Siyasət

İlham Əliyev: "Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir"

13 Oktyabr 2022 09:30
Baxış: 1 254

"Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxışı zamanı bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.

"2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında dünyada BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimiz yenə də yekdil qərar əsasında daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb.

Biz Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstəririk. Azərbaycan Hərəkatın bu məqsədlə təsisatlanması ideyasını fəal şəkildə təşviq edir. Bu baxımdan, Qoşulmama Hərəkatının Azərbaycanın təşəbbüsü ilə yaradılan Parlament Şəbəkəsi və Gənclər Təşkilatı qeyd edilməlidir. Biz COVID-19-dan sonrakı dünya ilə bağlı fikir mübadiləsi aparmaq və Hərəkatın mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti il üçün yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik", - Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.