Siyasət

Prezident Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub - VİDEO - FOTO

16 Oktyabr 2023 13:06
Baxış: 790

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına kompleks barədə məlumat verildi.

Bildirildi ki, üçüncü yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaq. Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq.

Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.

Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq.

Dövlətimizin başçısı görüləcək işləri əks etdirən videoçarxa baxdı.

Sonra Prezident İlham Əliyev Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoydu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.