Prezident İlham Əliyevin 11 ildən sonra Serbiyaya rəsmi səfəri ikitərəfli münasibətlərimizdə tarixi məqamdır və bir sıra sahələrdə mövcud əməkdaşlığımıza yeni təkan verəcək.
Milli.Az bildirir ki, bunu cümə günü Trend-ə özəl müsahibəsində Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavleviç deyib.
"Bildiyiniz kimi, 2013-cü ildən etibarən iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq çərçivəsində, tam anlaşma və qarşılıqlı maraqlarımıza hörmət şəraitində inkişaf edir. Bu səfər zamanı biz yeddi yeni ikitərəfli sənədlə bu tərəfdaşlığın hüquqi əsasını daha da genişləndirdik, həmçinin iki dövlət başçısının həmsədrliyi ilə Strateji Tərəfdaşlıq Şurası formasında əməkdaşlığımızın daha praktiki aspektlərinin əsasını qoyduq", - deyə o bildirib.
Səfir qeyd edib ki, səfər zamanı siyasi əməkdaşlıq, beynəlxalq arenada qarşılıqlı dəstək, enerji, kənd təsərrüfatı kimi qarşılıqlı maraq doğuran ən mühüm məsələlərin yüksək səviyyədə müzakirəsi mümkün olub.
"Nəhayət, Serbiya prezidentinin dekabrda Bakıya işgüzar səfərini artıq elan etməsi Prezident İlham Əliyevin Belqrad səfərinin bariz nəticəsidir", - D. Vladisavleviç deyib.
İqtisadi əməkdaşlığın perspektiv istiqamətləri
Səfirin dediyi kimi, Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunmamış böyük potensial var.
"İlk növbədə, əlbəttə ki, Serbiyanın enerji təhlükəsizliyini təmin etmək və təmiz enerjiyə keçid prosesini davam etdirmək istəyi kontekstində enerji sektorunu qeyd etmək lazımdır. Bu məqsədlə biz artıq Azərbaycan qazının və elektrik enerjisinin alınması ilə bağlı konkret danışıqlara başlamışıq və hazırda bu danışıqlar sürətlənir", - deyə o əlavə edib.
D.Vladisavleviç qeyd edib ki, kənd təsərrüfatı, xüsusən də Serbiyanın bəzi kənd təsərrüfatı məhsullarının Azərbaycana ixracı baxımından əməkdaşlıq üçün çoxlu imkanlar təklif edən digər sahədir.
"Tikinti sahəsinə gəldikdə, Azərbaycanın "AzVirt" şirkətinin Serbiyada tikinti layihələrində son dərəcə uğurlu iştirakını nəzərə alsaq, əməkdaşlığımız artıq çox yüksək səviyyədədir. Eyni zamanda, işğaldan azad edilmiş Azərbaycan torpaqlarının yenidən qurulması və dirçəldilməsi prosesində Serbiya şirkətləri üçün müxtəlif sahələrdə - tikinti, smart texnologiyalar, İKT və s. layihələrdə iştirak etmək imkanları açılır. Əgər fürsət yaranarsa, Serbiya şirkətləri gözləntiləri qarşılamaq üçün hər cür səy göstərəcək. Təbii ki, bu günlərdə digər çox aktual mövzu kimi beynəlxalq daşımaları da unutmaq olmaz. Regional nəqliyyat qovşağı kimi Azərbaycan bu sahədə böyük potensiala malikdir və Serbiya Şərqi Asiya bazarlarına ən qısa marşrutun bir hissəsi kimi bu nəqliyyat infrastrukturundan istifadə etməkdə çox maraqlıdır", - o vurğulayıb.
O qeyd edib ki, turizm də əməkdaşlığın çox perspektivli, lakin az öyrənilmiş sahələrindən biridir.
"Ölkələrimiz turizm sahəsində birgə fəaliyyət üçün möhkəm hüquqi bazaya və vizasız rejim baxımından mühüm ilkin şərtə malikdir. Bununla belə, hər iki ölkə gənc əhaliyə xüsusi diqqət yetirməklə, öz turizm potensialını qarşı tərəfin vətəndaşları arasında təbliğ etmək üçün əlavə səylər göstərməlidir", - D.Vladisavleviç bildirib.
O, təəssüflə bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin mövcud həcmi ölkələrin lazımi hüquqi bazaya, potensiala və ən əsası aydın liderlik dəstəyinə malik olmasına baxmayaraq siyasi və mədəni əlaqələrin yüksək səviyyəsini əks etdirmir.
"Bu, hər iki tərəfi təkcə qaz, elektrik enerjisi və ya kənd təsərrüfatı məhsulları ticarəti baxımından deyil, həm də Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyamızın fəal işini təmin etmək, ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək, azad iqtisadi zonaların yaradılması və biznes forumlarının daha tez-tez keçirilməsi və ölkələrimizin özəl sektorunun nümayəndələri arasında birbaşa təmasların olması məqsədilə bu potensialı açmaq üçün daha çox işləməyə vadar edir. Əminəm ki, möhkəm dostluğumuz və mükəmməl siyasi əlaqələrimizlə dəstəklənən birgə səylərimiz tezliklə yaxşı nəticələr verəcək", - o əlavə edib.
Serbiyanın Cənub Qaz Dəhlizinə qoşulması
D.Vladisavleviç qeyd edib ki, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti geniş şəkildə qəbul edilir və hazırkı qlobal enerji böhranı fonunda sürətlə artır:
"Regional əlaqə təminatı siyasəti çərçivəsində Serbiya 2022-ci il fevralın 1-də Bolqarıstan ilə qaz interkonnektorunun tikintisinə başlayıb. 2023-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulan boru kəməri ölkəmizə Bolqarıstan və Yunanıstan vasitəsilə Cənub Qaz Dəhlizinə qoşulmağa imkan verəcək və çox ehtiyac olduğu enerji təchizatçılarının diversifikasiyasını və Serbiya üçün enerji təhlükəsizliyini təmin edəcək. Bu səbəbdən də ölkələrimiz yaxın illərdə Azərbaycan qazının potensial alınması ilə bağlı fəal müzakirələrə cəlb olunur".
"Təmiz" enerji sahəsində perspektivlər
Diplomatın qeyd edib ki, Serbiyanın enerji keçidi prosesində olmasına baxmayaraq, lazımi infrastrukturun olmaması səbəbindən ölkədə "təmiz" enerji və bərpa olunan enerji mənbələrindən geniş istifadə olunmur:
"Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində böyük potensiala malikdir və onlardan istifadə üçün, xüsusilə də "yaşıl" elektrik enerjisinin istehsalı və ixracı üçün zəruri infrastrukturun yaradılması üzərində fəal işləyir. Məhz burada biz əməkdaşlıq imkanını görürük. Prezident Vuçiçin Prezident İlham Əliyevlə görüşündə bildirdiyi kimi, Serbiya gələcəkdə Azərbaycan mənbələrindən elektrik enerjisinə çıxış əldə etmək üçün Azərbaycan-Gürcüstan-Rumıniya Qara dəniz sualtı kabel xəttinə qoşulmaqda, Rumıniya və Macarıstanın enerji sistemlərinə qoşulmaqda maraqlıdır".
Milli.Az