Siyasət

Ursula fon der Lyayen COP-29-a gəlməyəcək: məsuliyyətdən qaçışın primitiv yolu

6 Noyabr 2024 12:27
Baxış: 1 451

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 sammitində iştirak etməyəcək. Frau der Lyayen, sən demə, "Brüsseldə baş verən siyasi hadisələr səbəbindən Azərbaycanın paytaxtı Bakıda keçiriləcək COP29 sammitini buraxacaq". "Orada Avropa İttifaqının qanunvericiləri növbəti beş il ərzində Aİ-nin siyasətinin hazırlanmasına rəhbərlik edəcək yeni Avropa Komissiyasının üzvlərini yoxlayır. "Komissiya keçid dövründədir, buna görə də sədr öz institusional öhdəliklərinə diqqət yetirəcək", - Avropa Komissiyasındakı mənbənin açıqlamasında deyilir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin bu il Bakıda keçiriləcək COP29 BMT-nin İqlim Dəyişikliyi Sammitinə qatılmamaq qərarı müxtəlif bəhanələrlə əsaslandırılmağa çalışılsa da, əslində, məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirilməlidir. Amma bu bəhanələr təbii ki, qlobal ictimai rəy qarşısında inandırıcı görünmür.

Fon der Lyayen COP29-a qatılmaqdan imtina etməklə, Avropa İttifaqının iqlim dəyişikliyi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Bu, yalnız Avropanın təmsilçisi olaraq onun fərdi mövqeyi deyil, həm də rəhbərlik etdiyi Avropa Komissiyasının qlobal məsuliyyətdən yayınma yolunda atdığı addımın göstəricisidir. Dünyanın ən böyük çirkləndiricilərindən biri olan Avropa İttifaqı öz öhdəliklərini yerinə yetirmədikcə, dünya üçün gözlənilən nəticələr daha da pisləşəcək.

Avropa İttifaqı sözdə dünya səviyyəsində iqlim dəyişikliyi ilə mübarizədə aparıcı rol oynamaq niyyəti ilə çıxış edir, əməldə isə ikili standartlar tətbiq olunur. Ursula fon der Lyayenin Bakıya gəlməməsi də, əslində, Aİ-nin belə bir yanaşmasının təzahürüdür. İqlim dəyişikliyinin fəlakətli nəticələri dünyada hiss olunmaqdadır və beynəlxalq ictimaiyyət Aİ-dən qlobal istiləşmə ilə mübarizədə daha konkret addımlar gözləyir. Amma Aİ rəhbərliyi iqlim məsələsində ciddi addımlar atmaq yerinə, daha çox siyasi və iqtisadi maraqlarını üstün tutur.

Ursula fon der Lyayenin Bakıda keçiriləcək COP29 sammitinə qatılmamaq qərarı, habelə, Aİ-nin qlobal ictimai rəy qarşısında etibarlılığını sarsıdır. Aİ-nin bu qərarı qlobal miqyasda etiraz və tənqidlərə səbəb olub. Çünki iqlim dəyişikliyinə qarşı mübarizə ümumi planetar məsuliyyət tələb edir. Belə bir məsuliyyəti öz üzərinə götürməyə qadir olmayan bir təşkilatın isə, dünyada nüfuzu və etibarlılığı azalır. Ursula fon der Lyayenin qərarı Aİ-nin nəinki lider rolunu oynamasına, hətta qlobal məsələlərdə etibarlı tərəfdaş olmasına da mane olur.

Aİ-nin məsuliyyətdən yayınması yalnız Ursula fon der Lyayenin qərarı ilə məhdudlaşmır. Dünya iqlim dəyişikliyinə qarşı mübarizə çərçivəsində Aİ-dən yeni iqlim maliyyəsi gözləyir, lakin Aİ bu məsuliyyətdən boyun qaçırır. İqlim dəyişikliyinin zərərli təsirləri ən çox inkişaf etməkdə olan ölkələrdə özünü göstərir. Avropa İttifaqı qlobal istiləşməyə qarşı maliyyə dəstəyi ayırmaq əvəzinə, beynəlxalq öhdəliklərini yerinə yetirməyərək məsuliyyətdən yayınma yolunu seçir. Bu da Aİ-nin inkişaf etməkdə olan ölkələr qarşısında etimadını zədələyir.

Aİ rəhbərliyi, beləliklə, dünya qarşısında öz mövqeyini qorumaq məqsədilə "siyasi hadisələr" və "keçid dövrü" kimi arqumentləri önə sürür. Halbuki iqlim dəyişikliyinin fəsadları hər gün daha da güclənir və artıq bu məsələdə vaxt itkisinə yol vermək yolverilməzdir.

Fon der Lyayenin COP29-a qatılmaqdan imtina etməsi, Avropa İttifaqının məsuliyyətlərdən yayınma taktikası olaraq qiymətləndirilməlidir. Avropa İttifaqı dünya çirkləndiricilərinin başında durduğu halda, beynəlxalq öhdəliklərindən qaçmaqla bəşəriyyət qarşısında öz cavabdehliyini unutmaqla yanaşı, qlobal miqyasda etimadını da itirir. Bu yanaşma isə iqlim dəyişikliyinin qarşısının alınması yolunda ciddi maneələr yaradır və dünya birliyini parçalanmış vəziyyətə salır. İqlim dəyişikliyinin aradan qaldırılması üçün dünya dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi vacibdir, lakin Avropa İttifaqı kimi aparıcı oyunçuların məsuliyyətdən qaçması, bu məqsədə çatmaq yolunda böyük problemlərə yol açır.

Avropa İttifaqı ölkələrinin təbiətə vurduğu zərərlər və onların qlobal iqlim dəyişikliyinə səbəb olan fəaliyyətləri son illərdə daha çox diqqət çəkməyə başlayıb. Avropa ölkələrinin sənaye və istehsalat fəaliyyətləri, nəqliyyat sahəsində yaratdıqları karbon izi, təbiətə zərərli təsirləri və geniş miqyasda emissiya miqdarı, ekoloji problemlərin qlobal miqyasda yayılmasına və iqlim dəyişikliyinin sürətlənməsinə səbəb olan əsas faktorlardır. Lakin Avropa Komissiyası və onun rəhbəri Ursula fon der Lyayen tərəfindən verilən vədlərə və açıqlamalara baxmayaraq, reallıqda bu problemlərin həlli üçün hər hansı ciddi addımların atılmadığı görünür.

... Avropa İttifaqı, xüsusilə Almaniya, Fransa, İtaliya kimi ölkələr ilə birlikdə, dünya atmosferini ən çox çirkləndirən bölgələrdən biridir. 2023-cü ilin məlumatlarına görə, Avropa İttifaqı üzv ölkələri təxminən 3 milyard ton karbon dioksid (CO2) emissiyası həyata keçirib ki, bu da dünya səviyyəsində ümumi emissiyanın təxminən 9%-ni təşkil edir. Almaniyanın sənaye sektoru, xüsusən kömür əsaslı elektrik istehsalı, Avropanın ən böyük çirkləndirici mənbələrindən biridir. Bu miqyasda emissiya yalnız yerli ekosistemlərə deyil, həm də qlobal iqlimə mənfi təsir göstərir.

Ekspertlərin fikrincə, Aİ ölkələrinin təbii qaz və kömürə əsaslanan enerji mənbələrindən asılı olması bu emissiya səviyyələrinin artmasına səbəb olur. Məsələn, Avropada nəqliyyat sektoru təkbaşına Aİ-də ümumi karbon emissiyalarının təxminən 30%-ni təşkil edir. İllərdir yüksək səviyyədə karbon ixrac edən və ekoloji problemləri qlobal miqyasda artıran Avropa ölkələri, buna baxmayaraq, qəti tədbirlər görmək əvəzinə, məsuliyyətdən yayınmağa çalışırlar.

Avropa Komissiyası və onun rəhbəri Ursula fon der Lyayen çoxsaylı ekoloji problemlərlə mübarizə aparmağa vədlər verərək çıxışlar edir. Halbuki bu məsələlərdə ciddi tədbirlərin görülmədiyi müşahidə olunur. 2021-ci ildə Avropa Komissiyası iqlim dəyişikliyi ilə mübarizə məqsədilə "Avropa Yaşıl Sazişi" adlı bir proqram elan etmişdi. Bu sazişin məqsədi, 2050-ci ilə qədər Aİ ölkələrinin karbon neytrallığına nail olmasıdır. Lakin hədəflər konkret addımlarla dəstəklənmir, bununla yanaşı, Aİ ölkələri karbon emissiyalarını azaltmaq əvəzinə, hələ də sənaye sahəsində yüksək səviyyəli çirkləndirici fəaliyyətləri davam etdirirlər.

Məsələn, Ursula fon der Lyayen tərəfindən verilən açıqlamalarda Avropa İttifaqının qlobal liderlik rolunda çıxış etdiyi bildirilir. Amma bu çıxışlar konkret tədbirlərin yoxluğunda tənqid olunmaqdadır. Fon der Lyayenin COP29-a qatılmamaq qərarı Avropa Komissiyasının bu qərarı, Aİ-nin faktiki olaraq ekoloji məsələlərə yalnız görüntü naminə yanaşdığını ortaya qoyur.

Avropa İttifaqının iqlim dəyişikliyi ilə mübarizədə hələ də ciddi addımlar atmadığını göstərən statistika və hesabatlar mövcuddur. 2022-ci ildə yayımlanan bir statistikaya görə, Aİ ölkələrinin ümumi istixana qazları emissiyası əvvəlki illərlə müqayisədə yalnız cüzi dərəcədə azalıb. Bu azalmanın səbəbi, əsasən, sənaye fəaliyyətlərinin azaldığı pandemiya dövründə müşahidə olunub. Pandemiya sonrası iqtisadiyyatda bərpa tədbirləri çərçivəsində bu emissiyalar yenidən artmağa başlayıb.

Hesabatlara əsasən, 2019-cu ildə Aİ-də hər nəfərə düşən orta illik karbon emissiyası 8,4 ton olub ki, bu da qlobal orta göstəricidən əhəmiyyətli dərəcədə yuxarıdır. Avropa İttifaqının öz öhdəliklərini yerinə yetirmədiyini göstərən bu statistika, Aİ-nin faktiki olaraq karbon emissiyalarını azaltmaq əvəzinə, daha çox iqtisadi və siyasi maraqlarını güddüyünü sübut edir.

Beynəlxalq ekoloji ekspertlərin və analitiklərin fikrincə, Avropa İttifaqının iqlim dəyişikliyi ilə mübarizədə göstərdiyi passivlik, qlobal ekoloji böhranın aradan qaldırılmasında ciddi problemlərə yol açır. Məsələn, tanınmış iqlim tədqiqatçısı professor Qreta Romstedi bildirib ki, Aİ yalnız iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı deklarativ bəyanatlar verir, amma praktiki tədbirlərdə ciddi gerilik müşahidə olunur. O bildirib ki, "Aİ ölkələri yüksək emissiya səviyyələrini azaltmadan, sadəcə vədlərlə çıxış edir və bu da gedişatı dəyişdirmir".

Digər ekspert Marko Ferla isə qeyd edir ki, Aİ-nin iqlim dəyişikliyi siyasəti daha çox inkişaf etməkdə olan ölkələrə təzyiq göstərmək üzərində qurulub, amma öz üzv ölkələrinin fəaliyyətinə ciddi nəzarət edilmir. Ferlanın fikrincə, "Aİ daxilində sənaye sektoru tərəfindən yüksək karbon emissiyası davam edir, lakin Aİ rəhbərliyi bununla bağlı hər hansı effektiv tədbir görmür".

Avropa İttifaqının iqlim dəyişikliyi ilə mübarizədə konkret tədbirlər görməməsi, dünya miqyasında digər ölkələrə də mənfi təsir göstərir. İnkişaf etməkdə olan ölkələr qlobal iqlim dəyişikliyi ilə mübarizədə daha çox məhdud imkanlara malikdirlər və Aİ-nin liderlik etməməsi onları daha da çətin vəziyyətə salır. Aİ-dən gözlənilən maliyyə yardımları və texnologiya dəstəyi həyata keçirilmədikcə, bu ölkələrdə ekoloji vəziyyətin yaxşılaşması da çətinləşir.

Aİ rəhbərliyinin bu məsələlərə kifayət qədər əhəmiyyət verməməsi və konkret addımlar atmaması, yalnız Avropa deyil, bütün dünya üçün təhlükə yaradır. Dünyada iqlim dəyişikliyinin fəsadlarının artdığı bir dövrdə, Aİ rəhbərliyinin məsuliyyətdən qaçması və yalnız görüntü xatirinə bəyanatlarla çıxış etməsi qlobal ictimai rəydə mənfi qarşılanır.

Avropa İttifaqı ölkələrinin yüksək emissiya səviyyələri, təbiətə və qlobal iqlimə vurduqları zərərlər, həmçinin, Avropa Komissiyasının və Ursula fon der Lyayenin ekoloji problemlər qarşısında məsuliyyətdən yayınması Aİ-nin qlobal səviyyədəki etimadına ciddi zərbə vurur. Real addımların atılmadığı vədlər, iqlim dəyişikliyi ilə mübarizə üçün dünya üzrə zəruri olan tədbirlərin yerinə yetirilməsini gecikdirir. Bu vəziyyət isə, gələcək nəsillər üçün daha ağır ekoloji problemlərin yaranmasına səbəb olur. Avropa İttifaqı öz öhdəliklərinə sadiq qalıb real tədbirlər görməyincə, qlobal iqlim böhranı daha da dərinləşəcək və bəşəriyyətin üzləşdiyi təhlükələr daha da artacaq.

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.