Siyasət

Politoloq: "Türkiyənin Rusiya ilə bağlı uzunmüddətli planları var"

13 May 2010 14:20
Baxış: 172
Türkiyə-Rusiya dialoqunda Dağlıq Qarabağ münqaşisəsinin yer alması hər bir halda Azərbaycan üçün müsbət qiymətləndirilməlidir. Ən azı ona görə ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir.

Bu sözləri Milli.Az xəbər portalına politoloq Rasim Musabəyov Rusiya Prezidenti Dmitri Medvedevin Türkiyəyə rəsmi səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Türkiyənin Rusiya ilə bağlı çox uzunmüddətli və geniş miqyaslı planları var. "Azərbaycanla Ermənistan arasındakı gərginlik, bu gərginliyin hər zaman hərbi müstəviyə keçmə ehtimalının olması Türkiyənin planlarına müəyyən risklər yaradır. Ona görə də Türkiyə-Rusiya dialoqunda Dağlıq Qarabağ münaqişəsi xüsusi yer tutur. İki ölkə arasında dərinləşən əməkdaşlıq Dağlıq Qarabağ probleminin tam həllinə nail olmasa da, ən azı onun indiki ölü nöqtəsindən tərpənməsi üçün əlverişli mühit yaradır"- o, əlavə edib.

Politoloqun fikrincə, Rusiya Prezidentinin Ankaraya səfərinin Sürix protokollarının "dondurulmasından" sonra baş verməsi təsadüfidir və bir-biri ilə birbaşa əlaqəli deyil. "Bununla belə,  Rusiya istəyir ki, kommunikasiyalar bərpa olunsun. Amma Türkiyənin də mövqeyi bundan ibarətdir ki, kommunikasiyaların bərpa olunması üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır"- politoloq qeyd edib.

Musabəyov hesab edir ki, son dövrlərdə Türkiyə-Rusiya münasibətlərində sezilən istiləşmə iki ölkəni strateji müttəfiqə çevirməsə də, müəyyən əməkdaşlıq mühiti yaradacaq. "Türkiyə NATO-nun üzvüdür. Bu fakt hələ ki, dəyişməyib. Ona görə də hansısa müttəfiqliyin yaranacağı inandırıcı deyil. Amma ən azı tarixi soyuqluğa, qısqanc münasibətlərə son qoyula bilər. Əvvəllər iki ölkə arasında münasibətlər çox soyuq idi. Birinin uğuru, digərinin məğlubiyyəti kimi dəyərləndirilirdi. İndi isə bu kimi qısqanc münasibətləri əməkdaşlıq mühiti əvəz edə bilər. Bu, regiondakı proseslərə də öz təsirini gösyərə bilər"- deyə, o bildirib.

Aydın A.
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.