Siyasət

Prezident İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb

24 Avqust 2026 11:08
Baxış: 314

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

Məktubun mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Əlamətdar ildönümü - Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Zəngin ənənələrə malik Azərbaycan-Ukrayna dostluq əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Siyasi dialoqumuz, yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq strateji tərəfdaşlığımızın mühüm cəhətlərindəndir. Enerji sahəsində uzun illərdən bəri davam edən səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.

Bu ilin aprelində Azərbaycana həyata keçirdiyiniz işgüzar səfərin nəticələrini, Sizinlə görüşümüzü yüksək qiymətləndirirəm. Şübhəsiz ki, müntəzəm görüşlər və təmaslarımız, ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstəyimiz dövlətlərarası əlaqələrimizin möhkəmlənməsini şərtləndirən əsas amillərdəndir.

Ali səviyyədə fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, humanitar, kənd təsərrüfatı, investisiya və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Biz dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik.

İnanıram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan-Ukrayna dostluq əlaqələrinin gücləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.