Siyasət

Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqləyib

19 İyun 2026 13:10
Baxış: 250

Prezident İlham Əliyev "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Dəyişikliklərə əsasən, diplomatik xidmət orqanı əməkdaşının "Əmək pensiyaları haqqında" qanuna uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya diplomatik xidmətdə olmanın yaş həddinə çatdığı üçün diplomatik xidmətinə xitam verildikdə digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq ona öz seçimi ilə diplomatik xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki orta aylıq dövlət məvacibinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək və bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq.

Diplomatik xidmətə vəfat etmə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilmə ilə əlaqədar xitam verildikdə diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

Diplomatik xidmətə müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılma ilə əlaqədar xitam verildikdə diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.

Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.