Siyasət

Aldadılan erməniləri savaşa sürükləyirlər: Qərb yeni “vəd”lər verir

27 Noyabr 2023 13:10
Baxış: 987

İmperializmin yeni formatını reallaşdırmağa çalışan ABŞ sülh sazişinin bilavasitə ikitərəfli danışıqlarn vasitəsilə imzalanmasını yolverilməz hesab edir. Bu, Vaşinqtonun Cənubi Qafqazla bağlı planlarının gerçək mahiyyətini aşkarlayır

ABŞ-ın ən böyük "xeyriyyə təşkilatı" olan Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktoru Samanta Pauer aşkar şəkildə bəyan etdi ki, yekun sülh sazişi ilə bağlı Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqların aparılması" sülhd prosesinin sabotajıdır".

Azərbaycanın daxili işlərinə kobud müdaxilə və xaroici siyasəti yönləndirmək cəhdi olan bu açıqlama təbii ki, rəsmi Bakı tərəfindən adekvat cavablandırıldı.

USAİD-in ölkəmizdəki fəaliyyəti bundan sonra birmənalı olaraq arzuolunmaz sayıla bilər. Çünki sabotaj Bakının yürütdüyü siyasətdə yer alan məqamlardan biri yox, USAİD-in və ümumiyyətlə, Birləşmiş Ştatların məmurları ilə siyasətçilərinin sülh prosesi ilə bağlı tutduqları mövqedir.

USAİD sadəcə, xarici siyasəti yönləndirmək cəhdləri ilə Azərbaycanla bağlı "fəaliyyət"ini məhdudlaşdırmayıb. Sözügedən təşkilat ölkədə "müstəqil və azad media" pərdəsi altında müxtəlif xəbər portallarını maliyyələşdirmək, bu minvalla gərəkli agentura məlumatları əldə etmək və cəmiyyətdə stabilliyi pozmağa çalışıb, indi də çalışır.

Adı Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAİD) olsa da, bu struktur birmənalı olaraq Birləşmiş Ştatların dövlət büdcəsindən maliyyələşdirilir, fəaliyyət göstərdiyi ölkələrdə kəşfiyyat məlumatları toplamaqla, mövcud hakimiyyətlərə təzyiqlər göstərməklə, müxtəlif qeyri-hökumət təşkilatlarını, cəmiyyətləri və hətta siyasi strukturları maliyyələşdirməklə onları Vaşinqtonun maraqlarına xidmət etməyə sürükləyir.

ABŞ Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əməkdaşlıqda olan USAİD-in aşkar ermənipərəst mövqe tutduğu bəlli məsələdir, lakin son aylarda təşkilat məhz Dövlət Departamentindən alınan təlimatlar və göstərişlər əsasında Bakıya qarşı daha da aqressivləşib.

Ssenari çox bəsitdir.

Azərbaycana təzyirq etməklə Ermənistanda "ABŞ yanınızdadır" narrativi yaradılır, erməni cəmiyyətində radikal Qərbə meyllik və amerikanofillik meylləri gücləndirilir. Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası Vaşinqtondan verilən vədlərə bütünlüklə inandıqlarından qəti əmindirlər ki, bundan sonrakı xarici siyasətində onların üzləşə biləcəkləri problemləri ciddi, böyük və fəsadlı olmayacaq.

Ermənistanın siyasi isteblişmentində artıq tam arxayınlıq var ki, Rusiya ilə münasibətlərin sərinləşməsi və ümumiyyətlə, Moskva ilə əlaqələrin minimuma endirilməsi prosesi daha da sürətləndirilməlidir.

Vaşinqtonun Ermənistana yolladığı mesiclərlə vədlərin intensivliyi ilə yanaşı, qonşu ölkədəki amerikalı emissarların sayı sürətlə artmaqdadır.

Bütün bunlarla yanaşı, USAİD də daxil olmaqla, ABŞ-ın rəsmi qurumları, siyasətçiləri, mediası və s. bir vədi az qala xorla təkrarlayırlar: "Birləşmiş Ştatlar bundan sonra da Dağlıq Qarabağ ermənilərini dəstəkləməyə davam edəcək".

Bəhs olunan cümlə ABŞ-ın qarabağlı ermənilərə olan rəğbətinin, qayğısının və ya marağının göstəricisi deyil.

Qarabağlı ermənilər ABŞ, habelə Fransa və Avropa İttifaqı üçün Cənubi Qafqazdakı proseslərə müdaxilə imkanları əldə etmək üçün sadəcə, bir vasitədir.

Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 il müddətində 1 milyon nəfərə yaxın azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə tam etinasız münasibət bəsləyən kollektiv Qərb indi şəfqət və humanizm nümayiş etdirdiyini göstərmək istəyir. Halbuki Birləşmiş Ştatlarla Fransanın "qarabağlı ermənilərə qayğı" ritorikası və Azərbaycandan Ermənistana könüllü köç etmiş qarabağlı ermənilərə fasiləsiz maliyyə yardımları ünvanlaması səbəbsiz deyil.

Qərb, qarabağlı ermənilərin separatçılığını bərpa etmək, Bakıya yeni təzyiq vasitəsinə yiyələnməyə çalışır.

Təsadüfi deyil ki, 2020-ci ildən bəri Birləşmiş Ştatların "qarabağlı ermənilərin humanitar ehtiyaclarına" ayırdığı maliyyə yardımlarının ümumi həcmi 28,5 milyon dolları keçib.

Dünyanın müxtəlif məkanlarında çeşidli zamanlarda Birləşmiş Ştatlar məhz "humanitar yardımlar" pərdəsi ilə separatçılığı, ekstremizmi və radikalizmi dəstəkləyiblər. Şri-Lankadakı "Tamil İlamın Azadlıq Pələngləri" separatçı qruplaşmasından tutmuş, "Taliban"a və hətta Suriyadakı kürd terrorçu qruplaşmalara qədər Vaşinqton radikal təşkilatlarla separatçı təmayüllərin ayaqda qalmasına yüz milyonlarla dolları məhz "yardım" adı ilə paylayıb.

Nəticələr göz qabağındadır: yüz minlərlə həlak olmuş insan, müxtəlif ölkələrdə onillərdən bəri davam edən vətəndaş müharibələri, aclıq, səfalət və dövlət institutlarının faktiki iflic edilməsi.

Birləşmiş Ştatlar Cənubi Qafqazda niyyətlərini artıq tam açıq bəyan edir.

Məsələn, guya "yalnız humanitar fəaliyyət və xeyriyyəçiliklə məşğul olan" USAİD-in direktoru Samanta Pauer Ermənistanda rəsmi səfərdə olarkən baş nazir Nikol Paşinyana "təhlükəsizliyin təminatı məqsədilə hərbi yardımlar" da vəd etmişdi.

Əfqanıstan, Şri-Lanka və Somalidən sonra USAİD Suriya, Liviya, Yəmən, Sudan, Eritreya və Mərkəzi Afrika Respublikasında da "humanitar fəaliyyət"ini aktivləşdirmişdi.

Nəticədə amerikalıların "humanitar fəaliyyət"i həmin ödlkələrdə kütləvi qırğınlara, qaçqın kütlələrinə, ekstremist və terrorçu qruplaşmaların saylarının dəfələrlə artmasına, vətəndaş müharibələrinin daha da ağırlaşmasına səbəb oldu.

Sadalanan məqamlardan dolayı ABŞ, Frans və Avropa İttifaqının hazırda Cənubi Qafqazda, xüsusilə də Azərbaycan-Ermənistan danışıqları trekindəki mövqeləri ilə fəaliyyətləri birmənalı olaraq destruktiv sayıla bilər.

Bakı və İrəvan arasında yekun sülh sazişinin əldə edilməsi prosesində erməniləri bol vədlərlə şirnikləndirən kollektiv Qərbin siyasəti nəticəsində Ermənistanın aqressiv ritorikası daha da artıb.

Nikol Paşinyan sözdə sülhün, stabilliyin və regional təhlükəsizliyin tərəfdarı olduğunu vurğulasa da, əməldə bütün bu məqamların qatı əleyhdarı təsiri bağışlayır.

Birləşmiş Ştatların Bakı ilə bağlı strategiyasına gəldikdə isə, Vaşinqton bizdən Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi layihəsindən və xüsusilə də bu layihənin gerçəkləşməsi üçün İranla təmaslardan birdəfəlik, qəti şəkildə imtinanı tələb edir. Bütün bu absurd, Azərbaycanın ziyanına olan, ölkəmizi zəiflədəcək addımların müqabilində Vaşinqton bizə cüzi maliyyə yardımları təklif edir.

Bakı isə belə sərsəm tələbləri rədd edərək Cənubi Qafqazda dayanıqlı sülhlə stabil təhlükəsizlik mühitinin formalaşması üçün Ermənistanla yekun sülh sazişinin mümkün qədər tez imxalanmasını istəyir. Ermənistanla ikitərəfli, vasitəçilər olmadan danışıqlar təklifi də bölgədəki qüvvələr və maraqlar nisbətinin real təzahürüdür. Aşkar ermənipərəst mövqe tutan ABŞ və ya Fransanın danışıqlarda guya vasitəçilik etməsi isə imzalanacaq sülh sazişində tərəflərin maraqları ilə qüvvələr nisbətinin yox, kənar qüvvələrin maraqlarının əks olunması ilə nəticələnə bilər.

Cənubi Qafqazda sülhün və rifahın yeganə şərti bölgə xalqlarının öz aralarında anlaşmasıdır.

Kollektiv Qərb isə bu anlaşmaya mane olur.

Təhməz Əsədov
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.