Siyasət

Ölüm zəngi çalınır: kimin üçün?

17 Mart 2023 16:34
Baxış: 2 545

Ermənistanın hakimiyyət dairələri ölkənin taleyi ilə oynamağa davam edir, bölgədəki vəziyyəti maksimum dərəcədə gərginləşdirirlər. Hadisələrin inkişaf məcrası dəyişməzsə, Azərbaycan sərt qərarlar verərək radikal addımlar atmaq məcburiyyətində qalacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ermənistanın yürütdüyü siyasət Cənubi Qafqazdakı vəziyyətin həddən artıq ağırlaşmasına, gərginliyin yuxarı ekstremum həddinə çatdırılmasına və bu minvalla hadisələrin bulanmış sularında erməniləri təmin edə biləcək mənfəət balıqlarının tutulmasına yönəlib.

Lakin İrəvan hələ də dərk etmir və edə bilmir ki, bu sular burulğana çevrilərək onu batıra bilər.

Ermənistanın baş naziri Nikol Paşinyanın son həftədə iki dəfə toplantı keçirərək "kollektiv Qərb" adlanan məkandan aldığı təlimatlar əsasında davranması, isterik bəyanatlar verməsi, 2020-ci ildəki 44 günlük Vətən müharibəsi ərəfəsindəki çağırışları və açıqlamalarının ruhunda ifadələr işlətməsi - bütün bunlar qonşu ölkənin xarici siyasətində ciddi yerdəyişmələr mərhələsinin başlanmasından xəbər verən amillər sayıla bilər.

Paşinyanın ritorikası sərtləşib. O, gah Rusiyanı suçlayaraq "rusiyalı sülhməramlılar üzərlərinə qoyulmuş vəzifə və öhdəlikləri yerinə yetirə bilmədiyi üçün Moskva mütləq BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir" deyərək Rusiyanı faktiki olaraq aşağılayır, gah Qarabağdakı erməni icmasının rəsmi Bakı ilə heç bir müzakirə və danışıqlar aparmayacağına işarə vurur, gah qarabağlı ermənilərin diversiya və terror məqsədli silahlı dəstələrini "ordu" adlandırır, gah da ekstaza qapılaraq Ermənistanın yeni müharibəyə hazır olduğunu dolayısı ilə elan edir.

Ermənistanın baş naziri reallıq hissi ilə yanaşı, bölgədəki mövcud situasiyanı soyuqqanlı və məntiqli şəkildə dəyərləndirmək bacarığını itirib.

Fransanın verdiyi vədlərə şirnikən, NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenin Ermənistana ikigünlük səfərində aldığı messiclərdən cuşa gələn Paşinyanın marazmı o həddə çatıb ki, Rusiyaya ultimatumları sıralayır.

İlk əvvəl o, Ermənistanın KTMT sıralarını tərk etməyə meyilli olduğunu vurğulayırdısa, indi Rusiya Sülhməramlı Kontingentinin "BMT-nin sülhmərmalı korpusu" (!) ilə əvəzlənməsini istəyir.

Rəsmi İrəvanın belə tələbləri siyasi idiotizm və korafəhmlik nümunəsi sayılaraq universitetlərdə siyasi elmlərin tədrisi zamanı ən uğursuz və təhlükəli xarici siyasət nümunəsi kimi iqtibas göstərilə bilər.

Ermənistan rəhbərliyi Fransanın təlimatları və təşviqi, habelə, dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasında Qarabağla bağlı qətnamənin qəbul olunmasına çalışmışdı. Lakin Azərbaycan diplomatiyasının təqdirəlayiq effektivliyi, həmçinin, Rusiyanın, Britaniyanın və daha bir neçə ölkənin mövqeləri nəticəsində ermənilərin niyyətləri puç olmuşdu.

Rusiyalı sülhməramlıların beynəlxalq kontingentlə əvəzlənməsi təklifi Moskvanın səbr kasasını daşdıran son damla olub.

Təsadüfi deyil ki, Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova Ermənistanın baş nazirinin bu açıqlamasını ifrat ironiya ilə şərh edərək deyib: ""Mənə elə gəlir ki, burada heç nəyi uydurmaq lazım deyil. Ölkəmizin üzərinə düşən bütün öhdəliklər dəqiq yazılıb. Siz buna düzgün diqqət yetirmisiniz. Bu öhdəliklər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında yazılıb. Sadəcə, bu sənədi açıb baxmaq lazımdır ki, hansı öhdəliyi ölkəmiz üzərinə götürüb, hansını yox. Bu qədər. Rusiya sülhməramlıları ondan asılı olan hər şeyi edir ki, eskalasiya, yerdə gərginlik olmasın. Bunu öz məsul olduğu zonada edir. Əlbəttə ki, burada bir çox şey bütün tərəflərin hərəkətlərindən və bəyanatlarından asılıdır. Hesab edirik ki, bu bəyanatlar konstruktiv olmalıdır və məqsədi ümumi uğur olmalıdır. Biz Ermənistan tərəfinin bəyanatlarına 2022-ci ilin oktyabrında Avropa İttifaqının himayəsi ilə Praqada keçirilən sammitdə götürülən xəttin davamı kimi baxırıq. Ona görə də biz Qarabağın taleyinə görə məsuliyyəti üçüncü tərəfin üzərinə yıxmağı Ermənistan tərəfinin, Ermənistan rəhbərliyinin vicdanına buraxırıq".

İqtibasın bunca uzun olmasının səbəbi Zaxarovanın açıqlamasının de-fakto Rusiyanın yaxın perspektivdə Ermənistanla bağlı yürüdəcəyi siyasətin konturlarını müəyyənləşdirməyə imkan verməsidir.

Ağır geosiyasi çağırışlar, iqtisadi-maliyyə problemləri və sayı 11 mini keçmiş sanksiyalarla üzləşmiş Rusiya Federasiyası, təbii ki, Cənubi Qafqaz bölgəsindəki mövqeləri itirməmək üçün arsenalındakı bütün vasitələrdən istifadə edəcək.

Azərbaycanı bölgənin gerçək lider ölkəsi, regional reallıqları yaradan və formalaşdıran, idarə edən ölkə kimi qəbul edən Rusiya rəhbərliyi Bakı ilə strateji tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, əməkdaşlığı maksimal dərəcədə genişləndirmək niyyətindədir.

Moskva həm də Cənubi Qafqazda dayanıqlı sülhün və stabilliyin mümkün qədər tez bərqərar olmasına, bölgədəki kommunikasiyaların bərpasına çalışır. Məhz bu səbəbdən Zəngəzur nəqliyyat dəhlizi layihəsi Rusiyanın da regional prioritetləri arasında xüsusi yer tutur.

Azərbaycanla şərti dövlət sərhədinin demarkasiya və delimitasiyası prosesini dalana salan, yekun sülh sazişinin imzalanması ilə bağlı aparılan danışıqlarda az qala hər gün yeni tələb və şərtlə çıxış edən, Qarabağın erməni icmasının Azərbaycana reinteqrasiyasına maneələr yaradan, rusiyalı sülhməramlıların müvəqqəti operativ-nəzarət arealında olan ərazilərdə ermənilərin diversiya və terror qruplarını silahlandıraraq onları "Dağlıq Qarabağ ordusu" kimi qələmə verən Ermənistanın siyasəti ciddi suallarla yanaşı, narahatlıq mənbəyidir.

Rəsmi İrəvanın son vaxtlardakı siyasəti regional geosiyasi oyunçu sayıla biləcək ölkələrlə yanaşı, ABŞ və Avropa İttifaqını da narahat edir.

Vaşinqtonda aparılmış müzakirələrlə yanaşı, Brüsseldə əldə edilmiş razılıqları da pozmağa hazır olduğunu aşkar nümayiş etdirən Ermənistanın mövqeləri bölgədəki nisbi sakitliyi istənilən an partlayışla poza bilər.

İrəvan ölüm zəngini çaldığının fərqində deyil.

Təhlükəli yolla irəliləyişi dayandırmaq üçün ermənilərin hələlik vaxtı var.

Sonra çox gec olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.