Cəmiyyət

Baş Prokurorluq plastik cərrahdan şikayət edən şəxsin iddialarına cavab verdi

21 Oktyabr 2025 17:43
Baxış: 410
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Baş Prokurorluq vətəndaş Lalə Ayvazlının müraciəti ilə bağlı açıqlama yayıb.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumatda bildirilib ki, bəzi sosial media səhifələrində Ayvazlı Lalə Abbasəli qızının səhhətində həkim səhlənkarlığı nəticəsində problemlər yaranması barədə müraciəti üzrə Yasamal rayon prokurorluğunda qeyri-obyektiv araşdırma aparılmasına dair məlumatlar yayılıb.

Bununla bağlı bildirilib ki, vətəndaş Lalə Ayvazlı Baş Prokurorluq və Bakı şəhər prokurorluğunda rəhbər şəxslər tərəfindən dəfələrlə qəbul edilərək dinlənilib, qanunvericiliyin tələbləri ona ətraflı şəkildə izah edilib, şikayəti üzrə toplanmış yoxlama materialı Baş Prokurorluq və Bakı şəhər prokurorluğunda ətraflı öyrənilməklə, narazı olduğu bütün hallar üzrə əlavə araşdırılması üçün zəruri göstərişlər verilib:

"Belə ki, Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma zamanı bir sıra zəruri prosessual hərəkətlər icra olunub, habelə komisyon məhkəmə-tibb ekspertizası təyin edilərək müvafiq rəy alınıb, 31 mart 2023-cü il tarixdə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilib.

Həmin qərar L.Ayvazlının şikayəti əsasında 10 may 2023-ci il tarixdə Baş Prokurorluq tərəfindən ləğv edilib və yoxlama materialı üzrə araşdırmanın davam etdirilməsi vətəndaşın müraciətində nəzərə alınmaqla Yasamal rayon prokurorluğuna tapşırılıb.

Yasamal rayon prokurorluğunda əlavə araşdırma aparılan müddətdə material üzrə bir neçə dəfə ekspertizalar, o cümlədən təkrar komisyon məhkəmə-tibb ekspertizası, əlavə komisyon məhkəmə-tibb ekspertizaları keçirilib, L.Ayvazlının və onun şikayətçi olduğu "Kəpəz" Hospitalın həkimlərinin izahatları alınıb, habelə əməliyyat tapşırığı, eləcə də müvafiq sorğular verilərək cavablar alınıb.

Lalə Ayvazlının həm qəbullar zamanı, həm də yazılı müraciətlərində göstərdiyi xüsusatlar toplanmış sübutlar və ekspertiza rəyləri ilə öz təsdiqini tapmadığından, toplanmış material üzrə bir neçə dəfə, sonuncu dəfə isə 30 sentyabr 2025-cu il tarixdə Yasamal rayon prokurorluğunda Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilib.

Bundan başqa, vətəndaş L.Ayvazlının onu əməliyyat etmiş S.Xudiyevanın plastik cərrah kimi "Badam" klinikasında qanunsuz fəaliyyət göstərməsi barədə digər müraciəti araşdırılması üçün aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilib və S.Xudiyeva nazirlik tərəfindən tutduğu vəzifəsindən çıxarılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.