Hadisə

Nazirlik Rasim Balayevin ölümü ilə bağlı nekroloq yaydı

29 Mart 2026 16:50
Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli aktyor, Xalq artisti Rasim Balayev vəfat edib.

Milli.Az xəbər verir ki, bu, Mədəniyyət Nazirliyinin R. Balayevin vəfatı ilə bağlı paylaşdığı yazıda qeyd olunub.

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib", - yazıda qeyd olunub.

Əlavə edilib ki, görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayev 29 mart 2026-cı il tarixində, ömrünün 77-ci ilində müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib.

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Rasim Balayev 1972-ci ildə "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi fəaliyyətə başlayıb.

İlk dəfə "Ulduzlar sönmür" filmində çəkilən aktyor sonradan "Nəsimi", "Babək", "Dədə Qorqud", "Həm ziyarət, həm ticarət", "Otel otağı", "Cavid ömrü" və s. filmlərdə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb. O, eyni zamanda onlarla filmdə obrazları səsləndirib.

Rasim Balayevin sənət şöhrəti ölkəmizin hüdudlarını aşıb. Aktyor "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda da filmlərə çəkilib.

1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri idi.

Rasim Balayevin Azərbaycan kinosunun inkişafına verdiyi töhfələr dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.

1976-cı ildə "Əməkdar artist", 1982-ci ildə "Xalq artisti" fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin 1998-ci ildə "Şöhrət", 2018-ci ildə "Şərəf", 2023-cü ildə "İstiqlal" ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Rasim Balayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.