Siyasət

Cənubi Qafqazdakı "saatlı bomba" zərərsizləşdirildi

3 Fevral 2025 11:44
Baxış: 884

"Ölüm vaxtı çatdı"

Bu sözləri "Tesla", "SpaceX", "Neuralink" və "The Boring Company" kimi yüksək texnologiyalı şirkətlərin təsisçisi və rəhbəri Trampın müttəfiqi İlon Musk ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) barəsində sosial şəbəkədə yazıb. Təşkilat barəsində ağır ittihamlar səsləndirən Maks "USAID"i cinayətkər qruplaşma kimi qələmə verib.

"USAID-in sizin vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silah tədqiqatlarını maliyyələşdirdiyini bilirdiniz?", - o yazıb. Bundan əlavə, amerikalı milyarder USAID-in fəaliyyətindəki qanunsuzluqlar, təşkilatın Əfqanıstanda heroin istehsalını maliyyələşdirməsi, USAID-in Sorosun maliyyələşdirdiyi prokurorlara nəzarət edən təşkilata 27 milyon dollar ayırması və təşkilatın bir sıra digər qanunsuzluqları ilə bağlı müxtəlif şəxslərin paylaşımları ilə razılaşıb və onları öz səhifəsində paylaşıb.

Maskın bu paylaşımından da aydın olur ki, Tramp administrasiyası 64 illik agentliyi ləğv etməyi planlaşdırır. "USAID"in "X" hesabı şənbə günü silinib və onun vebsaytı da o vaxtdan bəri bağlıdır. Bazar ertəsindən etibarən onlarla USAID əməkdaşı işdən azad edildiyi barədə məlumat verilib. Gecə yarısı, bir neçə USAID işçisi rəsmi e-poçtlarına daxil ola bilmədiklərini bildirməyə başlayıb, bu da daha çox USAID əməkdaşının işdən çıxarılacağına dair narahatlıqları artırıb.

ABŞ-nin yeni prezidenti Donald Tramp mövzuya müdaxilə edərək USAID-in "radikal axmaqlar" tərəfindən idarə olunduğunu və administrasiyanın bu insanları kənarlaşdıraraq agentliyin gələcəyini qərarlaşdırdığını bildirib. O, adminstrasiyasının bu cür insanları kənarlaşdıraraq agentliyin gələcəyini qərarlaşdıracağını bildirib. Trump həmçinin "USAID"in idarəetmə üsullarını və inkişaf sahəsindəki təcrübələrini müsbət qiymətləndirmədiyini açıq şəkildə bəyan edib. Məlumatlara görə Trump "USAID"in ləğv edilərək ya daha güclü şəkildə Dövlət Departamentinə inteqrasiya edilməsini, ya da ciddi şəkildə struktur dəyişikliklərinin həyata keçirilməsini nəzərdən keçirir.

İlham Əliyevin USAİD barədə fikirləri

Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində USAİD haqqında fikirlər səsləndirib. O bildirib ki, Rusiya USAİD-i qadağa etməklə doğru iş görüb.

"Onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil. Zənnimcə, Tramp USAİD-i qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz:

"Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar "Amerikanın səsi" və "Azadlıq radiosu" kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar. Ona görə də mənə elə gəlir ki, bunun qaydaya salınması Gürcüstanda müəyyən vaxt ərzində nəzərdən qaçırılıb, bunu etdikdə isə, necə deyərlər, qatar bir az getmişdi. Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır".

"USAİD"in Cənubi Qafqazdakı fəaliyyəti

USAİD uzun müddətdir ki, özünü dünya miqyasında xeyriyyə təşkilatı kimi təqdim etsə də, əsl məqsədləri gizli xarakter daşıyır. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yayımlanan məlumatda, Tbilisidə keçirilən təlimin iştirakçılarına USAİD tərəfindən "dövlət çevrilişi hazırlamağın metodları"nın öyrədildiyi deyilir. Bu, təşkilatın xeyriyyə missiyasının çox daha dərin və siyasi məqsədlərə xidmət edən planın tərkib hissəsi olduğuna işarə edir. Həmçinin, 2023-2025-ci illərdə USAİD tərəfindən "vətəndaş cəmiyyəti" quruculuğuna 10 milyard dollara yaxın vəsaitin ayrılması, təşkilatın öz mövqeyini gücləndirməyə çalışdığını göstərir. Bu vəsaitin bir hissəsi, Azərbaycanda və digər regionlarda LGBT, feministlər və "NoWar"çı qruplara yönləndirilir. Bu maliyyə yardımları, USAİD-in siyasi təsirini genişləndirməyə və həmin bölgələrdə sosial dəyişiklikləri yönləndirməyə imkan verir.

USAID-in rəhbəri Samanta Pauer isə bu təşkilatın başında duran və onun strateji fəaliyyətlərinə rəhbərlik edən əsas fiqur olaraq ön plana çıxır. Pauerin övladının adını "erməni soyqırımı"nın şərəfinə adlandırması və Ruben Vardanyanla olan yaxın münasibətləri, USAİD-in Cənubi Qafqazdakı fəaliyyətlərinin daha da açıq şəkildə ermənipərəst mövqedən idarə olunduğunu ortaya qoyur. Vardanyan, Qarabağda həbs olunduqdan sonra Samanta Pauerin Bakıya gəlib, danışıqlar aparması da təşkilatın Azərbaycana qarşı açıq şəkildə qarşıdurma yaratmaq məqsədi güddüyünü göstərir.

USAID və ABŞ-nin digər diplomatik orqanları yalnız qeyri-hökumət təşkilatları ilə deyil, həm də media qurumları ilə bu məqsədləri həyata keçirirlər. "Azadlıq radiosu", "Toplum tv" və "Abzas media" kimi media qurumları, ABŞ-ın təbliğatının hissəsi olaraq istifadə olunur. Bu media orqanları, Cənubi Qafqazda və xüsusilə Azərbaycanda mənfi rəy formalaşdırmağa çalışır, saxta məlumatlar və qərəzli təhlillər yayımlayır.

İslam
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.