Siyasət

Şuşa dərsi: Bakı Qərbə nümunə göstərdi

22 İyul 2024 12:17
Baxış: 829

Azərbaycan Prezidenti İlham Əliyevin II Şuşa Qlobal Media Forumu çərçivəsində mass-media mənsubları ilə çağdaş dünyanın ən mühüm problemlərinə baxışı təkcə Azərbaycanın mədəniyyət incisi olan Şuşada tədbirə toplaşanların deyil, Cənubi Qafqazdan minlərlə kilometr uzaqda olan insanların da diqqətini çəkib. Bu, tamamilə başadüşüləndir və normaldır, çünki dövlət başçısı özünəməxsus üslubda dünyanın aktuallıqlarını ən anlaşılan şəkildə izah edərək, Azərbaycanın mövqeyi və perspektivlərini vurğuladı.

50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.

Forum çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək", "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər", "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" və "İqlim hərəkatı və media" mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə geniş məlumatlar verildi.

Prezident İlham Əliyevin dünyada baş verən hadisələri şərh etmə üslubu çoxlarına tanışdır. Lakin Şuşada səsləndirdiyi fikirlər Cənubi Qafqazda və ətrafında formalaşmış yeni geosiyasi reallıqları anlamayanlara, anlamaq istəməyənlərə və ya baş verənlərə hələ də merkantil maraqlarından baxanlara növbəti dərsə çevrildi.

Prezident Əliyev, məhz bizim coğrafi ərazimiz prizmasından baxaraq, dünyada bu gün yaranan vəziyyəti anlamaq üçün mühüm olan bir çox məqamları işıqlandırdı.

Azərbaycanın dövlət başçsı ilk əvvəl Cənubi Qafqazdakı tarixi geosiyasi transformasiyanı aydın şəkildə təsvir edərək ənənəvi güc mexanizmlərinin və təsir vasitələrinin, habelə müvəqqəti ittifaqlarla alyansların zəiflədiyini və yeni əməkdaşlıq formatlarının yaranmasındaq bəhs etdi.

Bu kontekstdə bir çoxlarının mövcud vəziyyətlə barışmaq istəmədiyini və buna görə Azərbaycanın tez-tez faktların manipulyasiyası, yalan narrativlərin qurbanı olduğunu bildirdi.

"Təəssüflər olsun ki, bu gün dünyada baş verənlər məhz bu mövzunun bir növ qurbanına çevrilibdir. Təəssüf ki, bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilibdir. Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir" - Azərbaycan lideri söylədi.

Biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman bizim beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Biz müstəqilliyini yeni bərpa etmiş ölkə idik və biz ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maarifləndirirdik. Daha sonra biz dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər bizim mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir. Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər?

Azərbaycan Prezidenti söylədi: "Prezident Tramp "Vaşinqton Post"u və "Nyu-York Tayms"ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır. Elə, sadəcə, bunu görəndə biz özümüzü bir az rahat hesab edə bilərik. Yəni, bu gün diqqət Azərbaycandan yayınıbdır. Əlbəttə, biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir".

Bu ədalətsizliyi aradan qaldırmağın ən yaxşı yolu kimi, beynəlxalq ictimaiyyətin daha çox nümayəndəsinin regiona dəvət olunaraq, Azərbaycan vətəndaşlarının və hakimiyyətin necə bir ölkə qurmaq istədiyimizi" anlamağa dəvət edilməsini təklif etdi. Bu məqamda, Əliyev Ermənistanın Azərbaycana qarşı aqressiv təmayüllərinin tarixinə mükəmməl bir ekskurs edərək, bu günkü vəziyyətə toxundu.

Azərbaycan liderinin aktual məsələlərin açıqlanmasında göstərdiyi yanaşma çox maraqlıdır: bu yanaşma həqiqətin nümayiş etdirilməsi üçün siyasi mədəniyyətin qorunmasının əsasını qəbul etməklə özünü göstərdi. Açıq danışaq, özünü dünya lideri hesab edən bir çox şəxslərdə bu cür mədəniyyətin olmaması dövlətlər və insanlar arasında münasibətlərdə problemlərə və uyğunsuzluqlara səbəb olmurmu? Prezident Əliyev isə ən mühüm proqram müddəalarını tarixi həqiqətdən bir addım belə geri çəkilmədən nə qədər ölçülü, əsaslandırılmış şəkildə təqdim etməyin mümkün olduğunu qətiyyətlə, amma eyni zamanda məharətlə, səbrlə, müdrikliklə nümayiş etdirdi. Dövlət başçısı Azərbaycanın mövqeyini çatdırmaq kontekstində əhəmiyyətli məqamları çox maraqlı şəkildə digər ölkələrdəki vəziyyətlə bağlı suallara cavab verməklə təqdim edirdi.

II Şuşa qlobal media forumunda bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edən məsələlər müzakirə edildi. Dünyanın bütün ölkələri yalançı narrativlərin və dezinformasiyanın ifşası ilə mübarizə aparmaq məcburiyyətində qalır. Lakin hər ölkənin üzləşdiyi yalanın miqyası və həmin yalanla mübarizə üsullarının nə qədər effektiv olduğu fərqli ola bilər.

Azərbaycan Prezidenti İlham Əliyev II Şuşa Qlobal Media Forumunda bir suala cavab verərkən bu məqama diqqət çəkərək tamamilə haqlı idi.

O, həmçinin haqlı olaraq xatırlatdı ki, 1992-ci ildə ABŞ tamamilə ayrı-seçkilik xarakterli və dəhşətli ədalətsiz 907-ci düzəlişi qəbul edib. Bu, məhz erməni işğalçılarının Şuşa və Laçını ələ keçirdiyi, Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı soyqırım törətdiyi, on minlərlə azərbaycanlının məcburi köçkün olduğu ildə baş vermişdi. "Biz təcavüzün qurbanı idik, lakin ABŞ-dakı erməni lobbisi və ermənipərəst Konqres üzvləri səbəbindən sanksiyalara məruz qaldıq. Yəni, bu tamamilə absurddur: ölkə humanitar böhranla, bir milyon insanın deportasiyası ilə, işğal olunmuş ərazilərin tamamilə məhv edilməsi ilə üzləşir və buna baxmayaraq sanksiyalara məruz qalır," - deyə dövlət başçısı xatırlatdı.

Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, o dövrdə bizim beynəlxalq mediaya çıxışımız yox idi, çünki biz yeni müstəqilliyimizi bərpa etmişdik. Bundan əlavə, dünya erməniliyi faktoru da var idi ki, bu da ABŞ, Rusiya və Fransada - Minsk Qrupuna daxil olan üç ölkədə təsirli idi. Bu qrupun əsas vəzifəsi erməni-azərbaycanlı münaqişəsinin ədalətli həllinə nail olmaq idi, lakin bu vəzifəni yerinə yetirə bilmədi.

Bəli, biz hələ də açıq-aşkar yalan, təxribat xarakterli, anti-Azərbaycan məzmunlu xəbərlər, məlumatlar və informasiyalarla üzləşirik. Erməni lobbisi Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və nəticələri barədə yalan narrativləri və açıq dezinformasiyanı yaymaq işini dayandırmadı, əksinə, üçqat enerji ilə fəaliyyət göstərir. Təəssüf ki, vicdanını satmağa hazır olan insanlar da var.

Bundan əlavə, Cənubi Qafqaz regionunda möhkəmlənmək üçün Ermənistana üstünlük verərək səhv edən açıq-aşkar siyasi uğursuzlar faktoru da var. Burada ilk növbədə Fransa prezidenti Emmanuel Makrondan söhbət gedir. O, 44 günlük müharibə zamanı Azərbaycan haqqında yalan yayaraq ordumuzun zəfər yürüşünü dayandırmağa çalışırdı. Həqiqətən, feyk xəbərlər yayan şəxs olaraq Fransa dövlət başçısının əlində bir vasitə oldu.

Azərbaycan Prezidentinin bu məqamla bağlı dedikləri kollektiv Qərbə dərsdir: "Az sayda ölkə var ki, Fransanı əməllərinə görə ittiham etsin. Bir çox ölkələr buna göz yummağa çalışırlar, başqa tərəfə baxmağa çalışırlar. Özlərinə başağrısı axtarmırlar. Onlar qorxurlar ki, "Fiqaro" və ya "Le Monde" qəzetlərində demonizasiyaya məruz qalarlar. Həmin qəzetlər bu gün Fransa prezidentinin rejiminin təsiri altındadır. Mən sizə tam əminliklə deyə bilərəm, biz çox gözəl bilirik ki, həmin o media şirkətlərinə Yelisey sarayından hansı mesajlar ötürülür. Biz buna məhəl qoymuruq".

Bu sözlər qlobal miqyasda siyasi liderin, tarixi zəfərlərə nail olmaq üçün hazır və qabiliyyətli bir liderin sözləri idi. Bizim ölkə haqqında yalan, dezinformasiya yayan siyasi uğursuzlara və dünya erməniliyi tərəfindən təsirlənən jurnalistlərə baxmayaraq. Bu, bütün dünyada mövcud və gələcək siyasətçilərin öyrənməsi gərəkən bir təcrübədir.

Onu da unutmayaq ki, qlobal informasiya mühitində dezinformasiya, yalan məlumatlar və saxta narrativlər geniş yayılan və böyük təsir gücünə malik olan problemlərdən biridir. Xüsusilə, Azərbaycanın beynəlxalq arenada artan rolu və müstəqil siyasət yürütməsi bəzi qüvvələrin maraqlarına zidd olduğuna görə, ölkəmiz barədə yayılmış yalan məlumatlar daha da artmaqdadır.

Dezinformasiyaya qarşı mübarizə strategiyaları necə olmalıdır, hansı formada hazırlanmalı və reallaşdırılmalıdır?

İlk əvvəl dərhal reaksiya gərəkdir. Yayılmış yalan məlumatlara dərhal və konkret cavab vermək lazımdır. Rəsmi qurumlar tərəfindən verilən bəyanatlar və açıqlamalar geniş auditoriyaya çatdırılmalıdır.

Müxtəlif platformalarda aktivlik olmalıdır. Rəsmi xəbərlər, statistikalar və faktlar dövlətin rəsmi saytlarında, sosial media platformalarında və beynəlxalq xəbər agentliklərində yayımlanmalıdır.

Dezinformasiyaya qarşı mübarizədə beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək vacibdir. Bu, xüsusilə də, informasiya mübadiləsi və qarşılıqlı dəstək üçün əhəmiyyətlidir. Azərbaycanın haqq səsini beynəlxalq platformalarda çatdırmaq üçün konfranslar, seminarlar və görüşlər təşkil edilməlidir. Beynəlxalq ictimaiyyətə düzgün və dolğun məlumat verilməlidir.

Eyni zamanda, rəqəmsal analitik alətlərdən istifadə edərək yalan məlumatların yayılmasını izləmək və analiz etmək mümkündür. Bu, hansı mənbələrdən və hansı sürətlə yayıldığını müəyyən etməyə kömək edir.

Süni intellekt texnologiyalarından istifadə edərək, dezinformasiyanın avtomatik olaraq aşkar edilməsi və təkzib edilməsi proseslərini sürətləndirmək mümkündür.

Azərbaycanın dezinformasiyaya qarşı mübarizədə istifadə edə biləcəyi bir çox beynəlxalq presedentlər mövcuddur. Məsələn, Estoniya və Ukrayna kimi ölkələr də dezinformasiya hücumlarına məruz qalıblar və onlarla mübarizə üçün müxtəlif strategiyalar inkişaf etdiriblər:

Estoniya: 2007-ci ildə Estoniya kiberhücumlara məruz qaldı və nəticədə ölkə rəqəmsal təhlükəsizlik və dezinformasiyaya qarşı mübarizə sahəsində böyük təcrübə qazandı. Estoniya, informasiya təhlükəsizliyini gücləndirmək üçün beynəlxalq əməkdaşlığı artırdı və rəqəmsal müdafiə sistemləri qurdu.

Ukrayna: 2014-cü ildən sonra Ukrayna da ciddi dezinformasiya hücumlarına məruz qaldı. Ukrayna hökuməti və qeyri-hökumət təşkilatları, yalan məlumatların yayılmasına qarşı maarifləndirmə kampaniyaları və fakt yoxlamaq platformaları yaratdılar.

Azərbaycanın rəsmi mövqeyini və düzgün məlumatları qlobal mediaya çatdırmaq üçün beynəlxalq əlaqələr gücləndirilməlidir. Bu məqsədlə, müxtəlif dillərdə xəbər portalları və media resursları yaradılmalıdır.

Dezinformasiyaya qarşı mübarizə üçün hüquqi çərçivə təkmilləşdirilməli və bu sahədə qanunvericilik bazası gücləndirilməlidir. Bununla yanaşı, beynəlxalq hüquq çərçivəsində də mübarizə aparılmalıdır.

Yalan məlumatlar və saxta narrativlərə qarşı mübarizə yalnız dövlətin və ya müəyyən qurumların deyil, bütün cəmiyyətin birgə səylərini tələb edir. Azərbaycan milli və beynəlxalq səviyyədə müxtəlif strategiyaları tətbiq edərək, bu mübarizədə uğur qazana bilər. Bu, ölkəmizin beynəlxalq imicini qorumaq və gələcəkdə belə təhdidlərə qarşı daha hazırlıqlı olmaq üçün vacibdir.

Şuşada keçirilmiş 2-ci Qlobal Media Forumunun məqsədi və məzmunu da əsasən bu idi.

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.