəsiz hesab etdiyi Səudiyyə Ərəbistanı, əhalisinin əksəriyyəti əzilmiş şiələr olan Bəhreyn krallığı və idarə edilə biləcək qədər kiçik və yaxın olan Körfəz ölkələrini misal göstərmək olar.

Əvvəl də qeyd edildiyi kimi, islam dinində bir hadisəyə xristianlıqda reformasiya hərəkatından fərqli yanaşmırıq. Bu hərəkat katoliklərlə protestantlar arasında gedən döyüşlərdə çoxlu sayda avropalının həlak olması ilə nəticələnmişdi. Ara sakitləşmədiyi müddətdə islam aləminin bu hissəsini də eyni gələcək gözləyir.

Koalisiyanın Yəməndə ortaya çıxan bu əməliyyatına səudiyyəlilər, misirlilər, körfəz ölkələrindən və çox güman ki, Pakistandan əsgərlər cəlb ediləcək. Bu vaxta qədər məlumatları, kəşfiyyat imkanlarını və hərbi təyyarələr arasında aviayanacaq ötürülməsini ABŞ təmin edir. Ərəblərin bu əlaqələr üzərində qurulan çevik reaksiya qüvvəsinin elan edilməsi yeni və təəccüblü də olsa, Səudiyyə Ərəbistanı və körfəz ölkələrinə böyük həcmdə müdafiə sistemlərinin alınması proqramı ilə 20 ildir ki, məşğul olunub. Bu ölkələrin, xüsusilə hava və dəniz qüvvələrində olmaqla, əhəmiyyətli dərəcədə hərbi texnologiyaları var. Misirin təmin edəcəyi ordularla quruda da böyük kampaniya başlatmaq olar.

ABŞ bu koalisiyanı təkcə kəşfiyyat və logistika üzrə yox, kiber, xüsusi qüvvələrin təlimi, pilotsuz nəqliyyat vasitələri və insan gücünə çox da ehtiyac qalmayan "yeni üçlü" sistemlər üzrə dəstəkləməlidir. Aydındır ki, ABŞ-ın Misirə verilən maddi yardımlar və Səudiyyə Ərəbistanı ilə Körfəz ölkələrinə satışlar şəklində hərbi yardım proqramları davam etdirilməlidir.

Bəs NATO-nun burda rolu varmı?

Bunu demək üçün hələ çox tezdir. Ancaq NATO-nun İstanbul Əməkdaşlıq Təşəbbüsünün bir hissəsi kimi bir çox sünni dövlətləri ilə əlaqələri yaxşıdır. Regionda keçirilən son konfranslardan birində NATO-nun baş katibinin müavini Aleksandr Verşbou bildirib: "NATO-nun körfəz ölkələri ilə həmişə sağlam əməkdaşlığı olub. 10 il əvvəl İstanbul Əməkdaşlıq Təşəbbüsünün yaradılması ilə Avro-Atlantik məkanda təhlükəsizlik və stabillik körfəz regionu üçün önəmli olduğu kimi, bu regionun da təhlükəsizlik və stabilliyinin NATO üçün strateji maraq kəsb etdiyini göstərdik." Koalisiyanın mövcud əlaqələr üzərində qurulması məntiqlidir. Doğrudur ki, bu ölkələrin NATO-nun köməyi üçün təkid etmələri ehtimalı olduqca azdır, ancaq NATO yenə də təzyiq göstərmədən məsləhət, birgə təlimlər, ortaq kəşfiyyat, maddi dəstək və ümumi yardım təkliflərini özü irəli sürməlidir.

Sonda isə İsrail məsələsinə də baxılmalıdır. Ərəb ölkələrinin İranın gücü ələ keçirməsi ilə bağlı narahatlıqları zaman keçdikcə İsrailə nifrəti əvəz etməsi mümkündürmü? Bu ethimal az olsa da, sünni və şiələr arasında uçurum böyüdükcə bu haqda fikirləşməyə dəyər. Misir və İordaniyanın İsraillə əlaqələri olduqca yaxşıdır və İsrail kimi körfəz ölkələri də İranın nüvə silahı əldə etməsindən çəkinir. 1967 və 1973-cü illərin xoşagəlməz nümunələrindən fərqli olaraq, sünnilərin Tehrana qarşı yönəltdiyi hərbi koalisiya şiə dünyasının təhlükələrinə qarşı İsraillə əməkdaşlıq üçün əsas təmin edə bilər.

Təəssüf ki, bizi regionda çox qanlar töküləcək böyük bir sünni-şiə müharibəsi gözləyir. Nüvə danışıqlarından güclü çıxan İranla üzləşən ABŞ və NATO-nun regionda dost münasibətləri olan ölkələrlə necə əlaqə quracaqlarına baxılmasına isə dəyər.

4npress.com

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.